Uşaqlarda anadangəlmə ürək xəstəlikləri Hadisə

Uşaqlarda anadangəlmə ürək xəstəlikləri

Əvvəllər ümidsiz olan xəstəliklər indi tam müalicə edilir

Yaxın günlərdə Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının sədri, Konfransın Təşkilat Komitəsinin sədri Rəşad Mahmudov baynəlxalq konfransda çıxış edərək bildirib ki, ölkədə hər il 800-1000 nəfərə yaxın uşaq ürək qüsuru ilə dünyaya gəlir. Dünya üzrə isə bu rəqəm 1 milyondan artıqdır: "Onların 100 min nəfəri 1 yaşadək dünyasını dəyişir. Hər il anadangəlmə ürək qüsuru ilə dünyaya gələn 1 milyondan çox uşağın 300-350 min nəfəri iqtisadi problemləri, böhran içində olan, tibbin səviyyəsinin aşağı olduğu ölkələrdə bəlli səbəblərdən həyatlarını itirlər".
Anadangəlmə ürək xəstəliklərinin bəziləri yüngüldür və ailənin ilk anda fərq edəcəyi bir əlamət göstərmir. Bu zaman ancaq pediatr müayinə sayəsində onda ürək xəstəliyinin olmasından şübhələnərsə, uşaq kardioloquna yönləndirilir.
Həkimlər bildirir ki, anadangəlmə ürək qüsurları bətndaxili dövrdə qan dövranı sisteminin inkişaf pozğunluqları nəticəsində əmələ gəlir. Ürək bir orqan kimi bətndaxili həyatın 3-8 həftələrində formalaşır. Anadangəlmə qüsurun səbəbi ana tərəfindən hamiləliyin ilk 3 ayı ərzində keçirilmiş kəskin respirator virus infeksiyaları, qrip, məxmərək, herpes və s. xəstəliklər, siqaret çəkmə, hamiləlik zamanı qadağa qoyulmuş dərmanların qəbulu, eləcə də irsi faktorlar ola bilər.
Anadangəlmə ürək qüsurları müxtəlifdir, ancaq daha geniş yayılmış formaları qulaqcıqlar və ya mədəciklər arasındakı çəpərdə dəlik olmasıdır (sağlam insanlarda bu çəpər tam bağlı olur). Bu dəlikdən arterial qanın bir hissəsi ürəyin sol payından sağ payına (venoz qan axarına) düşür (şəkilə bax). Nəticədə oksigenlə zənginləşmiş arterial qanın bir hissəsi böyük qan dövranına düşmür. Bu zaman orqan və sistemlərin bir çoxuna kifayət dərəcədə oksigen və qidalandırıcı maddələr çatmır. Digər tərəfdən, arterial qanın bir hissəsi kiçik qan dövranına düşərək onun təzyiqini artırır (yükləyir) və ürək daha artıq gərginliklə işləyir. Kiçik qan dövranına nə qədər çox arterial qan düşərsə, qüsur bir o qədər ağırlaşmış olur.
Ağır anadangəlmə ürək qüsuru olan uşaqlar inkişafda yaşıdlarından geri qalır, çox pis çəki artırır, tez-tez xəstələnir, tez yorulurlar. Onlarda təngnəfəslik, sianoz əmələ gəlir, dəri örtükləri avazımış olur. Müalicə əsasən cərrahi yolla həyata keçirilir, bəzi hallarda ağırlaşmamış qüsurları medikamentoz yolla da müalicə edirlər.
Həmyaşıdlarına nisbətən süst, yorğun olan, gec inkişaf edən, dərslərini çatdırıb oxuya bilməyən, az hərəkət etdiyi zaman belə yorulan körpələrə vaxtında diqqət yetirib həkimə göstərmək lazımdır. Çünki belə uşaqlarda qüsurlara daha çox rast gəlinir. Fiziki gərginlik zamanı sağlam uşaqlar 5 dəqiqəyə özlərinə gəlirlərsə, ürək qüsuru olanlar uzun müddət tövşəyir, baş gicəllənmələri olur, tənginəfəslik uzunmüddət davam edir. Dəridə və dırnaqlarda avazıma və göyərmə halları müşahidə olunur. Bu zaman artıq uşağın sağlamlığına şübhə yaranır.
