Abşeronda narkotik satan şəxs tutulub - VİDEO Hadisə

Abşeronda narkotik satan şəxs tutulub - VİDEO

Qobu və Hökməli qəsəbələrində taksi sürücüsü görünüşü yaradaraq narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Növbəti əməliyyat zamanı Qobu və Hökməli qəsəbələrində, eləcə də, Abşeron rayonunun inzibati ərazisinə daxil olan digər ərazilərdə narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini Ceyhun Əsədov saxlanılıb. Onun üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı 100 qrama yaxın psixotrop maddə olan metamfetamin, 15 qram narkotik vasitə heroin, satışı qadağan olunan psixotrop tərkibli dərmanlar və narkotik vasitələrin satışı üçün nəzərdə tutulan 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Ceyhun Əsədovun ətrafında həyata keçirilən əməliyyat-istintaq tədbirləri zamanı müəyyən edilib ki, o, Sumqayıt şəhəri və Abşeron rayonunda narkotik vasitələrin satışını həyata keçirib. Həmin şəxs məsuliyyətdən yayınmaq üçün taksi sürücüsü görünüşü yaradaraq narkotik vasitələrin satışı ilə məşğul olub.

Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat- istintaq tədbirləri davam etdirilir.