Ağsaqqallar bu gün Prezident İlham Əliyevin ətrafında  daha sıx birləşiblər Hadisə

Ağsaqqallar bu gün Prezident İlham Əliyevin ətrafında  daha sıx birləşiblər

Bu gün Siyəzəndə xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla, Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib. Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov, Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, rayon ağsaqqalları və ziyalıları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Konfransda Vətən müharibəsində həlak olmuş şəhidlərin və ötən dövr ərzində dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov ağsaqqalların Azərbaycanın ictimai-siyasi və mədəni həyatındakı əhəmiyyətli rolundan bəhs edib. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən dinamik inkişaf prosesində ağsaqqalların fəaliyyətini yüksək dəyərləndirib. Qeyd edilib ki, Siyəzəndə də ağsaqqallar rayonuun mədəni-ictimai həyatında, xüsusilə gənclərin maarifləndirilməsində yaxından iştirak edirlər.
Konfrans iştirakçlarına Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin salamlarını çatdıran Şuranın sədr müavini Tahir Süleymanov öz çıxışında bildirib ki, ona doğma olan Siyəzən rayonunda ağsaqqallarla görüşdüyü üçün çox şaddır. Qeyd edilib ki, bütün ölkə ağsaqqalları kimi, Siyəzən rayonunun ağsaqqalları da daim dövlətçiliyimizin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və təbliğ edilməsi, yeniyetmə və gənclərimizin ulu öndər Heydər Əliyev ideyalarına sədaqət və yüksək vətənpərvərlik ruhunda tərbiyə olunması kimi nəcib bir vəzifəni həyata keçirirlər.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən möhtəşəm “Dəmir yumruq” əməliyyatından, şanlı Ordumuzun şücaətindən danışan Tahir Süleymanov vurğulayıb ki, xalqımız, həmçinin ağsaqqallarımız 44 günlük Vətən müharibəsi zamanı dövlət başçısının ətrafında birləşərək böyük Zəfərin qazanılmasında iştirak etdilər və bu birlik, bu həmrəylik hal-hazırda da davam edir. Ağsaqqallar bu gün Prezident İlham Əliyevin ətrafında daha sıx birləşiblər. Sonra ümummilli lider Heydər Əliyevin ağsaqqallara verdiyi yüksək dəyərdən söz açan natiq qeyd edib ki, hal-hazırda ölkə Prezidenti cənab İlham Əliyev və Mehriban xanım Əliyeva da bu nəcib ənənəni davam etdirərək ağsaqqallara böyük qayğı və diqqət göstərirlər. Daha sonra Tahir Süleymanov vurğulayıb ki, hazırda Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Eldar Quliyevin başçılığı ilə təşkilatda böyük canlanma yaşanır, Şura daha məhsuldar və səmərəli fəaliyyət göstərir, dövlətimizin və cəmiyyətimizin inkişafına öz layiqli töhfəsini verir.
Sonra tədbirdə təşkilati məsələlər müzakirəyə çıxarılıb. Siyəzən Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul edilib.
Qəzənfər Nəcəfov yenidən Rayon Ağsaqqallar Şurasının sədri seçilib. Konfransda, həmçinin Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin və Təftiş Komissiyasının yeni tərkibi formalaşdırılıb.
Sonda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov, Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov və digər natiqlər Siyəzən Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini və heyətini təbrik edərək, gələcək fəaliyyətlərində təşkilat üzvlərinə uğurlar arzulayıblar.