İƏTPİ Konfransının 20-ci sessiyasında Bakı Bəyannaməsi qəbul edilib Siyasət

İƏTPİ Konfransının 20-ci sessiyasında Bakı Bəyannaməsi qəbul edilib

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası çərçivəsində Bakı Bəyannaməsi qəbul edilib.

APA xəbər verir ki, Bəyannamədə İƏT Parlament İttifaqının Nizamnaməsində təsbit olunmuş məqsədlərə sadiqlik, həmçinin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nizamnaməsi, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və beynəlxalq hüququn məqsəd və prinsiplərinə hörmət etmək öhdəliyi bir daha təsdiq edilib.

Bəyannamədə 1967-ci il sərhədləri daxilində müstəqil və suveren Fələstin dövlətinin yaradılmasına dəstək ifadə edilib.

Bundan başqa Kipr probleminin danışıqlar yolu ilə, davamlı və uzunmüddətli həllinin tapılmasının vacibliyi vurğulanıb.

Cammu və Kəşmir xalqı ilə bir daha həmrəyliyik ifadə edilib, BMT Təhlükəsizlik Şurasının və İƏT-in müvafiq qətnamələrinə, eləcə də Kəşmir xalqının iradəsinə uyğun olaraq onların öz müqəddəratını təyin etmək hüququna tam dəstək bildirilib.

ABŞ və İran arasında imzalanmış Anlaşma Memorandumu alqışlanıb və memorandumun maddələrinin icra ediləcəyinə və bunun regional, eləcə də beynəlxalq sülh və təhlükəsizliyə töhfə verəcəyinə ümid ifadə edilib.

Eyni zamanda İƏT Parlament İttifaqı komitələrinin hesabatları qəbul olunub.

Qeyd edək ki, 400-dən artıq nümayəndənin iştirak etdiyi tədbir bu gün yekunlaşacaq.