Türkiyə və Azərbaycan parlamentinin yeganə ortaq millət vəkili... Hadisə

Türkiyə və Azərbaycan parlamentinin yeganə ortaq millət vəkili...

Əhməd bəy Ağaoğlu Parisdə, Bakıda, İstanbulda minlərlə məqalə çap etdirib, xeyli kitab yazıb

Onun adı 1908-ci ildən sonra daha çox Əhməd bəy Ağaoğlu kimi çəkilir. Əhməd bəy Ağayev 1869-cu ildə Şuşa şəhərində tanınmış azərbaycanlı ailəsində dünyaya göz açıb. Babası və atası ərəb, fars və rus dillərini bilirdilər və dövrlərinin təhsilli adamları, din sahəsinin məşhur biliciləri idilər.
Əhməd bəy ilk təhsilini Şuşa liseyində alır. Rus, fars, ərəb, fransız, ingilis dillərini mükəmməl bilib. Əhməd Ağaoğlunun sonralar yazdığı kimi, zərbələr ilk məktəb illərində başlayıb. Oxuduğu gimnaziyada azərbaycanlıların sayı cəmi 4 nəfər olub. Balaca Əhməd beşinci idi. Bu beş nəfər nələr çəkirmiş: "Tənəffüslərdə biz - beş türk çocuğu, cəld tərpənib arxamızı divara dirəməyi qənimət bilərdik. Yüzlərlə çocuq qəflətən üstümüzə hücum edər və biri başımızdan papağı alıb atardı. Bəziləri əksərən dəvə
yunundan toxunmuş bahalı pencəklərimizin ətəklərindən yapışar, o yan - bu yana çəkib parçalayar, dartıb tikişlərini sökərdi. Müqavimət göstərmək fikrinə düşəndə yumruq, qapaz, təpik altında bizi əzərdilər. Bəzən gizlində, sözü bir yerə qoyub, üzərimizə böhtan atar, üzümüzə durar, bizə haqsız yerə cəza verdirərdilər. Dostlarımızın çoxu dözə
bilməyib, məktəbi tərk etdilər. Türklərdən yalnız mən son sinfə qədər tab gətirə bildim".
Peterburq Universitetinə balı çatmayan Əhməd bəy Fransaya üz tutur və burada Sarabon Universitetinin tələbəsi adını qazanır. Parisdə, biliyinə görə, elmi və ədəbi salonlara dəvət alır (salonlara seçilmiş adamlar dəvət alırdılar), intellektual çəkili söhbətlərə və mübahisələrə qatılır. Dünya şöhrətli alimlər Ernst Renan və İppolit Ten Əhməd bəyin hazırlıqlığını, biliyini qiymətləndirərək ona Parisdə qalmağı təklif edirlər. Ernst Renan Əhməd bəyə üz tutub söyləmişdi: "Sən dünya miqyasında alim olacaq səviyyədə bir insansan, məmləkətinə getmə, Şərq səni udar". Əhməd bəy isə cavabında demişdi: "Şərqin də oxumuş insanlara ehtiyacı var, sizdən öyrəndiklərimi məmləkətimdəki vətəndaşlarıma öyrədəcəyəm".
1894-cü ildə o, atasının ölüm xəbərini alır və dərhal vətənə qayıtmalı olur. Üç il ərzində Şuşada yaşayır. Əyalətdə yaşadığı həyat dəliqanlı təbiətə malik 25 yaşı gənci qane etmir. Şuşada - fransız dilindən dərs deyir (ona hətta "Firəng Əhməd" deyərmişlər), İstanbulda - rus dilindən. Nijni-Novqorod və Peterburqda keçirilən Rusiya müsəlmanları qurultayının təşkilatçılarından biri olub. Şuşada kitabxana-qiraətxana da açır. Azərbaycan Demokratik Respublikası dövründə parlamentin üzvü və parlament sədrinin müavini seçilir. Türkiyə Mətbuat İdarəsinin baş müdiri olub. Parlamentin üzvü, millət vəkili seçilib. Ankara və İstanbul universitetlərinin professoru olub. Azərbaycanlı neft sahibkarlarının tapşırığı ilə Peterburqda iki dəfə rus çarı II Nikolayla görüşüb danışıqlar aparır və bu danışıqlar uğurla nəticələnir. İstanbulda Mustafa Kamal Paşa Atatürklə tanış olur və uzun illər onun məsləkdaşına çevrilir. Türkiyə və türk dünyasının məşhur xadimləri Ziya Göyalp, Yusif Akçura, Həmdulla Sübhi, Mehmet Emin Yurdaqulla əməkdaşlıq edib. Bakıda öz dövrünün ən tanınmış, ən qüdrətli azərbaycanlıları ilə dostlaşır: Üzeyir Hacıbəyli, Əlibəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov, Məmməd Əmin Rəsulzadə, Firudin bəy Köçərli və başqaları bu qəbildəndir. Bakıda "Difai" (Müdafiə) partiyasının yaradıcılarından biridir. "Həyat", "İrşad" , "Tərəqqi" və "Proqress" (rus dilində) qəzetlərinin açılmasında iştirak edir."Cəmiyyəti-xeyriyyə", "Nicat","Nəşri-maarif", "Səadət", "İttihad" cəmiyyətlərinin təşkilinə qoşulur. Türkiyədə Demokratik Cümhuriyyətin
yaradılmasında fəaliyyət göstərib. Anadolu Ajansını yaradır. "Hakimiyyəti-milliyə" qəzetinin yaradıcılarından biri olur. "Sərbəst firqə"nin (partiya) yaradılmasında iştirak edir. Parisdə, Bakıda, İstanbulda minlərlə (!) məqalə çap
etdirir. Onlarca kitab yazır və onların bəzisi ölümündən sonra çap olunur. Yazıları siyasət, iqtisadiyyat, tarix, fəlsəfə, etika, etnoqrafiya və başqa sahələri əhatə edir.
