“Əlvida söyləmədən...” Hadisə

“Əlvida söyləmədən...”

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MSK) təşkilatçılığı ilə “Azərkitab” Kitab Mərkəzində M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının fəxri oxucusu Sevinc Ağa Xəlilqızının (Basqallı) “Əlvida söyləmədən...” kitabının təqdimatı keçirilib. MSK-dan bildirilib ki, əvvəlcə ölkəmizin müstəqilliyi uğurunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqlik sükutla yad olunub.
Tədbirdə müəllif çıxış edərək kitabla bağlı məlumat verib. Bildirib ki, yeni nəşr Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Vətənə və Azərbaycanın ərazi bütövlüyünə həsr olunmuş sitatları ilə başlanır. Daha sonra kitabda Prezident İlham Əliyevin vətənpərvərlik haqqında sitatları yer alır. Vurğulanıb ki, kitabda Dağlıq Qarabağda baş vermiş hadisələr və Qarakənd faciəsindən də bəhs edilir. Müəllif tarixi faktları araşdıraraq xatırladıb ki, bugünkü Ermənistan ərazisinin 82 faizi Azərbaycan torpaqlarıdır. Zəngəzur, Dərələyəz, İrəvan xanlığı, Göyçə mahalı, Göyçə gölü bizim ata-baba yurdlarımızdır. Kitabda şəhidlər haqqında tarixi məlumatlar əks olunub, şeirlər verilib. Qarakənd yaxınlığında Azərbaycana məxsus hərbi helikopterin ermənilər tərəfindən vurulmasına həsr olunmuş povest də kitabda əsas yer tutur.
Bakı Dövlət Universitetinin (BMA) dosenti, filologiya üzrə fəlsəfə doktoru, kitabın məsləhətçisi Tahir Cəfərli kitab haqqında geniş danışıb, Qarabağ uğrunda həlak olan bütün şəhidləri qəhrəman adlandırıb. Kitabın məsləhətçisi, tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova qeyd edib ki, Qarabağ uğrunda mübarizə Azərbaycanın ən yeni tarixinin əsas səhifələrindən biridir. Kitabın redaktoru, Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Azərbaycan Yazıçılar Birliyinin(AYB) üzvü Dəyanət Osmanlı vurğulayıb ki, kitabda xronoloji ardıcıllıqla çox mühüm faktlar öz əksini tapıb.
Tədbirdə şair-qəzəlxan, AYB-nin üzvü Zülfüqar Həbibi, Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti, pedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Qafar Əsgərzadə, “Yeni təfəkkür” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Şəmsiyyə Kərimova, BDU-nun dosenti, tarix elmləri üzrə fəlsəfə doktoru Atamoğlan Məmmədli, yazıçı-publisist, “Elm və təhsil” qəzetinin baş redaktoru Pərixanım Muradova və başqalarının çıxışları dinlənilib. Tədbir şəhidlərin xatirəsinə həsr olunmuş bədii hissə ilə davam edib.