Hacı titulunun kölgəsində yatanlar Hadisə

Hacı titulunun kölgəsində yatanlar

Və yaxud şadlıq sarayında baş verənlər

Arzu Şirinova

Hər il toy və yas mərasimlərilə bağlı yaşananlardan və bu yaşananların insanlara pis təsir etdiyindən danışırıq, yazırıq, ekspert rəylərini oxuyuruq və s. Ancaq əməli tədbiri görmürük. "Naxçıvan nümunəsi" başlıqlı yazımda qeyd etdiyim kimi, bəzilərinin qərəzli olaraq tənqid etməsinə baxmayaraq Naxçıvanda bir neçə il bundan öncə artıq əməli tədbir görüldüyündəndir ki, yas mərasimlərində təmtaraqlı yemək məclisi yığışdırılıb. Son günlər isə görünən budur ki, yas mərasimlərinində dünyasını dəyişənin yaxınının xərcə düşməməsi, varlısından tutmuş kasıbına qədər olan insanların eyni qayda ilə süfrə açması-halva, çay və xurma verməsi-bütün Azərbaycanda tətbiq olunacaq. Bunun işartısı Sumqayıtda görünüb. Belə ki, Sumqayıt icra hakimiyyətinin başçısı Eldar Əzizovun göstərişilə yas mərasimlərində məlum təmtəraq və israfçılıq qadağan olunub. Və Mənzil İstismar İdarələrinə tapşırıq verilib ki, kimliyindən asılı olmayaraq bu hal baş verərsə dərhal yeməklər müsadirə olunaraq qocalar və uşaq evlərinə aparılsın.
Kimliyindən asılı olmayaraq demişkən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı xalqın israfçılığa qarşı etirazlarını əsas götürərək bu yaxınlarda vəfat etmiş qardaşının hüzüründə sadə ehsan süfrəsi verməklə nümunə göstərib. Güman ki, Mübariz Qurbanlının vəzifəyə başlayanda rəhbərlik etdiyi qurumun nələri ilk olaraq həyata keçirəcəyilə bağlı planları olub. Bu məsələ də həmin planlardan biri ola bilər. Çünki insanlar yas mərasimlərində zəngin süfrələrin təşkil olunması üçün düşdükləri borc-xərcdən təngə gəliblər. Bəli, hər şeyi öz adıyla adlandırsaq, məhz təngə gəliblər. Artıq bu sahədə dönüş yaranıb və güman ki, ayrı-ayrı yerlərdə rəhbər şəxslərin qadağaları qanunla tənzimlənəcək.
Toy mərasimləri isə yas mərasimlərindən də israfçılıq baxımından bərbad gündədir.
Bu barədə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a öz münasibətini bildirib: "Şadlıq saraylarında rüsvayçı vəziyyət yaranıb. Xaricilər də toy edir, masaya uzağı 3 növ yemək gətirilir və bununla da məsələ bitir. Amma bizdəki şadlıq saraylarının lobbiçiləri buna imkan vermir.
Bir sözlə, bu gün şadlıq saraylarında soyğunçuluqdan söhbət gedir və bunun başqa adı yoxdur. Uzun illərdi bu problemlər mətbuatda da müzakirə olunur. Toylarda musiqinin səsiylə bağlı millət cana doyub. Ora dəvət olunan müğənnilərin də əksəriyyəti gətirib disklərini qoyurlar, heç canlarına cəfa basıb oxumurlar. Ona görə də səsi həddindən artıq güclü edirlər ki, heç kim heç nə başa düşməsin. Digər tərəfdən, həmin restoranların sahibləri həmin səsi qəsdən, məqsədyönlü şəkildə ucadan verirlər ki, insanlar durub qaçsınlar. Siz diqqət yetirin, toy başlayandan uzağı bir saat sonra gələnlərin 75 faizi durub gedirlər. Yəni bəyin yaxın qohum-əqrəbasından başqa demək olar ki, heç kim o səs-küyə tab gətirə bilməyərək oradan qaçıb canını qurtarmağı qənimət bilir. Restoran sahibi bunu qəsdən edir ki, camaat axıradək oturub yeməsin və əlavə sifariş verməsin. Yəni bir var 500 nəfərə kabab gətirə, bir də var 350 nəfər artıq çıxıb gedib, o zaman 150 nəfərə gətirir. Yəni insanların əsəbləriylə oynayırlar və kimsədən də qorxu-ürküləri yoxdur. Baxırsan bir zala 4 böyük "kalonka"lar qoyublar. Biləsiniz ki, o cür yüksək səs də xərçəng xəstəliyinin törədicilərindən biridir. O cür aşırı səs orqanizmi, əsəb sistemin məhv eləyir və hüceyrlərin parçalanmasını tezləşdirir. Azərbaycanda vüsət alan xərçəngin bir səbəbi də həmin toylardı. Çox təəssüf ki, dəfələrlə cəhd olunsa da bunun tənzimlənməsinə icazə verilmir. Ona görə ki, o restoranların çoxu elə insanlara bağlıdırlar ki, onlar bu cür eybəcərliklərə qarşı tədbir görülməsinə mane olmaq imkanına malikdirlər."
...Bu günlərdə şahidi olduğum toy mərasimindən və övladına toy edən şəxsin düşdüyü durumdan söhbət açmaq istəyirəm. Xanım deyir ki, bir neçə şadlıq evini gəziblər, onlara elə qiymətlər təklif ediblər, əlacsızdıqdan ucuz yerlə kifayətləniblər. Getdikləri nisbətən ucuz şadlıq sarayında bunları inandırıblar ki, şadlıq sarayının sahibi həccə gedib gəlib, çox dürüst və təmiz biridir. Hətta yeməklər bişirilən vaxtdan başlamış axıra kimi otağında quraşdırdığı kamera ilə mətbəxi izləyir. Təbii ki, mətbəxtdə baş verə biləcək oğurluq hallarına da göz yummur, anındaca həmin şəxsin cəzasını verir. Toy sahiblərini söhbəti gedən hacının otağına aparırlar. Doğrudan da görürlər ki, hacı qarşısında pürrəngi çay kamera vasitəsilə bütün otaqları, toy zalını və mətbəxi izləyir. Hacı özü toy sahiblərinə söz verir ki, bütün toylarda olduğu kimi onların da toyunda köhnə yeməklər və vaxtı keçmiş məhsullar olmayacaq. Bu adamlar hacıya inanıb şadlıq sarayını behləyirlər....
Toy günündə isə vəd olunanların əksini yaşayıblar. Mən şəxsən həmin toyda ət yeyə bilmədim. Çnki iylənmişdi. Salatlar köhnə idi. Sərinləşdirici içkilər isə sanki xüsusi sexlərdə doldurulmuşdu. Qəribə tamı vardı. Bunu görən qonaqlar, söhbət qohumlardan getmir, toya nəmər olaraq nəzərda tutduqlarından az pul saldılar. Və əksəriyyətin yeməklərin heyfini toy sahibindən çıxmalarının nəticəsi olaraq toyda yığılan pul xərci borcunu ödəmədi...