Kəmaləddin Heydərov İranın sənaye, mədən və ticarət naziri ilə görüşüb Hadisə

Kəmaləddin Heydərov İranın sənaye, mədən və ticarət naziri ilə görüşüb

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov İran İslam Respublikasının Azərbaycanda səfərdə olan sənaye, mədən və ticarət naziri Məhəmməd Rza Nemətzadənin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, Kəmaləddin Heydərov bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin və İran prezidenti Həsən Ruhaninin qarşılıqlı rəsmi səfərləri çərçivəsində aparılmış danışıqlar və müxtəlif sahələrdə əməkdaşlığa dair imzalanmış sənədlər ikitərəfli əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoyub.
Nazir qeyd edib ki, FHN nümayəndə heyətinin cari ilin mart ayında İrana səfəri zamanı sənaye və mədən işlərində təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsinə dair aparılmış müzakirələr də olduqca faydalı olub.
Öz növbəsində, Məhəmməd Nemətzadə iki ölkənin nazirlikləri arasında mədən sənayesi sahəsində qarşılıqlı faydalı əməkdaşlığın geniş perspektivləri olduğunu söyləyib.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.