Azərbaycanın dastan qəhrəmanı: Mərziyyə Davudova Hadisə

Azərbaycanın dastan qəhrəmanı: Mərziyyə Davudova

Ağır repressiyalar aktrisanı çox incitsə də, dərdlərini gizlətməyi, səhnədə həmişəki qüdrətini, həyatda isə qürurunu saxlamağı bacarırdı

XIX əsrin əvvəli Azərbaycan səhnəsinin qadın aktrisa sarıdan korluq çəkdiyi dövr hamıya məlumdur. Uzun illər qadın rollarını min cür maneə və təhqirə məruz qalan, sənət yanğılı aktyorlar ifa ediblər. Hətta o dövrün şahidləri danışır ki, vəziyyət elə alınırdı ki, aktrisalıq edən aktyorlar əyninə ikinci dəfə qadın libası geyinməkdən imtina edirdilər. Azərbaycan qadınlarının səhnəyə uzanan yolu qorxudan, qandan, ölümdən, yaradılan min bir maneədən keçirdi. Görkəmli sənətşünas Mehdi Məmmədov o illər səhnəyə gələn qadınlar haqqında yazırdı: "Azərbaycan aktrisalarının səhnəyə gəlişi, bu sənət meydanında qələbələr çalması qəhrəmanlıq dastanıdır". Bu dastan qəhrəmanlarının içində Mərziyyə Davudovanın ayrıca yeri var.
Həştərxanda anadan olmuş Mərziyyə Yusif qızı Davudovanı Azərbaycan səhnəsinə əslində unudulmaz Hüseyn Ərəblinski dəvət etmişdi. Mərziyyə Davudova ilk rolunu oynayanda 16 yaşın içində idi. O, Həştərxanda İqbal məktəbində "Birinci teatr" adlı ikipərdəli tamaşada (1917-ci il) Əfifə rolunu yaratmışdı. Səhnədə böyük həvəsli Mərziyyəni görüb onun istedadını kəşf edən Hüseyn Ərəblinski olmuşdu. 1918-ci ildə Həştərxanda qastrolda olarkən bu gənc qızın oyununu bəyənmiş və onu Bakıya dəvət etmişdi. Səhnədə türk millətinə məxsus aktrisa görmək onun böyük arzusu idi. 1920-ci ildə Bakıya gələn və taleyini əbədi olaraq teatra bağlayan Mərziyyə Davudova Azərbaycan mədəniyyətinin inkişafında misilsiz xidmət göstərir. Doğrudur, onun ən böyük arzusu Hüseyn Ərəblinski ilə tərəf-müqabili olmaq idi. Amma bu xoşbəxtlik ona qismət olmur. Çünki o, Bakıya gələndə nadanlar qüdrətli aktyorun həyatına son qoymuşdular. Amma ikinci bir nəhəng aktyorla səhnədə üz-üzə dayanan Mərziyyə xanım sonralar həmin sənətkarın - Abbas Mirzə Şərifzadənin teatrda yalnız tərəf-müqabili deyil, həyatda da sevgili həmdəminə çevrilir.
Ötən əsrdə 20-ci ildən sonra Azərbaycan səhnəsində Fatma Muxtarova, Şövkət Məmmədova, Həqiqət Rzayeva, Sürəyya Qacar, Münəvvər Kələntərli... kimi aktrisalar çıxış edirdilər. Bu durna qatarının sırasına qoşulan Mərziyyə xanım Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasında əvvəlcə Gülçöhrə, sonra isə Cahan xala rollarında çıxış edir. O, Hüseyn Cavidin "İblis" tamaşasında Abbas Mirzə Şərifzadə ilə tərəf-müqabili olmaqla səhnədə bir-birinə bənzəyən və bənzəməyən mürəkkəb, ziddiyyətli qadın obrazlarının, xüsusilə də qüdrətli xarakterlərin yaradıcısı kimi parıldayıb. Azərbaycan teatrının aktrisalarla bağlı yeni səhifəsinin yazılması şərafəti məhz Mərziyyə xanımın qismətinə düşdü. Onun haqqında yazılan xatirələrdən məlum olur ki, böyük dramaturq Cəfər Cabbarlının "Sevil" pyesi yalnız səhnədə deyil, həyatda da yüksək əks-sədaya səbəb olmuşdu. Mərziyyə xanımın ustalıqla yaratdığı Sevil obrazı o qədər parlaq, təsirli alınıbmış ki, tamaşa salonundakı qadınlar öz çadralarını elə oradaca atırmışlar. Mərziyyə xanım əslində qaranlıq bir mühitdə qəfildən parlaq bir ulduz kimi doğmuşdu. Cəfər Cabbarlı yazırdı: "Mərziyyə yetkin bir sənətkardır, ustadır. Aktrisa səhnədəki əhval-ruhiyyəsi ilə bütün tamaşa salonuna təsir edən heyrətamiz bir istedada malikdir".
