

“Mən buna etiraz eləmirəm. 65 yaşa qaldırıla bilər. Amma burada 60 yaşdan sonra əgər istəyərlərsə, onların pensiyaya getmək hüquqları saxlanılsın. Niyə? Birincisi, hörmətli Əminə xanım qeyd etdi ki, Avropa ölkələrində onların pensiyaya getmək üçün yaş həddi yuxarıdır. Avropada orta yaş həddi 83 yaşdır. Bizdə nə qədərdir? Yəni biz bunu nəzərə almalıyıq”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Millət vəkili əlavə edib: “Dəfələrlə bunu demişik. Xüsusilə prokurorluqda işləyənlərin əksəriyyəti kişilərdir, kişilərin də heç 47 faizə qədəri pensiya yaşına çatmamış dünyasını dəyişir. Ona görə də bu barədə düşünməliyik. İkincisi, burada niyə prokurorluq, hüquq mühafiə orqanları əməkdaşları, güc strukturları, silahlı qüvvələr, yəni bunlarda müəyyən bir müddət xidmət edəndən sonra insanlar daha tez pensiyaya buraxılır? Ona görə ki, onların həyat və sağlamlıqları üçün təhlükə var. O cümlədən prokurorluq işçilərinin neçəsi indiyə qədər cinayətkar qruplar tərəfindən qətlə yetirilib? Yəni onların həyatları üçün hər an təhlükə var. İkincisi, onlar stressli bir həyat yaşayırlar. Məsələn, qısa müddətdə olsa da mən özüm də hüquq-mühafizə orqanlarında işləmişəm. Məsələn, birini məsuliyyətə cəlb edirsən, o, qanunu pozub, amma buna baxmayaraq bəzən həmin o məsuliyyət cəlb etdiyin o şəxsin tək özü haqqında düşünmürsən, onun yaxınları, ailə üzvləri, uşaqları var. Bəzən o həbs olunana qədər elə müstəntiq daxili bir iztirab keçirir. Əlbəttə, bu, vicdanını itirməyənlərə aiddir. Mən xatırlayıram, biz hələ universitetdə təhsil alanda bizim hörmətli müəllimlərdən biri deyirdi ki, “bizim tələblərdən biri hakim təyin olunmuşdu, o, bir şəxsə cəza təyin edən zaman zalda da onun həyat yoldaşı, uşaqları olublar. Hökmü oxuyub başa çatandan sonra orada qadının, onun ailə üzvlərinin keçirdiyi iztirabları, ağlamalarını görüb və huşunu itirib yerə yıxılıb”. Həm də onlar gecə də yatmırlar, istintaqla bağlı fikirləşirlər, düşünürlər. Bunun üçün mən hesab edirəm ki, bu müddəti 65 yaşa qaldırsaq da, şəxs 60 yaşdan sonra şəxs pensiyaya çıxa bilsin. Yəni kim istəyir 65 yaşa qədər işləmək istəyənlər, fəaliyyətini davam etdirmək istəyi ilə bağlı ərizə yazsın və fəaliyyətini davam etdirsin. Bu baxımdan mən bunu təkcə öz fikrim kimi söyləmirəm. Mən bu qanun layihəsi gündəmə gələndən sonra prokurorluqda işləyən bəzi insanlarla da söhbət etmişəm, onların da fikirləri budur. Onlar da deyirlər ki, biz səbrlə oturub gözləyirdik ki, pensiya vaxtımız çatır və birdən-birə bu qanun qəbul olunur və biz bir növ çətin vəziyyətə düşürük.
O zaman biz də ümumiyyətlə qəbul edək ki, bu, prokurorluğa yeni qəbul olunanlara şamil olunsun. Ona görə ki, Konstitusiyaya görə vətəndaşın vəziyyətini ağırlaşdıran qanunun geriyə qüvvəsi yoxdur. Bu da onun pensiya hüququnu məhdudlaşdırdığına görə vətəndaşın vəziyyətini ağırlaşdırır. Ona görə də gəlin onda qeyd edək ki, bu, prokurorluq orqanlarına yeni qəbul olunan işçilərə şamil olunur”.