Həmin dövrdə Əhməd bəy Ağaoğlu qadınların yeni nəslin yetişməsində müstəsna rolu olduğunu xüsusi vurğulayır və onlara kişilərlə bərabər hüquqlar verilməsini qızğın şəkildə müdafiə edir. Bununla əlaqədar o, qadın azadlığına həsr edilən "İslam dünyasında qadın" adlı kitabını yazır. 1901-ci ildə çapdan çıxan bu kitabda Əhməd bəy Ağaoğlu yazırdı: "Qadını azad olmayan millətin milli inkişafından söz gedə bilməz".
Əhməd Ağaoğlu mətbuat orqanlarında çap etdirdiyi məqalələrində türkçülük ideyasını önə sürməsi ilə fərqlənirdi. Məqalələrinin birində yazırdı: "Millətini sevməyən, onun şərəfini uca tutmayan hər hansı bir insan digər millətləri sevə bilməz. Zira anasını sevməyən bir kimsənin digərinin anasını sevməsi mümkün deyil. Millətini sevmək hamımızın əsas qayəsi olmalıdır. Çünki köləliyə və əsarətə qarşı mübarizə, hürr olmağın yolu insanların milli oyanışından, mənsub olduğu millətini sevməsindən keçir".
1897-ci ildə o, "Kaspi" qəzetinin redaktoru olur və aparıcı müəlliflərindən birinə çevrilir. Eyni zamanda Bakı ticarət məktəbində fransız dili müəllimi vəzifəsində çalışır. Əhməd bəy Ağaoğlunun məqalələri həmin dövr üçün Azərbaycanın və Şərqin bir sıra mühüm siyasi və ictimai problemlərini geniş şəkildə əhatə edirdi. Lakin onu müsəlman xalqlarının birliyi mövzusu daha çox cəlb edirdi. Əhməd bəy öz doğma xalqının milli təfəkkürünün vəziyyətindən razı deyildi.
Birinci rus inqilabının başlanması Ə.Ağayevin ictimai-siyasi fəaliyyətinə xüsusi təkan verir. Aprelin 8-də Rusiyanın müsəlmanlar yaşayan bölgələrinin nümayəndələri Peterburqda- həmin dövrün görkəmli ictimai xadimi Əbdürrəşid İbrahimin mənzilində toplaşırlar. Azərbaycan ictimaiyyətini Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov və Əhməd bəy Ağayev təmsil edirdilər. Elə oradaca sözügedən məsələ ilə bağlı qərar qəbul olunur. Bu qərar 1905-ci ilin avqustunda Nijni Novqorodda baş tutan I Ümumrusiya müsəlmanları qurultayının vaxtını müəyyən edir. Rusiya müsəlmanlarının maraqlarını müdafiə edən Əhməd bəy Peterburqda rus çarı II Hikolayın qəbuluna düşməyə nail olur. Nijni Novqoroddakı qurultaydan sonra o, Rusiya müsəlmanlarının növbəti 2 qurultayında da iştirak edir, müsəlman xalqları hərəkatının strategiyasının və taktikasının işlənib hazırlanmasında fəal rol oynayır.
Fəqət onun azərbaycanlıları azğınlaşmış ermənilərin təcavüzkarlığından qorumaq cəhdləri xüsusi əhəmiyyət kəsb etməkdə idi. Məhz bu məqsədlə o, "Kaspi" qəzetində çıxış edir. Müsəlmanların ünvanına olmazın hədyanlar yağdırdıqlarına və dedi-qodu yaydıqlarına görə Peterburq qəzetlərini ittiham edir.