Kardioloq Maqsud Mirzəyev deyir ki, ürək kameraları arasında olan deşiklər daxili orqanların kifayət qədər oksigenlə təmin olunmamasına səbəb olur. Nəticədə qanda hemoqlobin yüksəlir, tənginəfəslik yaranır. Ürək qanı itələmək üçün daha ağır hərəkət etməyə başlayır ki, nəticədə əzələlər bərkiyir, qalınlaşır. Bu hal uzun müddət davam etdikdə ürək öz işinin öhdəsindən gələ bilmir və həyat üçün risk yaranır: "Uşaqlarda anadangəlmə ürək qüsuru olması hazırda çox geniş yayılıb. Elə qüsurlar var ki, onlar öz-özünə bağlanır. Belə deşiklər ürəyin ayrı-ayrı hissələri arasında olur. Lakin elə qüsurlar var ki, onların özü-özünə bağlanması mümkün deyil və belə qüsurlar bir neçə əmliyyatla bağlanır. Ürək qüsurları ciddi qüsurardırsa, bu, körpə dünyaya gəldikdən bir neçə saat sonra artıq bilinməyə başlayır. Belə ki, körpənin rəngi dəyişir, əsasən ağ, yaşıl rəngə çalır. Süd əmən zaman tənginəfəslik yaranır. Ciddi olmayan qüsurlar isə uşaq böyüdükcə üzə çıxır. Əsasən 4 yaşından sonra uşaqda qüsur olub-olmaması aşkar olunur. Bu zaman uşaq tez yorulur, əl-ayaqlarında tərləmə yaranır, ən kiçik hərəkətdə belə tənginəfəslik müşahidə olunur".
Mütəxəssislər deyir ki, uşaq ürək cərrahiyyəsində 500-ə yaxın nazologiya, müxtəlif xəstəliklər var. Hər bir xəstəliyin özünü büruzə verməsi fərqlidir. Heç də bütün qeyri-adi əlamətlər uşağın qüsurlu olmasına işarə vermir. Zahirən normal görünən yeni doğulmuş bir uşağın ürəyinin vəziyyəti kritik ola bilər. Yaxud qeyri-adi əlamət müşahidə olunan uşaqlarda vəziyyət sağlamlıq baxımından çox gözəl ola bilər. Maqsud Mirzəyev bildirir ki, EXO kardioqrafiyası ilk müayinə üsullarından biridir: "Elə qüsurlar olur ki, onların diaqnoz qoyulma vaxtları üçün gec olur. Belə qüsurlar mümkün qədər tez aşkarlanmalıdır. Gec aşkarlanan qüsurlarda artıq əməliyyat belə uşaqları xilas edə bilmir".
Azərbaycan üçün ən geniş yayılmış qüsur "Falo tetradası" adlanan qüsurdur: "Bu qüsurla doğulan uşaqların sayı həddindən artıq çoxdur. "Fallo tetradası"nda magistral arteriyaların hər ikisi sağ mədəcikdən çıxır. Vaxtında diaqnozları qoyulub, əməliyyat olunan uşaqların indi hər biri həyatdadır və sağlam yaşayır".
Həkimin dediyinə görə, xəstə uşaqlar vaxtında müalicə, yaxud əməliyyat olunmadıqda maksimum 15 ilə qədər yaşaya bilər. Ürək qüsuru olan uşaqların sağlam həyat tərzi keçirməsi, yaxud uzun ömürlü olması mümkün deyil.
Elmi araşdırmalar hələ də ürək qusurlarının səbəbini tam aydınlaşdırmağa imkan vermir. Genetik amillər və hamiləlik zamanı qəbul olunan dərmanların buna təsir etmə ehtimalı böyükdür.
Ginekoloq Elmira Kərimovanın sözlərinə görə, hamilə olarkən xəstələnməməyə, sağlam həyat keçirməyə diqqət etmək lazımdır. Alkoqolun qəbul edilməsi, siqaret çəkilməsi, həkim nəzarətindən əlavə hər hansı bir dərmanın özbaşına qəbul edilməsi ana bətnində olan körpəyə birbaşa təsir edir: "Hamiləlik zamanı qızılca xəstəliyini keçirmək, yaxud diabet xəstəsi olan qadınların şəkəri normasında saxlamaması da uşaqda ürək qüsurlarının yaranmasına səbəb ola bilir. Təbii ki, irsi faktorlar da var. Körpə ana bətnində olanda belə onun qüsurunun olub-olmaması exokardioqrafiya ilə müəyyən ola bilər".
Yaşından, ixtisasından, necə yaşamasından asılı olmayaraq, ürək zaman-zaman insana var olduğunu hiss etdirir. İstər ağrı, istərsə də müxtəlif sancmalar insanları təşvişə salır və həkimə getməyə məcbur edir. Ürək xəstəliyi sadəcə böyüklərin xəstəliyi deyil. Təəssüf ki, bu gün azyaşlı uşaqlarda da ürək problemlərinə çox rast gəlinir. Statistika göstərir ki, uşaqların 5 faizdən çoxu anadangəlmə ürək qüsuru ilə dünyaya gəlir. O cümlədən, Türkiyədə hər il 12 min, Rusiyada isə 17 mindən çox uşaq ürək qüsurlu doğulur. Bu rəqəm Azərbaycanda da kifayət qədərdir. Hər il dünyada 20 minə yaxın insan ürək qüsurundan dünyasını dəyişir. Təəssüf ki, bu rəqəmlər içində yaşı az olan körpə uşaqlar da var.
