“Tibbi sığorta lazımdır və eyni zamanda zəruridir” Hadisə

“Tibbi sığorta lazımdır və eyni zamanda zəruridir”

Əli Əlirzayev: "Bu zaman həm dövlətin maliyyə imkanları çoxalır, həm də vətəndaşların sağlamlıq təminatı üçün zəmanət yaranır"

Azərbaycanda icbari tibbi sığortaya keçidlə əlaqədar olaraq səhiyyə sisteminin idarə olunması da dəyişəcək. Bu barədə nazirin müavini Əli Əhmədov bildirib. Onun sözlərinə görə, sə0hiyyə müəssisəsinin dövlət hesabına indiki formada maliyyələşməsi daha yaxşı xidmət təklif etməyə, vəsaitlərdən səmərəli istifadə etməyə həvəsləndirmir: "Təqdim olunan xidmətin keyfiyyətindən asılı olmayaraq səhiyyə müəssisəsi ayrılan dövlət vəsaitini alır, həkimlərin və tibb personalının məvacibləri isə vaxtlıvaxtında ödənilir. Nəticədə səhiyyə müəssisəsində bir növ, arxayınçılıq ab-havası yaranır". İcbari tibbi sığortaya keçid isə vəziyyəti dəyişəcək: "İcbari tibbi sığortaya keçid bu ab-havanı birdəfəlik sındırır, çünki səhiyyə müəssisəsi göstərdiyi xidmətin kəmiyyətinə və keyfiyyətinə müvafiq olaraq maliyyələşəcək. İndi artıq hər manatı qazanmaq lazım gələcək".
Bu proses xəstəxanaların idarə edilməsi prinsipini də dəyişəcək. Baş nazirin müavini bildirib ki, xəstəxana rəhbəri yalnız büdcədən ayrılan vəsaiti bölüşdürməklə öz işini bitmiş hesab edə bilməyəcək, əksinə, müəssisənin saxlanılması və məvaciblərin verilməsi üçün vəsait qazanmaq qayğısı ilə yaşamalı olacaq. Ənənəvi "baş həkim" rolu "menecer baş həkim" rolu ilə əvəzlənəcək.
Əli Əhmədov bildirib ki, hökumət xəstəxanaları özəlləşdirmək niyyətində deyil. Onun sözlərinə görə, bəzi ölkələr icbari tibbi sığortaya keçidlə bağlı xəstəxanaları özəlləşdiriblər, amma bizdə belə olmayacaq: "Hesab edirəm ki, Azərbaycanda dövlətin böyük qayğısı nəticəsində səhiyyənin infrastrukturu əsaslı surətdə yeniləşib, müasirləşib, bu səbəbdən də onların özəlləşməsinə ciddi ehtiyac yoxdur. Yaxın gələcəkdə belə bir ehtiyacın yaranacağı da inandırıcı görünmür". Lakin dövlət səhiyyə müəssisələrinin hüquqi mənsubiyyətini dəyişdirmədən onların idarə edilməsində köklü dəyişiklik edilməlidir. Xəstəxanalar özünü maliyyələşdirən hüquqi şəxs kimi fəaliyyət göstərməlidir.
Səhiyyə sistemində digər dəyişiklik buradakı inzibatçılıqla bağlı olacaq. Əli Əhmədovun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar olaraq səhiyyə inzibatçılığı sadələşməlidir: "İcbari tibbi sığorta bir sıra inzibatı vəsilələri və mənasız inzibati xərcləri lüzumsuz edəcək. Düşünürəm ki, təhsilin regional idarəçiliyində həyata keçirilən islahat və yaradılan idarəçilik modeli tamamilə səhiyyə sahəsinə də tətbiq edilə bilər".
Bəs ekspertlər bu barədə nə düşünürlər?
Ekspertlər hesab edirlər ki, sağlamlığın sığortalanması həm tibb işçilərinin maddi vəziyyətinin yaxşılaşdırılması üçün, həm də vətəndaşların müayinə və müalicəsi üçün çox faydalıdır: "Bunların müqabilində isə ölkəmizdə sığortanın bu növü üzrə kifayət qədər təcrübə var. Ən azından ölkəmizdəki bir sıra tanınmış yerli şirkətlərin əməkdaşları könüllü tibbi sığortadan çox rahat yaralanırlar".
Sığorta üzrə ekspert Mustafa Abbasbəylinin sözlərinə görə, Səhiyyə Nazirliyinin də mövqeyi dəyişməlidir: "Həkimlər hər hansı bir formada motivasiya olunmalıdırlar ki, xəstənin hansı formada müraciət etməsindən asılı olmayaraq, bu onun aylıq məvacibində öz əksini tapsın. Səhiyyə Nazirliyi, səhiyyə müəssisələri və sığortaçılar arasında şəffaf bir bağlantı olmalıdır".
Millət vəkili Hadi Rəcəbliyə görə, tibbi sığortanın müsbət tərəflərinin birincisi odur ki, həkimin yanına gedən pasiyent ona kart təqdim edəcək. Həkimin göstərdiyi xidmətin haqqı o kartdan silinəcək. Bu, digər neqativ halların qarşısını alacaq. Həkim də karta əsasən göstərdiyi xidmətin dəyərinin müəyyən faizini əməkhaqqı kimi alacaq: "Beləliklə, burada iki məsələ həllini tapır. İlk növbədə həkimi aşağılayan "təşəkkür xərci" aradan qaldırılır. İkinci isə, həkimin əmək haqqı yüksəlir. Digər bir məsələ də ondan ibarətdir ki, əhalinin sağlamlığının qorunmasında artıq cəmiyyət özü iştirak edir. Hər şeyi dövlətin üzərinə yıxmaq olmaz, cəmiyyət və özəl şirkətlər bu məsələdə iştirak edərsə, sığorta haqqı ödənilərsə, sahibkar da maraqlı olacaq ki, onun işçisi xəstələnməsin".
