Cəbhədə vəziyyət gərginləşib Hadisə

Cəbhədə vəziyyət gərginləşib

Atəşkəs 74 dəfə pozulub

Müdafiə Nazirliyi (MN) bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 74 dəfə pozulub.
Erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Ayqepar, Mosesqex, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar. Tərtər rayonunun Çaylı, Çiləbürt, Göyarx, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Horadiz, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.
Azərbaycan Müdafiə Nazirliyi Ermənistana məxsus hərbi helikopterin vurulduğu ərazidəki son vəziyyəti də açıqlayıb. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, noyabrın 12-də Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Ağdam rayonunda vurulmuş Ermənistana məxsus hərbi helikopterin düşdüyü ərazidə hazırda vəziyyət normaldır, sakitlikdir.
Müdafiə Nazirliyi bəyan edir ki, erməni tərəfinin iddia etdiyi kimi, heç də helikopterin düşdüyü yerdə intensiv atışma getmir.
Helikopterin qalıqlarının və həlak olduğu ehtimal edilən erməni hərbçilərinin meyitlərinin ərazidən çıxarılması əməliyyatlarına gəlincə, bununla bağlı məlumat verilməyib.
Qeyd edək ki, noyabrın 12-də cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan Respublikasının Hərbi Hava Qüvvələrinə məxsus döyüş cütlüyündən ibarət Mi-24 tipli helikopterləri müdafiənin ön xəttində yerləşən mövqelərimizə hücum edərək atəşə tutublar.
Cavab atəşilə düşmənin döyüş cütlüyündən ibarət helikopterlərindən biri vurulub, digəri isə atəş zonasını tərk etməyə məcbur olub.