“Bu, Rusiyanın Avropaya növbəti siyasi xəbərdarlığıdır” Gündəm

“Bu, Rusiyanın Avropaya növbəti siyasi xəbərdarlığıdır”

Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Dmitri Polyanski Avropanın Rusiya ilə qarşıdurmada təhlükəli bir nöqtəyə yaxınlaşdığını qeyd edib.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva xalqcebhesi.az-a bildirib ki, bu açıqlama Rusiyanın Avropaya növbəti siyasi xəbərdarlığı kimi oxunmalıdır: “Moskva demək istəyir ki, Ukraynaya verilən hərbi, texnoloji və hava məkanı dəstəyi artıq sadəcə “yardım” deyil, birbaşa qarşıdurmaya yaxınlaşan prosesdir. Xüsusilə Baltik regionu burada ən həssas xəttə çevrilir, çünki həm NATO sərhədləri, həm də Rusiyanın təhlükəsizlik iddiaları eyni nöqtədə toqquşur. Bu mərhələdə əsas risk təsadüfi insidentin, PUA-nın vurulması, hava məkanının pozulması və ya yanlış hesablanmış hərbi cavabın daha böyük böhrana çevrilməsidir”.

Politoloqun sözlərinə görə, prosesin ardında Avropa ilə Rusiya arasında ritorikanın daha da sərtləşməsi, Baltik və Şərqi Avropada hərbi hazırlığın artırılması, Ukraynaya PUA və hava hücum imkanları üzrə dəstəyin genişlənməsi görünə bilər: “Amma tammiqyaslı NATO-Rusiya müharibəsi hələ də ən arzuolunmaz və hamının çəkinməyə çalışdığı ssenaridir. Ona görə də tərəflər bir tərəfdən təzyiqi artıracaq, digər tərəfdən qarşıdurmanın nəzarətdən çıxmaması üçün diplomatik kanalları tam bağlamamağa çalışacaqlar. Yəni yaxın dövrdə bizi daha çox “bir addım müharibəyə yaxın, bir addım diplomatiyaya bağlı” gərgin və riskli mərhələ gözləyə bilər”.

Röya İsrafilova