“Əkrəmin döşündən beş “Nobel“ mükafatı assalar...” Hadisə

“Əkrəmin döşündən beş “Nobel“ mükafatı assalar...”

Sabir Rüstəmxanlı: "O, millətin qarşısında qazandığı üzqaralığından çıxa bilməz"
Cəmaləddin Həsənoğlu: "Onlar Əkrəm qədər qınanmalı, lənətlənməlidir"
Orxan Aras: "Bunun belə olacağı zatən bəlli idi"

Əsasən Rusiyadan olan bir sıra ictimai xadimlər yazıçı Əkrəm Əylislini 2014-cü il Nobel sülh mükafatına namizəd göstəriblər. Norveç Nobel Komitəsinə ünvanlanan müraciətdə Əkrəm Əylislinin "Azərbaycan və Ermənistan xalqları arasındakı düşmənçiliyin aradan qaldırılmasında mərdlik göstərdiyi" vurğulanır: "Sülh prosesi dalandan çıxa bilmir, kövrək sülh hər zaman müharibəyə çevrilə bilər. Yalnız məşhur şəxsiyyətlərin çağırışları hər iki xalqı bir-birini bağışlamağa və razılığa gəlməyə təşviq edə bilər. Cənab Əylisli bu addımı hamıdan əvvəl atacaq və düşmənə əl uzadacaq qədər mərd adamdır. Biz əminik ki, Ermənistanda da eyni şəkildə cavab verməyə hazır olan insanlar var".
Müraciət aşağıdakı şəxslər imzalayıb:
Sergey Abaşin (Sergey Abashin) - antropologiya və sosial tədqiqatlar professoru, Sankt-Peterburq Avropa Universiteti;
Andrey Bitov (Andrei Bitov) - Rusiya PEN-klubunun prezidenti, İrəvan Dövlət Universitetinin fəxri professoru;
Kreyq Kalhun (Craig Calhoun) - sosial elmlər professoru, London İqtisadi və Siyasi Elmlər Məktəbinin direktoru;
Georgi Derluqyan (Georgi Derluguian) - sosial tədqiqatlar və kütlə siyasəti professoru, Əbu Dabi Nyu-York Universiteti;
Aleksandr Dobroxotov (Alexander Dobrokhotov) - fəlsəfə doktoru, Moskva Ali İqtisadiyyat Məktəbi;
Həsən Hüseynov (Qasan Quseinov) - klassik filologiya və fəlsəfə doktoru, Moskva Dövlət Universiteti, Moskva Ali İqtisadiyyat Məktəbi, Bazel (İsveçrə) Universiteti;
Kevan Harris (Kevan Harris) - ABŞ-ın Prinston Universitetinin Yaxın Şərq Araşdırmaları Mərkəzinin əməkdaşı;
Ruslan Xestanov (Rouslan Khestanov) - fəlsəfə və kulturologiya professoru, Moskva Sosial və Mədəniyyət Proqramları İnstitutunun direktoru, Moskva Ali İqtisadiyyat Məktəbi;
Mixail Mayatski (Mikhail Maiatsky) - kulturologiya professoru, Moskva Ali İqtisadiyyat Məktəbi, İsveçrə Friburq Universiteti;
Vladimir Malaxov (Vladimir Malakhov) - sosial tədqiqatlar professoru, Rusiya Təsərrüfat və Dövlət Xidməti Akademiyasının prezidenti;
Nikolay Plotnikov (Nikolaj Plotnikov) - fəlsəfə professoru, Rus Fəlsəfəsi və İntellektual Tarixi elmi mərkəzi, Bohum Rur Universiteti;
Teodor Şanin (Teodor Shanin) - Mançester Universitetinin sosiologiya professoru;
İmmanuel Vallerstayn - Yelk Universitetinin sosiologiya professoru;
Qeyd edək ki, müraciəti imzalayan Həsən Hüseynov Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycanın əməkdar incəsənət xadimi Çingiz Hüseynovun oğludur.
Xatırladaq ki, 2012-ci ilin dekabrında Əkrəm Əylisli "Daş yuxular" romanını nəşr edib. Romanda ermənilərə qarşı törədilən qırğınlardan bəhs olunur. Yazıçı bu romanı 2006-cı ildə yazdığını söyləyib. Roman yayıldıqdan sonra Əkrəm Əylisli "Azərbaycanın xalq yazıçısı" adından və fəxri təqaüddən məhrum edilib.
