“Kişilərin günü olmur, kişi hər gün kişidir” - Emin Həsənli Hadisə

“Kişilərin günü olmur, kişi hər gün kişidir” - Emin Həsənli

“23 fevral bayramı Sovet İttifaqının vaxtnda kişilərin bayramı və hərbçilər günü kimi qeyd edilirdi. O zaman 8 Mart qadınlar bayramı da keçirilirdi. 23 fevralda qızlar orta məktəbdə oğlan uşaqlarını təbrik edirdi. Amma artıq Azərbaycan müstəqil dövlətdir. Onun mustəqil ordusu var. 1918-ci il 26 İyunda Azərbaycan Xalq Cümhuriyyətinin Silahlı qüvvələrinin yaranma günüdür. Dövlətimiz Xalq Cümhuriyyətinin, ordumuz isə həmin silahlı qüvvələrin varisidir”.

Bu fikirləri Herbiand.az-a açıqlamasında Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli deyib.

Emin Həsənli vurğulayıb ki, Azərbaycanda artıq 26 İyun hərbçilərimizin peşə bayramı kimi qeyd edilir:

“Ordu xalqımız üçün əziz olduğundan, dövlətin əsas atributu olduğundan həmin gün eyni zamanda istirahət günüdür. Bütün insanlar 26 İyunu bayram kimi qeyd edir. Bu, hərbçilərimizin günü kimi qeyd edilə bilər. Həmin gün kişi cinsinə mənsub olan insanları təbrik etmək olar”.

“8 Noyabr isə ümumxalq bayramı günüdür. Başda Ali Baş Komandan olmaqla, yaşından və cinsiyətindən asılı olmayaraq hər kəsin, hətta bütün dünya azərbaycanlılarının bayramıdır. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə də uzun ömür və cansağlığı versin. Şəhidlərimizi, hərbçilərimizi analar dünyaya gətirir. O anaların əlindən öpürəm. 8 Noyabr həm də anaların bayramıdır”, - deyə hərbi ekspert vurğulayıb.

İctimai Birlik sədri qarşıdan 8 Mart Beynəlxalq qadınlar bayramının gəldiyini qeyd edərək şəhid, qazi analar başqa olmaqla bütün xanımlarımızı təbrik etməyin lazım olduğunu xüsusilə vurğulayıb:

“Onlara diqqət etməliyik. Əslində hər gün xanımlara qarşı diqqətli olmalıyıq. Onlara daim ehtiram göstərmək lazımdır. 8 Mart günündə isə bu, artıq xüsusi olaraq ənənə halını alıb.

Emin Həsənli kişilər günü ilə bağlı deyib ki, kişilərin günü olmur, kişi hər gün kişidir:

“Yenə də qeyd edirəm, 26 İyun hərbçilərimizin bayramı, 8 Noyabr zəfər bayramı ümumxalq bayramı olaraq hər birimizin bayramıdır. Son dövrlərdə 23 fevral günü ilə bağlı bu gün də bəzi paylaşımlar, bayram təbrikləri olur. Hesab edirəm, buna birdəfəlik son qoymaq lazımdır”.