Pediatr Yasəmən Cəlilovanın sözlərinə görə, adətən, anadangəlmə ürək xəstəlikləri bu xəstəliyin növünə və ağırlığına bağlı olaraq körpələrdə müxtəlif əlamətlərə yol açır. Bunlardan birincisi ürəkdəki dəliklər və qapaq pozğunluğu ilə ortaya çıxan əlamətlərdir. Bunlara yatan körpənin sürətlə nəfəs alması, süd əmərkən, ya da əmziklə qidalanarkən alnının çoxlu tərləməsi, qidalanarkən tez yorulması, ara verməsi, yaxud yuxuya qalması, yuxu nizamının pozulması hallarını göstərmək olar. İrəliləmiş mərhələdə ürək rahatsızlığına körpədə çəki artımının dayanması, eləcə də boy artımının geri qalması, müəyyən müddət içərisində körpənin ürək döyüntülərinin nəzərəçarpacaq dərəcədə artması, ürəyin olduğu yerdə sinənin qabarıq hala gəlməsi, körpənin tez-tez sətəlcəm və ya bronxit olması, daha böyük uşaqlarda isə tez yorulma, sinə ağrısı və ürəkdöyünmə kimi əlamətlər ortaya çıxır.
İkinci əlamət isə siyanotik ürək xəstəliklərinə aiddir. Bu zaman körpənin dodaqlarında və barmaq uclarında - dırnaqda göyərmə olur. İlk vaxtlar bu göyərmə arada bir, xüsusilə də körpə ağladığı zaman yüngül bir şəkildə ortaya çıxsa da, getdikcə artır və davamlı xarakter alır. Körpə ağladığı zaman, qidalanmadan sonra, səhər oyandığında və ya isti vanna qəbul etdikdən sonra özündən getmə deyilən hal keçirməyə başlayır. Üzünün ağarması və ya göyərməsi, qısa müddətə də olsa ətrafla əlaqəsinin kəsilməsi və gözlərin sabit bir nöqtəyə baxması, daha böyük uşaqların yorulduqlarında göyərməsi və yerə çöməlmə ehtiyacı duyması da müşahidə olunur.
Alimlərin fikrincə, artıq hətta birgünlük, 2 kq çəkili, ürək qüsurlu körpələr uğurlu əməliyyat edilirlər. Bir ailədə birdən çox uşaqda anadangəlmə ürək xəstəliyinə çox nadir hallarda rast gəlinir. Bəzən valideynlər ürəyində qüsur olan uşaqlarının fiziki aktivliyinə qadağalar qoyurlar. Bu vəziyyət onların yaşıdları ilə bərabər olmasını əngəlləyərək uşağın həyat səviyyəsinin düşməsinə səbəb olur.
Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin uşaq ürək cərrahiyyə şöbəsinin rəhbəri Elnur Həsənov bildirdi ki, anadangəlmə ürək xəstəliklərinin mənbəyində müxtəlif əlamətlər dayanır. Belə ki, anadangəlmə ürək qüsurlarının yaranma səbəbləri sırasında irsi keçid, qohum evliliklər, valideynlərin ikisindən birinin alkoqollu içki qəbul etməsi, radiasiya və s. amillər yer alır. Eyni zamanda əldə, ayaqda, dodaqda göyərmə, tez yorulma, tez-tez xəstələnmə kimi əlamətlər ürək qüsurlarından şübhələnməyə imkan yaradır. Uşaqlarda bu problemin aşkarlanmasına gəldikdə isə həkim deyir ki, artıq hamiləliyin 2 həftəliyində körpənin ürəyi döyünməyə başlayır. Mövcud qüsurla bağlı əməliyyatdan sonra isə uşaqlar kifayət qədər aktiv və tam sağlam həyat tərzi sürə bilirlər, amma bir şərtlə ki, əməliyyat uğurlu keçsin. Uşaqlarda bu problemin müalicəsi mümkün olduqda dərmanla aparılır, əks halda əməliyyata üstünlük verilir. Bəzən ürəyə pil qoyulur ki, müəyyən müddətdən sonra ehtiyac olmadıqda o çıxarılır.
Həkimin dediyinə görə, müalicə nə qədər erkən olarsa, müsbət nəticə verər. Əks təqdirdə, müalicə çətinləşir: "Hətta bu gün dünyada ürəklə bağlı problemi olan uşaqların arasında Avropa, olimpiya çempionları olan idmançılar var. Ölkəmizdə belə bir məşhur idmançı var". Hazırda diaqnoz üsulları və ürək əməliyyatları sahəsində inkişafla bağlı olaraq əvvəllər ümidsiz olaraq xarakterizə edilən xəstəliklər müalicə edilir.

Ülviyyə Tahirqızı