Onu da əlavə edək ki, Əkrəm Əylislinin 2014-cü il Nobel sülh mükafatına namizəd göstərilməsi ölkədə böyük ajiotaj yaradıb. Əkrəm Əylisli bu xəbər haqqında srağagün məlumat aldığını bildirib və qeyd edib ki, o, çox böyük qürur hissi keçirir ki, düşmən olan iki ölkənin - Azərbaycanla Ermənistanın dostluğuna zərrə qədər öz köməyini göstərir.
"Siz doğrudanmı Nobel mükafatı alacağına inanırsınız?" sualına Əkrəm Əylisli belə cavab verdi: "Nobel mükafatı almaq mənim üçün önəmli deyil, önəmli olan Dağlıq Qarabağ probleminin çözülməsi yolunda bir işıq ucunun görünməsidir".
Əkrəm Əylisli Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyindən bu məsələ ilə bağlı onunla əlaqə yaratmamaqlarına cavab kimi "Onların mənim yaradıcılığıma, özümə mövqeləri aydındır" deyib və əlavə edib ki, AYB-dən heç nə gözləmir: "Əsas odur ki, Azərbaycan ədəbiyyatı haqqında dünya xalqları, dünya yazıçıları yeni bilgi toplasınlar və adımız dünya yazarlarının cərgəsinə qoşulsun".
Bununla da "Daş Yuxular"ın öncədən hazırlanmış bir layihə olduğu bir daha təsdiqlənib. Onu bu mükafata təqdim edənlərin əksəriyyəti Ermənistanla yaxın əlaqədə olan Rusiya vətəndaşlarıdır.
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı xarici ölkələrin qrup alim və ədəbiyyatçıları tərəfindən Əkrəm Əylislinin "Nobel" mükafatına namizəd göstərilməsinə münasibət bildirib.
Sabir Rüstəmxanlı Əkrəm Əylislinin "Nobel" mükafatına namizəd kimi göstərilməsinin əhəmiyyətsiz bir hal olduğunu deyib: "Əkrəm Əylisilinin döşündən beş dənə də "Nobel" mükafatı assalar, o millətin qarşısında qazandığı üzqaralığından çıxa bilməz. Fərqi yoxdur ki, mükafatı ona kim verir. Əkrəm Əylisli "Daş yuxular"ın üzqaralığını yuyub təmizləyə bilməz".
Jurnalist Cəmaləddin Həsənoğlu "Daş yuxular"la tanış olduğum ilk vaxtdan bu romana və müəllifinə birmənalı tənqidi münasibətim olub və bu münasibət indi də dəyişməyib",- deyə bildirdi: "Amma məncə indi yeni Əkrəmlərin yetişməsinin qarşısını almalıyıq. O zaman Əkrəm mövzusu gündəmdə qaldıqca mütləq kimlərinsə özünü ona bənzətmək istəyəcəyini yazmışdım. Günel Mövlud hadisəsi göstərdi ki, belə bir təhlükə həmişə var. Qınayıram. Amma 1915-ci il hadisələrinin dünya ictimai rəyinə şişirdilərək təqdim edilməsi sirr deyil ki, azəri və osmanlı torpaqlarıı üzərində erməni dövləti yartamaq üçün düşünülmüş bir ssenari idi. Bunu qınayırıq və qınamlıyıq da. Amma Sumqayıt hadisləri barədə saxta səs-küy də Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına beynəlxalq ictiami dəstək üçün düşünülmüş bir kampaniya idi. Nədənsə o zaman SSRİ Ali Sovetinin deputatı olan ziyalılarımz özlərinə rəva görüb bu hadisənin mahiyyətini açmadılar. Əksinə ziyalı olduğumuz belə vəhşiliyi qınayırıq dedilər. Hüquq mühafizə orqanlarına rəhbərlik edənlər azərbaycanlıarı günahkar çıxardılar. İndi bu ziaylıalrımızdan ikisi deputat, biri də yaradıcı ittifaqlardan birinin rəhbəridir. Məncə onları da qınamağın vaxtı çatıb, hətta keçib. Onlar Əkrəm qədər qınanmalı, lənətlənməlidir".