Mərziyyə xanımın teatra gəlişi ilə çox şey dəyişdi. Bu aktrisa səhnədə yalnız Azərbaycan qadını surətlərini deyil, Qərb teatrından gələn Dezdemonalar, Amalyalar, Ofelyalar, Violalar... kimi neçə-neçə mürəkkəb obraz yaratdı. Onun obraza girmək məharəti o qədər güclü idi ki, heç bir mübaliğə olmadan bu qüdrətinə görə Hüseyn Ərəblinski, Abbas Mirzə kimi aktyorlarla bir sırada fəxarətlə dayanırdı. Mərziyyə xanım Cəfər Cabbarlı, Səməd Vurğun, Mirzə İbrahimov, Mehdi Hüseyn, Ənvər Məmmədxanlı kimi Azərbaycan dramaturqlarının əsərləri ilə yanaşı, rus və Qərbi Avropa ədiblərinin də tamaşalarında bir-birindən fərqli və mürəkkəb qadın obrazları yaratmışdı.
Mehdi Məmmədov Mərziyyə Davudovanın yaradıcılığını dəyərləndirərək yazırdı: "1937-ci ildə Mirzə İbrahimovun "Həyat" dramı ilk dəfə tamaşaya qoyulmuşdu. Tamaşa gurultulu müvəffəqiyyət qazandı. İfaçılar ansamblı, xüsusilə də əsas rolların ifaçıları - Mərziyyə Davudova (Həyat) və Ülvi Rəcəb (Süleyman) yüksək qiymətləndirilmişdir. Əsasən klassik repertuarda romantik səpkili rollar oynayan bu aktyorlar indi "Həyat" tamaşasında həyati cizgilərlə, məişət boyaları ilə zəngin olan realist xarakterlər yaratmaqla böyük qələbə əldə etdilər. Yekdilliklə təsdiq olundu ki, bədii siqləti böyük olan bir tamaşa, onun nəzdində və mərkəzində isə Mərziyyə Davudova kimi sənətkarın ifasında Həyat obrazı yarandı". Xalq artisti Hökümə Qurbanova öz xatirələrində yazırdı ki, bu da taleyin qismətidir. Mərziyyə xanımın ilk dəfə yaratdığı obrazları sonralar mən oynadım. Həmişə həyəcan keçirirdim ki, o bu məsələyə necə baxacaq. Böyük ürək və istedad sahibi idi. Həmişə tamaşadan sonra məni ilk təbrik edib oyunumu bəyəndiyini söyləyən Mərziyyə xanım olardı. Bu aktrisa əsl sənət fədaisi kimi gənclərə xüsusi qayğı göstərərdi.
Geniş yaradıcılıq diapazonuna malik olan Mərziyyə xanım Azərbaycan kinosunun inkişafında da müəyyən xidmətlər göstərib. "Hacı Qara", "Bir ailə", "Bakının işıqları", "Bir məhəllədən iki nəfər", "Koroğlu" və digər filmlərə çəkilib.
Elə Azərbaycan kinosunun və teatrının inkişafında göstərdiyi xidmətlərinə görə aktrisaya 1936-cı ildə xalq artisti fəxri adı verilir.
Buna baxmayaraq, 1937-ci ildə Ülvi Rəcəbi, Abbas Mirzəni "xalq düşməni" elan edənlər aktrisanı da çək-çevirə salmaqla, istintaqa aparıb gətirməklə qəlbini didib-parçalayırdılar. O illərin əzab-əziyyətini, xofunu Mərziyyə xanım ömrünün sonuna kimi qəlbində yaşatdı. Bu repressiyalar onu çox incitsə də, dərdlərini gizlətməyi, səhnədə həmişəki qüdrətini, həyatda isə qürurunu, məğrurluğunu saxlamağı bacardı. O, 61 yaşında dünyasını dəyişəndə çox şeydən narahat getsə də, bir məsələdə ürəyi arxayın idi. Çünki böyük məhəbbətin nişanəsi olan qızı Firəngiz Şərifova onların yolunu çox ləyaqətlə davam etdirirdi.
Düşmənləri bunun fərqinə varmasa da, yaxın adamlar, dostlar sevinirdilər ki, səhnədə yeni parlaq ulduza dönən Firəngiz Şərifova təkcə öz ömrünü yaşamır. Onun bütün aktrisalıq fəaliyyətindən Abbas Mirzə Şərifzadənin və Mərziyyə xanım Davudovanın arzuları boylanırdı. Firəngiz 10-12 yaşından atasının dərdini içinə çəkərək yaşadı. Özünü sənətə bağladı, səhnəyə həsr etdi. Axı o, adi aktrisa deyil, iki korifeyin yadigarı idi.
