11:12
952
ABŞ Prezidenti Administrasiyası Konqresdən, o cümlədən İranla müharibəyə yönəldilmək üzrə 87,6 milyard dollar məbləğində əlavə maliyyə vəsaiti sorğu edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "CNBC" telekanalı məlumat yayıb.
Məlumata görə, müvafiq sorğunu Ağ Evin İnzibati-Büdcə İdarəsinin direktoru Rassel Vout Nümayəndələr Palatasının spikeri Mayk Consona göndərib. Sənədə əsasən, Pentaqona sursat tədarükü və ABŞ-ın sənaye bazasının gücləndirilməsi üçün 21 milyard dollar lazımdır. Daha 1,4 milyard dollar Ebola virusu ilə mübarizəyə, 768 milyon dollar isə nüvə və enerji təhlükəsizliyinin təmin edilməsinə istənilib.
Bundan əlavə, sənəddə amerikalı fermerlərin dəstəklənməsinə 10 milyard dollar, Vaşinqtondakı bərpa və tikinti layihələrinə 500 milyon dollar, Nyu-Yorkdakı vağzallardan birinin yenidən qurulmasına isə 1 milyard dollar tələb olunduğu göstərilir.
Materialda vurğulanır ki, "populyar olmayan müharibənin maliyyələşdirilməsi"nə səs vermək zərurəti 2026-cı ilin aralıq seçkiləri ərəfəsində respublikaçılar üçün mürəkkəb siyasi vəziyyət yarada bilər.
Məryəm Quliyeva