Məsələyə münasibət bildirən, filologiya elmləri doktoru, millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü Jalə Əliyeva deyib ki, təxminən bir il öncə - elə bu zamanlar yazıçı Əkrəm Əylislinin bədnam "Daş yuxular" "əsər"i ortaya çıxdığı və geniş müzakirələrə səbəb olduğu vaxtlar artıq belə düşünmək olardı ki, bunun mütləq pərdəarxası məqsədi var: "Mən indi həmin "əsər"in məğzi, mahiyyəti haqqında yenidən geniş danışmaq, əvvəlki fikirlərimi təkrarlamaq istəmirəm. Çünki hələ bir il öncə bu məsələ ilə bağlı müzakirələr açılarkən öz fikirlərimi bildirmişdim. Ümumiyyətlə, özünü azərbaycanlı hesab edən, bu xalqın ağrı-acısını öz ağrı-acısı bilən hər bir ziyalı, hər bir kəs təbii ki, o zaman bu məsələyə öz kəskin münasibətini ifadə etmişdi". Millət vəkilinin sözlərinə görə, amma bu gün yeni bir məsələ gündəmə gəlib ki, bu da həmin "əsər"in, onun müəllifinin Nobel sülh mükafatına təqdim edilməsidir. Millət vəkili bir daha xatırladıb ki, bu, əslində gözlənilən idi: "Dediyim kimi, bu "əsər" nəyə görə yazıldı, nə üçün belə bir addım atıldı, sualları qarşısında polemik müzakirələr getmişdi və hər kəs də təəccüblənərək çiyinlərini çəkmişdi ki, axı niyə-nə üçün? Mən də bu məsələ ilə bağlı mətbuatda gedən yazımda "nə üçün bunu etdiniz Əkrəm müəllim?"- deyə, üzüntü ilə yazıçıdan soruşmuşdum. Ancaq elə o zaman gəlinən nəticələrdən biri o idi ki, bəlkə də bunun arxasında hansısa böyük bir mükafat, hansısa şirnikləndirici bir amil dayanır. Bu baxımdan, indi bu "əsər"in Nobel sülh mükafatına təqdim olunması gözlənilməz deyil, əksinə, gözlənilən bir addım idi. Bu "əsər" müəyyən sifarişlərlə, müəyyən məqsədlərlə ortaya çıxıbsa və ya çıxarılıbsa təbii ki, bunun arxasında dayanan erməni lobbisi, erməni ideologiyası hər zaman olduğu kimi, bu dəfə də bunu sonuna qədər həyata keçirəcək. Belə demək mümkünsə, özümüzü öz yazıçımızın, dili, dini bizimlə eyni olan bir yazıçının əli ilə vurdurmaq da qarşımızdakı düşmənin bir daha məkrli niyyətini, bədxah siyasətini ortaya qoymuş oldu". Nobel sülh mükafatına və mükafatçılarına etirazı olmadığını, bu barədə subyektiv fikir söyləmək istəmədiyini deyən millət vəkili eyni zamanda, bir üzüntüsünü də dilə gətirib: "Bu günə kimi Nobel sülh mükafatı dünyanın çox əhəmiyyətli, çox dəyərli yazarlarına verilib. Amma eyni zamanda bir fikrimi də mütləq bildirmək istəyirəm ki, çox təəssüflər olsun son dövrlərdə mükafatçıların seçilməsində daha çox siyasi ambisiyalar və daha çox xalqları bir-birinə qarşı qoyan yazarlar, onları əsərləri önə çəkilir. Yəni, qiymət əsl sənətə, əsl əbədiyyat nümunəsinə, əsl yazara deyil, əsərinin içərisində ayrımçılıq salan, nifrət toxumu səpən, haqqı nahaqqa qurban verən insanlara, Böyük Türk dünyasına, onun ayrılmaz parçası olan Azərbaycan xalqına iftira, böhtan atan yazarlara, onların əsərlərinə verilir. Onlar nədənsə birinci növbədə mükafata təqdim olunur və sonda da laureat olurlar. Bunu da üzüntü ilə qeyd etmək istəyirəm".
Almaniyada yaşayan yazar Orxan Aras isə bildirdi ki, Əylisli kimi adamlar istəyirlər ki, o bir şey desin hamı da ona cavab versin: "Bunun belə olacağı zatən bəlli idi".

Əli