Elə bil bütün bunlar dünən olub. Mərziyyə xanım balaca Firəngizin əlindən tutaraq konservatoriyaya - Üzeyir Hacıbəylinin yanına gəlib. İlk sualı da belə olub: "Üzeyir bəy, Firəngiz bizim davamçımız ola bilərmi? Bəlkə bir qulaq asasınız?" Dahi bəstəkar əvvəlcədən qətiyyətlə bildirib ki, Abbas Mirzənin yadigarı mütləq onun davamçısı olmalıdır. Böyük bəstəkar bu fikirlərində yanılmayıb. Firəngiz Şərifova dövlət konservatoriyasında təhsil aldığı illərdə həmişə səhnə haqqında düşünüb, atasının, anasının yolunu davam etdirmək istəyi bütün hisslərinə hakim kəsilib. İlk professional fəaliyyətə Musiqili Komediya Teatrında başlayıb.
Tamaşaçı sevgisi qazanmış xalq artisti, Prezident təqaüdçüsü Firəngiz xanım Şərifovanın səsində, nəfəsində qəribə bir cazibə var. O danışanda qulaq asasan. Özünəməxsus təbəssümlə, qəribə ifadələrlə elə şirin müsahibə çevrilir ki, bəzən keçmişə qanadlanırsan. Elə bil ötən əsrin 20-30-cu illərində yaşamış bir zadəgan xanımın çıxışını dinləyirsən. Danışıqda, jestdə, sözdə, söhbətdə nə qədər cazibədarlıq göstərmək mümkünmüş.
Müxtəlif tamaşalarda bitkinliyi, məzmunu ilə seçilən müxtəlif obrazlar yaradıb. 1949-cu ildə Dövlət Musiqili Komediya Teatrı müvəqqəti bağlandıqdan sonra Firəngiz Şərifova öz yaradıcılıq yolunu Gənc Tamaşaçılar Teatrında davam etdirib. Firəngiz xanımın bu teatra gəlişi böyük maraqla qarşılanıb. İlk rolu da Cəfər Cabbarlının "Yaşar" pyesindəki Yaqut obrazı olub. Sonralar Mehdi Hüseynin, Yusif Əzimzadənin, Çingiz Aytmatovun, Qoqolun, Şekspirin, Löpe de Veqanın, Şillerin və başqalarının əsərlərində bitkin xarakterlər ustası kimi məşhurlaşıb.
Geniş yaradıcılıq diapazonuna malik olan Mərziyyə Davudova Azərbaycan kinosunun inkişafında da müəyyən xidmətlər göstərmişdir. "Hacı Qara", "Bir Ailə", "Bakının İşıqları", "Bir Məhəllədən İki Nəfər", "Koroğlu" və digər filmlərə çəkilib. 1956-cı ildən ömrünün sonuna kimi Azərbaycan Teatr Cəmiyyətinə rəhbərlik edən Mərziyyə xanım Davudova əslində qaranlıq bir mühitdə parlayan ulduz idi. Bəllidir ki, 1937-ci ilin repressiyası sənət adamlarının taleyindən izsiz keçmədi. Müşfiqləri, Cavidləri, Ülvi Rəcəbləri, Əhməd Cavadları aparanların növbəti hədəfi Azərbaycan səhnəsinin azman aktyoru Abbas Mirzə Şərifzadə oldu. Görkəmli teatr ustasının hansı şəkildə qətlə yetirildiyi uzun müddət qaranlıq qaldı. Bu ailənin çəkdiyi zillətin təsvirini vermək indi çox çətindir.
Yalnız 1955-ci ildə məlum oldu ki, Abbas Mirzə Şərifzadə 1938-ci ildə güllələnib. Səhnədə faciə qəhrəmanlarının mahir ifaçısı Abbas Mirzə Şərifzadə heç vaxt ağlına gətirməzdi ki, yaratdığı obrazların taleyi onu da gözləyə bilərmiş. O, həyatda da faciə qəhrəmanına çevrildi. Taleyinə, həyatına vurulan zərbələrin ağrı-acısını çəkənlərdən birincisi həyat yoldaşı, səhnənin qüdrətli nümayəndəsi, xalq artisti Mərziyyə xanım Davudova oldu. Mərziyyə xanım Davudovaya xalq artisti fəxri adını 1936-cı ildə vermişdilər. Buna baxmayaraq, 1937-ci ildə Ülvi Rəcəbi, Abbas Mirzəni "xalq düşməni" elan edənlər aktrisanı da çək-çevirə salırdılar.
O illərin xofunu Mərziyyə xanım ömrünün sonuna kimi qəlbində yaşatdı. O ağır repressiyalar aktrisanı çox incitsə də, dərdlərini gizlətməyi, səhnədə həmişəki qüdrətini, həyatda isə qürurunu, məğrurluğunu saxlamağı bacardı. O, 6 yanvar 1962-ci ildə Bakıda vəfat edib...

Ülviyyə Tahirqızı