12:02
1 400
Vaşinqton Brüsselə xəbərdarlıq edib ki, əgər ittifaq metanla bağlı sərt qaydalarını dəyişməsə, Aİ-yə mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü dayandırıla bilər.
Xalqcebhesi.az xəbər verir ki, bunu ABŞ-ın energetika naziri Kris Rayt bəyan edib.
"Metanla bağlı bu qaydada ciddi islahat aparılmasa, Avropa tamamilə lazımsız dərəcədə böyük çətinliklərlə üzləşəcək", — deyə Energetika Nazirliyinin rəhbəri "Bloomberg" agentliyinə bildirib. Raytın sözlərinə görə, "söhbət eskalasiyadan getmir". "Enerji resursları tədarük ediləcək, sadəcə onlar başqa yerə yönəldiləcək", — deyə nazir vurğulayıb.
Ekspertlər qeyd edirlər ki, belə bir ultimatum xarakterli tələb Aİ-nin ABŞ və digər LNG ixracatçılarının təzyiqi altında öz ekoloji standartlarını dəyişmək istəməməsi fonunda səsləndirilib.
Aİ-nin 2027-ci ildə qüvvəyə minəcək metan emissiyalarının azaldılması ilə bağlı yeni tələbləri neft-qaz şirkətlərini bütün tədarük zənciri boyunca doymuş karbohidrogen sızmalarını ölçməyə, nəzarətdə saxlamağa və qarşısını almağa məcbur edir. Brüssel gələn ildən etibarən bu ekoloji qaydalara əməl etməyən idxalçılarla müqavilə bağlanmasını dayandırmağı planlaşdırır.
Məryəm Quliyeva