Bakıda İŞİD əleyhinə konfrans Hadisə

Bakıda İŞİD əleyhinə konfrans

Sabir Rüstəmxanlı: "Açıq-aşkar görsənir ki, ortaya atılmış "Böyük Orta Doğu projesi"nin reallaşdırılmasına çalışılır"
Əkrəm Fevzi Dərzioğlu: "Yurd-yuvasından didərgin düşən İraq türkmanları və kərküklər yer üzərindən silinir"

Dünən Dünya Azərbaycanlıları Konqresi (DAK) "Yaxın Şərq olayları və İraq türkmənlərinin taleyi" mövzusunda dəyirmi masa keçirib. Tədbirdə çıxış edən DAK-ın həmsədri, millət vəkili Sabir Rüstəmxanlı dünyadakı siyasi, etnik və dini zəmində konfliktlərə diqqəti yönəldib.
Din pərdəsi altında terror aktlarının həyata keçirildiyini deyən S.Rüstəmxanlı bildirib ki, təkcə Kərkükdə hər gün yüzlərlə insan qırılır: "Dünya dövlətləri isə bu insanlara yardım etmir. Türkiyə və Azərbaycan da daxil olmaqla, təəssüf ki, heç kimin bu məsələ ilə bağlı səsi çıxmır. Orada olan başqa millətlərə kömək var, ancaq məhz türkmanlara, İraq azərbaycanlılarına heç bir kömək yoxdur".
S.Rüstəmxanlı deyib ki, bu terrorçu təşkilatlara ABŞ və İsraildən dəstək göstərilir: "İsrail kürdlərə dəstək verir. Açıq-aşkar görsənir ki, ortaya atılmış "Böyük Orta Doğu projesi"nin reallaşdırılmasına çalışılır".
İnternet vasitəsilə tədbirə qoşulan DAK İdarə Heyətinin üzvü, İraq-Türkman Yazarlar Birliyinin sədri Əkrəm Fevzi Dərzioğlu bildirib ki, Azərbaycanda türkmanların taleyinin müzakirə olunması sevindirici haldır. Onun sözlərinə görə, İraqda türkmanlara zülm edilir, onlara kommunal problemlər yaradılır, çörək verilmir: "Kimi çadırlarda, kimi məktəblərdə yatır. Yurd-yuvasından didərgin düşən İraq türkmanları və kərküklər yer üzərindən silinir. BMT və beynəlxalq təşkilatlar hüquqları tapdanan türkmanlara heç bir yardım etmirlər. 2003-dən bu günə kimi İraq azərbaycanlılarına zülm edilir. Buna görə də biz bütün türk dünyasına səslənir, onlardan kömək istəyirik".
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə çıxışında bildirib ki, Qarabağda gedən proseslər bu gün İraqda baş verir: "Heç kim üçün sirr deyil ki, nə İŞİD, nə də Əl-Qaidə müsəlmanların işi deyil. Bu təşkilatların başında dayananların əksəriyyəti qeyri-müsəlmanlardır. Onlar islam və türk dünyasını məhv etmək məqsədi güdürlər. Bu gün İraqda baş verənlər hadisələrin birbaşa Azərbaycana da təsiri ola bilər. Yaradılacaq kürd dövləti alət kimi türklərə qarşı istifadə olunacaq. Bu baxımdan, DAK dövlət səviyyəsində bu məsələnin qarşısını almaq üçün təşəbbüs göstərməlidir".
Sonda DAK adından qurumun həmsədri, millət vəkili Sabir Rüstəmxanlı dünya birliyinə, beynəlxalq təşkilatlara Şərqdə baş verən hadisələrlə bağlı müraciət edib.