XX əsrin əvvəllərində Azərbaycanda fəlsəfi fikir Hadisə

XX əsrin əvvəllərində Azərbaycanda fəlsəfi fikir

XIX əsrin fəlsəfi irsi XX əsrdə Azərbaycanda liberal maarifçilik fəlsəfəsi ilə bərabər radikal inqilabi demokratizm və marksizm cərəyanlarının təşəkkülü üçün qaynaq və bünövrə oldu. XX əsrdə Azərbaycan fəlsəfi fikri keyfiyyətcə fərqli bir neçə mərhələ keçib: 1920-ci ilədək, 1920-1991-ci illər və 1991-ci ildən sonrakı postsovet dövrü. XX əsrin əvvəllərində dünyada, ilk növbədə Rusiya imperiyasında sinfi ziddiyyətlər və müstəmləkəçiliyə qarşı mübarizənin inqilablar silsiləsi ilə tamamlanması və bu dövrün mürəkkəb ictimai və fəlsəfi fikrinin Azərbaycanda fəlsəfənin inkişaf qaynaqlarını təşkil etməsi ölkənin siyasi, mənəvi-mədəni və milli intibahı üçün zəmin olmuşdu. Bu illərdə Azərbaycanda, əsasən sosial fəlsəfə və etik fikir inkişaf edirdi. Dövrün ideologiyasını formalaşdıran mütəfəkkir və siyasətçilər sosial-iqtisadi, dini və milli problemlərin qoyuluşuna görə Azərbaycan sosial-fəlsəfi fikrinin keyfiyyətcə fərqli cərəyanlarını təmsil edirlər. Bunların içində liberal milli burjua və radikal marksizm təlimlərinin qarşıdurması mövcud idi.
Şərqə, Qərbə və Rusiyaya siyasi və mədəni yönümlənmədə də fərqlər özünü göstərirdi. Azərbaycanda fəlsəfi fikir 1905-1907 illərə qədər, demək olar ki, tamamilə, sonra isə qismən maarifçilik cərəyanı çərçivəsində inkişaf edib.
Azərbaycanın milli intellektual irsindən çıxış edən rus, Şərq və Qərb mədəni dəyərlərinə və fəlsəfi təlimlərinə yiyələnmiş ziyalılar inanırdılar ki, cəmiyyətin bütün bəlaları cəhalətdən doğur. Onlar maarifçilik ideyalarını, elmi, siyasi və hüquqi bilikləri yaymaqla cəmiyyətin sosial dəyişməsinə, xalqın xoşbəxtliyinə, demokratiya və humanizmin qərarlaşmasına nail olmağın mümkünlüyünə inanırdılar. Bəzi əsərlərdə Azərbaycan maarifçiliyi sosial yönümündən asılı olaraq mülkədar, müsəlman-islahatçı, liberal-demokratik, radikal-demokratik və inqilabi-demokratik istiqamətlərə bölünür. Həmin cərəyanları birləşdirən amillər Rusiya çarizminə neqativ münasibət və milli ideya idi ki, öz təzahürünü millətin suverenliyi və hüquq bərabərliyi tələblərində tapırdı.
Zaman keçdikcə xüsusi mülkiyyətə münasibət məsələsində bu ideoloji cərəyanlar arasında haçalanma kəskinləşirdi. İstiqamətlərdən hər birinin Azərbaycanın dövlət quruculuğu haqqında öz mövqeyi var idi. Xüsusi mülkiyyətə münasibət Azərbaycan Xalq Cümhuriyyətinin ideologiyasını təmsil edən liberal milli burjua-demokratik təmayüllü mütəfəkkirlərin dünyagörüşünü, sosial-fəlsəfi baxışlarını radikal marksist-bolşevik təmayülündən ayırır və zaman keçdikcə onların qarşıdurmasını kəskinləşdirirdi. Azərbaycanın fəlsəfi və ictimai fikri mürəkkəb təkamül yolu keçirdi.
Ziddiyyətli sosial-siyasi proseslər milli ziyalıların dünyagörüşünü dəyişirdi. Məsələn, ölkədə ideoloji mübarizənin müəyyən mərhələsində görkəmli mütəfəkkir Nəriman Nərimanov və b. liberal maarifçilikdən marksizm cəbhəsinə keçmişdilər. Liberal cərəyanın nümayəndələri Əhməd bəy Ağaoğlu (Ağayev), Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə və b. idi. Ə.Ağaoğlu (1868-1939) türk və müsəlman xalqlarının sosial problemlərinin həllini maarifdə görürdü. Sosial fəlsəfədə C.Əfqaninin ideya xəttini davam etdirən Ə.Ağaoğlunun əsərləri Azərbaycan, Türkiyə, Rusiya, Fransa və İngiltərədə çap edilib. Şərqdə və Avropada fəlsəfə, din və bütövlükdə mədəniyyət problemlərini tədqiq edən Ə.Ağaoğlu yeni dövrdə Budda-brahman və İslam mədəni dəyərlərinin Qərb mədəni dəyərlərindən təsirlənməsinin və bu mədəni dəyərlərin sintezinin Şərq aləmi üçün zəruriliyindən yazırdı. Onun "Üç mədəniyyət", "Dövlət və fərd", "İslama görə və islamda qadın", "Sərbəst insanlar ölkəsində" və b. əsərlərində fəlsəfə, sosiologiya, din və etika məsələləri araşdırılır, sosial fəlsəfənin və mədəniyyətşünaslığın elmdə mübahisə doğuran "mədəniyyət", "dil", "din", "millət" və s. kateqoriyalarının tərifi verilir. Ə.Ağaoğlu dinə ehtiramla yanaşmağa və ondan cəmiyyətin maariflənməsi üçün istifadə etməyə çağırır, lakin dinin dövlətdən ayrılmasını tövsiyə edirdi.
