Yeni doğulan uşaqlarda COVID-19 aşkarlanıb Hadisə
Aprelin 1-dən etibarən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası sırf koronavirus infeksiyası ilə infeksiyalaşmış xəstələrə tibbi xidmət göstərir. Klinikanın Neonatologiya şöbəsinə isə yeni doğulanlarla yanaşı, COVID-19 aşkar edilmiş hamilə qadınlar da yerləşdirilib. Bu səbəbdən də yeni doğulan körpələr xüsusi nəzarət altındadır. Ölkəmizdə infeksiyalaşmış yeni doğulanlarla bağlı ixtisaslaşmış fəaliyyət göstərən yeganə şöbədə xüsusi protokollara riayət olunur. Koronavirus infeksiyasının yaşı az olduğu üçün ana bətnində körpələrin nə dərəcədə zədə alması və onlara infeksiyanın hansı dərəcədə mənfi təsir göstərməsi barədə məlumatlar olduqca azdır.
Bunu Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Neonatologiya şöbəsinin müdiri Aygün Rüstəmxanlı deyib. O bildirib ki, ana bətnində göbək ciyəsi vasitəsilə uşaqlarda yoluxma hallarının baş verib-verməməsi ilə bağlı Çində koronaviruslu 33 hamilə qadın üzərində araşdırmalar aparılıb: “Həmin qadınlardan dünyaya gəlmiş 30 körpədə müayinənin nəticələri neqativ, 3-də isə pozitiv çıxıb. Məlum olub ki, onlar doğum zalında hava-damcı vasitəsilə yoluxublar. Biz qısa zamanda yeni doğulmuşlarla bağlı dünyada tərtib olunan protokolları araşdırdıq. Həmin protokolun versiyasını ölkəmizdə tətbiq etməyə başladıq. Körpələrdə hansı testlərin aparılması və metodların tətbiqi və s. ilə bağlı həkimlərimizi təlimatlandırdıq. COVID-19 testi pozitiv olan analardan doğulan 16 körpə hazırda şöbəmizdə həkimlərin nəzarəti altındadır. Onlardan 12-si bizim klinikada dünyaya gələnlər, 4-ü isə digər klinikalardan köçürülənlərdir. Onların klinikamıza köçürülməsinə səbəb isə doğuşdan sonra anada koronavirus infeksiyasının aşkar olunması olub. Onu da qeyd edim ki, klinikamızda dünyaya gələn 12 körpənin heç birində COVID-19 infeksiyasına yoluxma halı aşkar olunmayıb. Bu, bizim həkimlərimizin peşəkarlığından, onlara verilmiş təlimatlara düzgün əməl etmələrindən irəli gəlib. Digər klinikalarda dünyaya gələn körpələrdə infeksiyanın aşkar olunmasına səbəb doğuşda iştirak edən həkimlərin COVID-19-a yoluxmaları olub və onlar vasitəsilə doğuş zalında körpələrə keçib”.
Şöbə müdirinin sözlərinə görə, körpələrin sağlam dünyaya gətirilməsi üçün şöbədə hər cür şərait var: “Bunun üçün müasir avadanlıqlarla təchiz olunmuşuq və qabaqlayıcı tədbirlər görülür. Qaydalara görə, ilk növbədə, körpəni dünyaya gətirən həkimlər sayca az tərkibdə təyin olunmalı, göbək ciyəsi mümkün qədər tez kəsilməlidir. Körpə, eyni zamanda, doğuş zalından mümkün qədər tez xaric edilməlidir. Bəzən körpənin tənəffüs yollarının aspirasiyası olur, ona süni tənəffüs vermək lazım gəlir. Gecikməmək üçün şöbəmizin doğum zalının yanında bütün avadanlıqlarla təchiz olunan otaqlar təşkil edilib. Körpə ana bətnindən xaric olunan kimi nəzərdə tutulmuş otaqlara götürülür və orada onlara yüksək səviyyədə lazım olan tibbi yardımlar göstərilir.
Onu da bildirim ki, klinikada iki ginekoloji mərtəbə fəaliyyət göstərir. Mərtəbələrdən birində doğum prosesi baş verir. Yeni dünyaya gələn uşaq doğum zalından tez xaric edilir və həmin mərtəbədə izləmə otağında yerləşdirilir. Orada onun monitorinqi aparılır. Körpənin vəziyyəti stabilləşdikdən sonra həkimlər paltarlarını dəyişir və onu digər mərtəbədəki mərtəbəyə yerləşdirirlər. Həmin an körpədən COVID-19 testi götürülür. Bu, əsas şərtlərdən biridir. İzolyasiya küvez şəraitində olur.
Körpənin ana ilə təması vacib şərtlərdən hesab olunduğundan qaydalara uyğun olaraq ana ilə körpə arasında təmas yaratmağa çalışırıq. Ailəyə infeksiya və yoluxma yolları, bu infeksiyanın süd vasitəsilə keçmədiyi barədə məlumat verilir. Ananın psixoloji durumu yol verirsə və özü razıdırsa, neytral zonda qaydalara uyğun olaraq ana ilə körpə arasında təmas yaradırıq. Maska taxmış ana uşağını qucağına alır və əmizdirir. Təmas yaratmaq istəməyən anaların körpələri isə sağılmış südlə qidalandırılır və onlarla görüntülü təmas yaradırıq. Bir sözlə, şöbəmizdə körpələrin sağlam dünyaya gəlməsi üçün hər bir şərait və peşəkar tibbi heyət var”.