“Gələn il Bakıda bir dənə də olsun təmirsiz məktəb qalmayacaq” Hadisə

“Gələn il Bakıda bir dənə də olsun təmirsiz məktəb qalmayacaq”

Prezident İlham Əliyev: "Mən çox istəyirəm ki, uşaqlarımız məhz milli ruhda böyüsünlər, Vətənə, xalqa bağlı olsunlar"

"Yeni dərs ili ərəfəsində mən Bakıda 20-dən çox məktəbdə olmuşam. Təmir, tikinti işləri ilə özüm şəxsən tanış oluram. Deyə bilərəm ki, tikilən və təmir olunan bütün məktəblər ən yüksək səviyyədədir".
AzərTAc- xəbər verir ki, bu sözləri prezident İlham Əliyev sentyabrın 15-də Xəzər rayonunun Şağan qəsəbəsindəki Füzuli Gözəlov adına 124 nömrəli orta məktəb üçün yeni inşa edilən binanın açılışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan təhsil sahəsinə çox böyük diqqət ayırır: "Dövlət siyasəti aparılır. İlk növbədə, təhsil sisteminin maddi-texniki bazası möhkəm olmalıdır. Belə gözəl məktəblər inanmıram ki, hansısa başqa bir ölkədə tikilsin. Xüsusilə indiki zamanda ki, bəzi ölkələrdə böhran yaşanır, iqtisadi çətinliklər var".
İlham Əliyev qeyd edib ki, Azərbaycanda savadlılıq yüksək səviyyədədir, savadsız insan yoxdur: "Bu, böyük üstünlüyümüzdür. Ancaq bu gün yeni texnologiyalar tətbiq olunur. Uşaqlar da bunu bilməlidirlər. Elmin, təhsilin inkişafı ölkəmizin dayanıqlı inkişafını təmin edəcək. Bizim güclü iqtisadiyyatımız, güclü siyasi iradəmiz və bu gün dövlətimizin inkişafında öz rolunu oynayan gözəl gənclərimiz var".
Dünyada qloballaşma prosesi getdiyinə diqqət çəkən prezident İlham Əliyev deyib ki, bunun həm mənfi, həm müsbət tərəfi var: "Mən çox istəyirəm ki, uşaqlarımız məhz milli ruhda böyüsünlər, Vətənə, xalqa bağlı olsunlar. Öz milli ənənələrinə sadiq və dəyərli vətəndaş olsunlar. Əlbəttə ki, buna nail olmaq üçün ailələrdə və məktəblərdə tərbiyə düzgün aparılmalıdır. Belə gözəl məktəbin özü artıq bir tərbiyə üsuludur. Çünki burada oxuyan uşaq bu gözəlliyi, təmizliyi görəcək, uşaqlıq yaşlarından buna öyrəşəcək və gələcəkdə də öz həyatında bu prinsipləri rəhbər tutacaq.
Bir daha demək istəyirəm ki, son on il ərzində 2900 məktəbin tikintisi, təmiri tarixi hadisədir. Bu məktəblərin əksəriyyəti 1930-cu, 1940-cı, 1950-ci, 1970-ci illərdə tikilib. Onların bir çoxu artıq bərbad, qəzalı vəziyyətdə idi. Əfsuslar olsun ki, hələ də bölgələrimizdə qəzalı vəziyyətdə məktəblər var. Amma onların sayı kəskin şəkildə aşağı düşür. Dövlətin gördüyü işlər, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında, o cümlədən Bakı və onun qəsəbələrinin inkişafına dair Dövlət Proqramında bütün məktəblərin təmiri, tikintisi nəzərdə tutulur. Proqrama görə 2016-cı ilə qədər Bakıda məktəblərin təmiri başa çatmalıdır. Amma hesab edirəm ki, artıq gələn il Bakıda bir dənə də olsun təmirsiz məktəb qalmayacaq".