Mətbuat Şurası beynəlxalq media qurumlarına müraciət edib Hadisə

Mətbuat Şurası beynəlxalq media qurumlarına müraciət edib

Azərbaycan Mətbuat Şurasının AZTV-nin əməkdaşlarının Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması ilə bağlı beynəlxalq media qurumlarına müraciət edib.

Şuradan verilən məlumata görə, müraciətidə deyilir:

"Ermənistan silahlı qüvvələri Tərtər rayonunda Azərbaycan jurnalistlərini atəşə tutublar. Rayonun Düyərli kəndində Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin (AZTV) çəkiliş qrupunun olduğu avtomobilin hucuma məruz qalması nəticəsində sürücü Namiq Qənbərov üz və qarın nahiyəsindən xəsarət alıb, maşına ciddi ziyan dəyib.

AZTV-nin atəşə məruz qalmış avtomobilinin üzərində onun sözügedən telekanala məxsusluğunu təsdiqləyən fərqləndirici nişanlar yer alıb. Maşındakı jurnalistlər də üzərində “PRESS” yazılmış gödəkçələrdə olublar. Kənardan baxanda görmək mümkün idi ki, avtomobil hərbi məqsədlər üçün deyil və bu, onu deməyə tam əsas verir ki, Ermənistan silahlı qüvvələri jurnalistləri bilərəkdən atəşə tutublar. Məqsəd media təmsilçilərinin həyatlarına qəsd etməkdir.

Azərbaycan Mətbuat Şurası AZTV-nin xidməti avtomobilinin atəşə tutulması faktını qətiyyətlə pisləyir və bunu Ermənistanın azad sözə qarşı məqsədli hücumu kimi qiymətləndirir. Baş vermiş hadisə onu göstərir ki, işğalçı ölkə heç bir dəyərləri gözləmir, obyektiv həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasını əngəlləmək yolu tutur. Jurnalistilərin fəaliyyətini məhdudlaşdırmağa yönəlmiş belə cinayət əməlinə dünyanın media ictimaiyyətinin obyektiv və sərt münasibət göstərməsi son dərəcə vacibdir.

Mətbuat Şurası bildirir ki, Dağlıq Qarabağ münaqişəsi müstəvisində hərbi əməliyyatların intensivləşdiyi hazırkı şəraitdə Ermənistan hərbi dairələri illərdir işğal altında saxladıqları Azərbaycan torpaqlarına xaricdən media təmsilçilərini dəvət edir, heç bir təminat vermədən onların həyat və sağlamlıqları üçün böyük təhdid yaradırlar. Bu, beynəlxalq hüququn norma və prinsiplərini, suveren dövlət kimi Azərbaycanın haqlarına söykənmiş prosedur tələblərə məhəl qoymamaqdır. Bu, eyni zamanda jurnalist həyatları üzərindən söz və ifadə azadlığı ilə açıq manipulyasiyadır. Məlumat üçün bildiririk ki, xarici ölkələrdən kütləvi informasiya vasitələri nümayəndələrinin Azərbaycan ərazisində peşə fəaliyyətlərini yerinə yetirmələri onların Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində akkreditasiyası ilə tənzimlənir.

İstərdik ki, dünyanın media ictimaiyyətinin nümayəndələri olaraq sizlər gündəmə gətirdiyimiz məsələlərə həssas yanaşa, Ermənistan hakimiyyətinə qarşı mövcud istiqamətdə çağırışlar edəsiniz.

Təəssüflə onu da bildiririk ki, Ermənistan hakimiyyətinin tutduğu işğalçılıq mövqeyi, bu mövqenin müxtəlif mənfi təzahür formaları nəticəsində onsuz da gərgin olan münaqişə bölgəsində və ona yaxın ərazilərdə jurnalist fəaliyyətinə qarşı bilərəkdən həyata keçirilən məhdudiyyətlərin, təhdidlərin təkrarlanmayacağına, daha acınacaqlı hadisələrin yaşanmayacağına heç bir zəmanət yoxdur".