Şərq ölkələri, Rusiya və Avropada təhsil almış riyaziyyatçı, həkim, dilçi, rəssam və filosof Ə.Hüseynzadə (1864-1940) XX əsr türk-İslam Şərqinin və Azərbaycan Xalq Cümhuriyyətinin ideologiyasının fəlsəfi əsaslarının yaradıcılarından olub. "Milli Azərbaycan", "İslam bölgəsi miqyasında intibah" və "Turan" konsepsiyalarına görə çar hakimiyyəti tərəfindən təqibə məruz qalan Ə.Hüseynzadə Türkiyəyə mühacirət etmişdi. O, türk xalqlarının inkişafında Şərq-Qərb mədəni sintezinə böyük əhəmiyyət vermiş, türkçülüyün, islamçılığın və avropalaşmanın labüdlüyündən çıxış edərək İslam aləminin aktual vəzifəsini maariflənmə yolu ilə dünya sivilizasiyasına daxil olmaqda görmüşdü. Ə.Hüseynzadə bütün dinlərin humanist ideyalı olduğunu vurğulayır və dinlərə hörmətlə yanaşırdı. Sosial inqilablara zidd olan Ə.Hüseynzadə cəmiyyətin inkişafında yaşıl işığı maarifin simvolu, "qırmızı zülməti" isə inqilabın simvolu kimi qəbul edirdi. Ə.Hüseynzadə bədii-fəlsəfi etik əsərlərində ("Atlanmaq siyasəti" və "Füyuzat") mücərrəd formada türkçülük, türk mədəniyyəti, bəşəriyyətin səadəti və bu səadətin bünövrəsi qismində fəlsəfi kateqoriya kimi məhəbbətdən bəhs edir. O, bütün xalqların xoşbəxtliyini maarif, ittihad və hürriyyətdə görür, Azərbaycana qarşı erməni millətçiliyinin ekspansiyasından bəhs edərkən şovinizm və beynəlmiləlçilik anlayışlarının məzmununu açıqlayırdı.
Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli ideoloqlarından biri və rəhbəri M.Ə.Rəsulzadə (1884-1955) əsasən maarifçiliyin və demokratik ideoloji cərəyanların təmsilçisi, mütəfəkkir, ədəbiyyatçı və siyasi xadim idi. Onun fəaliyyətinin əsas qayəsi "Millətlərə istiqlal, insanlara hürriyyət" şüarında əksini tapıb. M.Ə.Rəsulzadə elə ilk əsərləri ilə millilik və istiqlal carçısı kimi tanındı. O, milli müstəqil Azərbaycan ideyası və dövlət konsepsiyasının banilərindəndir. M.Ə. Rəsulzadənin bu konsepsiyadan bəhrələnən nəzəri irsi, əsasən "Azərbaycan Cümhuriyyəti", "Əsrimizin Səyavuşu", "Milli həmrəylik", "İstiqlal məfkurəsi və gənclik", "Çağdaş Azərbaycan ədəbiyyatı", "Azərbaycan şairi Nizami", "Çağdaş Azərbaycan tarixi" əsərlərində açıqlanıb. Onun fikrincə, milli şüur və milli özünüdərk milli istiqlala aparan yoldur. O, Rusiya, İran və Türkiyə ilə ilhaqa getməyin əleyhinə olub, azad Azərbaycançılıq ideyasına üstünlük vermişdi. M.Ə.Rəsulzadə "kültür", "milli kültür", "mədəni yaşayış", "millilik", "milli dil" kateqorial anlamlarını, sosial fəlsəfənin və kulturologiyanın mühüm nəzəri problemlərini araşdırmışdı. "Əsrimizin Səyavuşu" əsərində M.Ə.Rəsulzadə milli istiqlal ideyası əsasında qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin bütün vətəndaşlarının mülkiyyətindən, cinsindən, mənşəyindən, məsləkindən və s. asılı olmayaraq bərabərhüquqlu olduğunu qeyd edir. Lakin o, bu hüquq bərabərliyini xüsusi mülkiyyətə aid etmir. M.Ə.Rəsulzadə həmin əsərdə yazırdı: "Azərbaycanlılar düşünürdülər ki, mülkiyyəti tamamilə ortadan qaldırmaq indiki vəziyyətdə insanlarda şəxsi təşəbbüs qüvvətini zorakı olaraq ortadan qaldırır. Bu qüvvət olmadıqca dünya nə düzələr, nə də gözəlləşər. Sosial həyat irəliləmədən düşər, insanlar bəsit bir ibtidailiyə doğru dönərlər, dünyanın nizamı pozular".

Zümrüd Quluzadə
professor