Səhiyyəyə ayrılan vəsait son on ildə bir neçə dəfə artıb, bu sahədə maddi-texniki baza yüksəlib. Büdcədən ayrılan vəsaitin bir hissəsini sığorta vəsaiti hesabına ödəsək, büdcə vəsaiti bir az artıq qalar. Qalan vəsaiti isə əməkhaqqına və maddi-texniki bazanın yüksəlməsinə yönəltmək olar. Hadi Rəcəbli bunun necə tənzimləndiyini belə izah edir: "İşə götürən pulu sığorta agentliyinə köçürür, sığorta agentliyi isə ayın sonunda göstərdiyi xidmətə görə pulu tibb müəssisəsinə köçürür. Bu zaman sığorta şirkəti maraqlı olacaq ki, xəstələrə xidmət olunsun".
İqtisadçı ekspert Vüqar Bayramova görə, bu sığorta növünün tətbiqinin yalnız səhiyyə deyil, eyni zamanda digər sektorlara, o cümlədən əhalinin xərclərinin strukturuna da müsbət təsirləri var: "İcbari sığortanın tətbiq edilməsi səhiyyənin maliyyələşdirmə bazasını dəyişməklə bu sahədəki neqativ halların azaldılmasına səbəb olacaq. Bu sistemin tətbiqi sığorta şirkətlərinin gəlirlərinin artmasına gətirib çıxaracaq. Eləcə də sözügedən islahat vətəndaşların səhiyyə xərclərinin azalması səbəbindən pullarına qənaət etməsinə və o cümlədən aztəminatlı və ya işsiz statusu olan insanların səhiyyə xidmətindən yararlanmasına imkan yaradacaq".
Rusiya Tibb-Texnoloji Akademiyasının akademiki Qalib Əliyev də hesab edir ki, bu sistem dünyanın inkişaf etmiş ölkələrinin səhiyyə sistemini inkişaf etdirdiyi kimi, Azərbaycan səhiyyəsini də inkişaf etdirəcək. Bu sistemin dünyanın əksər ölkələrində tətbiq olunduğunu deyən Qalib Əliyevin fikrincə, icbari tibbi sığortanın tətbiqi nəticəsində Azərbaycan səhiyyəsinin həm özəl, həm də dövlət sektoru inkişaf edər. İcbari tibbi sığortanın tətbiqi eyni zamanda tibb personalına əməkhaqqının ödənilməsi sisteminə də müsbət təsir göstərə bilər. Qalib Əliyevin sözlərinə görə, bu sistem əsasında pasiyentlər yaxşı xidmət göstərməyən tibb müəssisələrini daha yaxşı görə biləcəklər, onların seçim etmək imkanları artacaq. Nəticədə yaxşı xidmət göstərməyən tibb müəssisələrinə gələn pasiyentlərin sayı azalacaq. Sığortanın tətbiqi əhalinin sağlamlıq durumunun yaxşılaşmasına da ciddi təsir göstərəcək.
Məsələyə münasibət bildirən iqtisadçı alim Əli Əlirzayevin sözlərinə görə, isə tibbi sığorta lazımdır və eyni zamanda zəruridir: "Bu zaman həm dövlətin maliyyə imkanları çoxalır, həm də vətəndaşların sağlamlıq təminatı üçün zəmanət yaranır. Ona görə də ayda 5-10 manat sığorta haqqı vermək elə də problemli deyil. Tibbi sığorta şərait yaradacaq ki, gələcəkdə pensiyaya çıxan vətəndaş müalicə olunsun və s. Vətəndaş tibbi sığorta haqqı ödəyibsə, deməli gələcəkdə pulsuz müalicə olunmalıdır. Bir də müəyyən etmək lazımdır ki, icbari tibbi sığortaya hansı müalicələr daxildir. Hələlik bu məsələ açıq qalıb. Başqa bir tərəfdən hesab edirəm ki, sığorta haqqı ödəməyə imkanı olmayanların müalicəsini dövlət öz üzərinə götürməlidir. Belə olsa, daha ədalətli olar".
Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyevin sözlərinə görə, İcbari tibbi sığorta işə düşmədən ailə həkiminin reallaşması mümkün deyil: "...Bizdə sovet dövründə "Semaşko" sistemi mövcud idi. İcbari tibbi sığorta sistemi işə düşəndən sonra ailə həkimi də aktuallaşacaq. Ailə həkimi heç də ölkənin bütün ərazisində fəaliyyət göstərməyəcək. Böyük şəhərlərdə buna ehtiyac yoxdur, orada ilkin tibbi xidməti göstərəcək poliklinikalar, bir də təcili yardım stansiyaları var. Amma ucqar dağ rayonlarında, kəndlərdə poliklinika, ambulatoriya olmadığına görə, orada ailə həkimi institutu yaradılmalıdır. Bu, birbaşa icbari tibbi sığorta ilə bağlıdır. Əgər, icbari tibbi sığorta tətbiq olunmayacaqsa, onda ailə həkimi institutunun yaradılması mümkün olmayacaq. Tibbi sığorta fəaliyyətə başladıqdan sonra bu barədə danışmaq olar".

Əli