“AP-nin qərarı müxtəlif konyunktur mülahizələrlə bağlıdır” Hadisə

“AP-nin qərarı müxtəlif konyunktur mülahizələrlə bağlıdır”

Musa Qasımlı: "Azərbaycanda mətbuat üzərində senzura yoxdur"

"Avropa Parlamentinin Azərbaycanla bağlı arayışı gerçəkliyi qətiyyən düzgün əks etdirmir. Bu gün Azərbaycanda azad mətbuat var, internet sərbəst şəkildə fəaliyyət göstərir, müxtəlif saytlar yaradılıb və açıq şəkildə hökuməti tənqid edirlər, Azərbaycanda mətbuat üzərində senzura yoxdur. Azərbaycanda qətiyyən avtoritarizm mövcud deyil". Bunu "Trend"ə açıqlamasında Avropa Parlamentində Azərbaycana qarşı arayışın hazırlanması məsələsini şərh edərkən Milli Məclisin deputatı Musa Qasımlı deyib.
M.Qasımlı bildirib ki, Azərbaycanın mövcud siyasi sistemi avtoritarizmin olmasına imkan vermir: "Ölkədə siyasi partiyaların fəaliyyəti qanunla tənzimlənir, 50-dən artıq siyasi partiya mövcuddur. Azərbaycanda demokratik cəmiyyət quruculuğu seçilib və bu yolla gedilir. Azərbaycan xalqı demokratik cəmiyyət quruculuğu yolunu kimsənin göstərişi ilə seçməyib. Bu yol Azərbaycan xalqının öz istəyi ilə seçilib".
Deputat hesab edir ki, Avropa Parlamentinin bu qərarı müxtəlif konyunktur mülahizələrlə bağlıdır: "Bu mülahizələrin içərisində Azərbaycanın digər dövlətlərlə münasibətlərinə xələr gətirmək niyyətləri var. Azərbaycanın qonşu dövlətlərlə münasibətləri qətiyyən Avropa İttifaqına qarşı yönəlməyib və Azərbaycan hər hansı beynəlxalq təşkilatın əlində digərlərinə qarşı vasitə deyil. Azərbaycan indiyə qədər Avropa İttifaqı ilə çoxlu layihələr həyata keçirib. Sadəcə, Avropa İttifaqının Rusiya və digər ölkələrlə yaranmış gərgin münasibətləri belə qərarların qəbul edilməsinə təsir göstərir. Fikrimcə, Azərbaycanla hökm dilində danışmaq olmaz, Azərbaycanla əməkdaşlıq etmək lazımdır. Azərbaycan əməkdaşlıq üçün tam açıq bir ölkədir. Əməkdaşlıq etmək Avropa İttifaqının da xeyrinədir".