1906-cı ilin 20 fevral-6 mart tarixlərində Tiflisdə Qafqaz canişini İ.İ.Vorontsov-Daşkovun sədrliyi altında erməni-azərbaycanlı barış qurultayı keçirilir. Qurultaya bütün Cənubi Qafqazın yüksək çinli və vəzifəli məmurları, o cümlədən, Bakı, İrəvan, Tiflis, Yelizavetpol quberniyalarının qubernatorları da dəvət olunurlar. Azərbaycan tərəfini Əhməd bəy Ağayev, İsrafil Hacıyev, Məhəmməd ağa Vəkilov, Qarabəy Qarabəyov, Ələkbər bəy Xasməmmədov, Adil xan Ziyadxanov və başqaları təmsil edirlər. Çıxışlarının birində Əhməd bəy öz mövqeyini konkret şəkildə bəyan edir: "Qafqazda bir çox məsul şəxslər və rəhbərlər erməni terrorçularından qorxurlar, insanların haqq işlərinə ədalətlə, vicdanla baxmırlar. Biz azərbaycanlılar bu vəziyyətə daha artıq dözmək niyyətində deyilik və açıq şəkildə bəyan edirik ki, nə qədər Qafqazda terrorçu qruplaşmalar at oynadacaq, bu yerlərdə sülh və əmin-amanlıq bərqərar olmayacaq. Bizim dediyimiz odur ki, əgər həqiqətən sülh istəyirsinizsə, digər tədbirlərlə yanaşı terrora və qəsbkarlığa da son qoymaq lazımdır. Bizə deyirlər ki, siz "Daşnaksütun"u nəzərdə tutursunuz. Biz "Daşnaksütun"dan danışmırıq. Biz terrorun ləğv edilməsini tələb edirik. Ermənilər isə nə üçünsə ancaq "Daşnaksütun" haqqında düşünürlər. Aydın məsələdir ki, "Daşnaksütun" da terrorla əlaqəlidir".
Sonradan çar hakimiyyətinin erməni təcavüzü ilə mübarizə aparmaq əzminin olmadığını görən Əhməd bəyin təşəbbüsü ilə Cənubi Qafqazın quberniyalarında Qafqaz Ümummüsəlman Müdafiə Komitəsi olan "Difai" partiyası yaradılır. Əhməd bəyin, eləcə də "Difai" partiyasının digər xadimlərinin fəaliyyəti sayəsində "Difai" Azərbaycan əhalisini erməni terrorundan və onun himayədarlarından qorumağa qabil olan güclü və mütəşəkkil təşkilata çevrilir. "Difai"çilərin fəaliyyəti nəticəsində çoxlu sayda erməni terrorçusu və onlara himayədarlıq edən çar məmurları edam olunurlar və "Difai"nin fəaliyyəti bir müddət Cənubi Qafqazda ermənilərin özbaşınalığına son qoya bilir. Daşnaklar başa düşürlər ki, onlara müqavimət göstərməyə qabil olan güc mövcuddur, hakimiyyət isə azərbaycanlılarla hesablaşmamağın çətinliyini dərk edir.
İstiqlalını elan etmiş, amma fiziki varlığı təhlükə altında qalan Azərbaycanı qurtarmaq üçün göndərilmiş Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın siyasi müşaviri olaraq Əhməd bəy Ağaoğlu mühüm rol oynayır. Məlum 17 iyun siyasi böhranı zamanı o müasir ifadə ilə böhran idarəçiliyi konseptindən çıxış edərək ilk öncə təhlükəsizlik məsələlərində israrlı olur, Bakının azad olmasından sonra dövlət quruculuğu işində fəal iştirak edir və Azərbaycan Parlamentinə üzv seçilmişdi. Yeri gəlmişkən, Əhməd bəy Ağaoğlu Türkiyə və Azərbaycan parlamentlərinə eyni vaxtda üzv olmuş yeganə şəxsdir. Osmanlının savaşdan məğlub çıxması yalnız özü üçün deyil, bütün türk dünyası üçün, bu sıradan Azərbaycan üçün fəlakətlər gətirdi. Azərbaycanın Paris Sülh konfransına göndərdiyi nümayəndə heyətinə üzv təyin edilən Əhməd bəy Ağaoğlunu İstanbulda həbs edən ingilis komandanlığı onu Osmanlının irəlidə gedən insanları ilə birlikdə Maltaya sürgünə göndərir. Zindan həyatının məşəqqətli və sərgüzəştli detalları üzərində dayanmadan yalnız onu deyək ki, ömrü boyu yazıb-yaradan Əhməd bəy burada özünün ən qiymətli nəzəri əsərlərindən birini "Üç mədəniyyət"i yazır. 1921-ci ilin mayında Malta zindanından azad olunandan sonra Sovet Azərbaycanında çalışmaq istəsə də Sovet fikir sisteminə qatılmadığı üçün, eləcə də onu Malta zindanından qurtaran Ankara qarşısında namus borcu olması səbəbindən üzünü Ankaraya çevirir və Milli Mücadilə Hərəkatında həssas vəzifələr tutur. Mətbuat baş müdiri təyin edilən Əhməd bəy Milli Hökumətin təbliğat işini qurmağa başlayır, "Hakimiyyəti Milliyyə" qəzetinə rəhbərlik edir, "Anadolu Ajansı"nı yaradır və onun ilk baş direktoru olur. Eyni zamanda, Ankara Universitetində konstitusiya hüququndan müazirələr oxuyur, Qarsdan millət vəkili seçilir. Bu yorulmaz insan 1939-cu ildə Türkiyədə vəfat edir.

Ülviyyə Tahirqızı