ABŞ Alyaskadakı strateji aviasiya bazasını modernləşdirmək üçün 7 milyard dollar ayırır Gündəm

ABŞ Alyaskadakı strateji aviasiya bazasını modernləşdirmək üçün 7 milyard dollar ayırır

ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) Hərbi Hava Qüvvələrinin strateji əhəmiyyətli Arktika və Sakit okean regionlarındakı gələcək əməliyyatlarını dəstəkləmək üçün Alyaskadakı əsas qırıcı aviasiya bazasının irimiqyaslı modernləşdirilməsinə başlamağa hazırlaşır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə HHQ və Mühəndislər Korpusunun məlumatlarına istinadən "The War Zone" nəşri xəbər verib.

Ankoricdəki "Elmendorf-Riçardson" birgə aviasiya bazasının yenidən qurulması və genişləndirilməsinə təxminən 7 milyard dollar ayrılır. Layihə çərçivəsində zəif tərəflərin azaldılması və müharibə dövründə kritik əhəmiyyətli əməliyyatların davam etdirilməsi imkanlarının təmin olunması üçün tədbirlər görüləcək. Bazanın bütün infrastrukturunun yenilənməsi, o cümlədən iki uçuş-enmə zolağının genişləndirilməsi, müxtəlif mühafizə dərəcəsinə malik təyyarələr üçün yeni anqarların və böyük təlim-sınaq kompleksinin tikintisi planlaşdırılır.

Aviasiya bazasında onlarla beşinci nəsil "F-22" qırıcıları, həmçinin "E-3 Sentry AWACS" uzaq mənzilli radiolokasiya aşkaretmə və idarəetmə təyyarələri qrupu və "C-17 Globemaster" ağır nəqliyyat təyyarələri ilə yanaşı, "RC-135V/W Rivet Joint" strateji radioelektron kəşfiyyat təyyarələri də yerləşdiriləcək. Nəşrin qeyd etdiyinə görə, bu, həmin tip təyyarələrin əməliyyatlarına artan tələbatı əks etdirir, çünki aviasiya bazası Sakit okeanın şimal hissəsində və getdikcə strateji əhəmiyyəti artan Arktika regionunda maraq doğuran ərazilərdə kəşfiyyat məlumatlarının toplanması üçün olduqca əlverişli mövqedə yerləşir.

Nəşr həmçinin vurğulayır ki, aviasiya bazası strateji yerləşməsinə görə gələcəkdə ilk uçuşu 2028-ci ildə gözlənilən altıncı nəsil "F-47" görünməz qırıcılarını da qəbul etməlidir. Onlar aviasiya bazasının mərkəzi elementi və regionda HHQ-nin döyüş effektivliyinin artırılmasında ən mühüm amil olacaqlar. Nəşr qeyd edir ki, bunu nəzərə alaraq, qırıcı bazasının modernləşdirilməsi proqramının ən azı bir hissəsi xüsusi olaraq "F-47" təyyarələrinin tələblərinə uyğunlaşdırılacaq.

Məryəm Quliyeva