Uşaqların internetdə təhlükəsizliyinin təmin olunması problemi Hadisə

Uşaqların internetdə təhlükəsizliyinin təmin olunması problemi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsinin 2020-ci il üzrə fəaliyyət planı dinlənilib. İnstitutdan bildirilib ki, planı təqdim edən fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov rəhbərlik etdiyi şöbədə proqram mühəndisliyinin nəzəri əsasları və proqram sistemlərinin keyfiyyət göstəricilərinin araşdırılması üzrə tədqiqatlar aparılacağını diqqətə çatdırıb. Qeyd edib ki, bu məqsədlə intellektual proqram sistemlərinin sintezi, proqram təminatının etibarlılığının artırılması üçün metod, alqoritm və modelin işlənilməsi, sınaq metodlarının araşdırılması, zərərli proqram təminatının statik və dinamik analizi metodlarının tədqiqi nəzərdə tutulur.
Məruzəçi informasiya təhlükəsizliyinin təmin olunması problemi üzrə aparılacaq tədqiqatlardan bəhs edərək bu məqsədlə intellektual texnologiyaların tətbiqi ilə uşaqların internetdə qorunması metodlarının işlənilməsi mövzusunda araşdırma aparılacağını da diqqəti çatdırıb. O, şöbənin elmi-innovasiya fəaliyyətindən söz açaraq proqram mühəndisliyi sahəsində dərs vəsaitinin hazırlanması, intellektual texnologiyaların tətbiqi ilə uşaqların internetdə qorunması üçün metodlar işlənilməsi və proqram mühəndisliyində Soft Computing metodları əsasında adaptiv proqram təminatının etibarlılığı və məhsuldarlığının artırılması üçün metod və alqoritmlərin işlənilməsi ilə bağlı qrant layihələrdə iştirakın nəzərdə tutulduğunu vurğulayıb.
Şöbə müdiri, həmçinin beynəlxalq və respublika səviyyəli konfranslarda iştirak, Azərbaycan Respublikasının Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunmuş jurnallarda elmi məqalələrin dərc olunması, şöbənin elmmetrik göstəriciləri, elmi-praktiki nəticələrin КİV-də təbliği ilə bağlı görüləcək işlər barədə məlumat verib.
T.Kazımov beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı istiqamətində nəzərdə tutulan işlərdən danışıb, Rusiya, Çin, Türkiyə, Qazaxıstan və Ukraynanın bir sıra elmi mərkəzləri və universitetləri, eləcə də dünyanın nüfuzlu elmi jurnalları və portalları ilə əməkdaşlıq əlaqələrinin davam etdirilməsinin planlaşdırıldığını nəzərə çatdırıb.
Sonra AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev şöbənin fəaliyyət planı ilə bağlı təklif və tövsiyələrini səsləndirib. Alim şöbədə proqram mühəndisliyi, uşaqların internetdə təhlükəsizliyinin təmin olunması və biometrik texnologiyaların araşdırılması sahəsində aparılan tədqiqatların daha da dərinləşdirilməsini tövsiyə edib. Sonda müzakirələr aparılıb, suallar cavablandırılıb.