Bakı məktəblərində 20 Yanvara həsr olunmuş xüsusi dərslər keçirilib Hadisə

Bakı məktəblərində 20 Yanvara həsr olunmuş xüsusi dərslər keçirilib

Ümumi təhsil müəssisələrində yanvarın 17-də 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş xüsusi dərslər keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata əsasən, dərslərdə ilk olaraq xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dərsləri tədris edən müəllimlər Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə söhbət açıblar. Eləcə də 20 Yanvar hadisələrinin nəticələrindən, şəhid kimi əbədiyyətə qovuşan Vətən övladlarının şücaətindən bəhs olunub.
Xalqımızın qəhrəmanlıq tarixi və mübarizə ruhu barədə şagirdlərin fikirləri dinlənilib, “Hər kəs Vətən qarşısındakı borcunu yerinə yetirmək üçün nə etməlidir?” mövzusunda müzakirələr aparılıb.
Həmçinin Tədbirlər Planına əsasən, təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş kitab, foto və rəsm sərgisi, ədəbi-bədii kompozisiyalar təşkil olunub, konfrans, seminar, mühazirə və “Dəyirmi masa”lar keçirilib.
Qeyd edək ki, 20 Yanvar faciəsinin otuzuncu ildönümü ərəfəsində paytaxt məktəblərinin pedaqoji kollektiv və şagirdlərinin Şəhidlər xiyabanına ziyarəti davam edir.