

Diplomatik korpus nümayəndələri Ağdamda səfərdə olub.
APA-nın Qarabağ bürosu xəbər verir ki, heyət Ağdamda həyata keçirilən tikinti-quruculuq işləri ilə tanış olub.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdam şəhərində həyata keçirilən quruculuq işləri barədə geniş məlumat verib.
Sonra nümayəndə heyəti Ağdam Muğam Mərkəzində olub. Bildirilib ki, Mərkəz Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq.
Diplomatik korpus nümayəndələri və hərbi attaşelər daha sonra Ağdam şəhərindəki İmarət kompleksi ilə tanış olublar.
Məlumat verilib ki, Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq tikililərdən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. İşğal dövründə digər tarixi-mədəni və dini abidələr kimi, Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb.
Diqqətə çatdırılıb ki, işğaldan azad edildikdən sonra Ağdam İmarət Kompleksində restavrasiya və arxeoloji tədqiqat işləri həyata keçirilib. Kompleks nəinki Qarabağın, eləcə də Azərbaycanın mühüm turizm və mədəniyyət mərkəzlərindən biridir.
Nümayəndə heyəti Ağdam Sənaye Parkı ilə də tanış olub. Bildirilib ki, Ağdam Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün əlverişli investisiya mühiti yaradılıb. Belə ki, sahibkarlar dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin edilirlər.
Diplomatik korpusun nümayəndələrinin iyunun 20-də Şərqi Zəngəzur və Qarabağa Laçın Beynəlxalq Hava Limanından başlayan səfəri Ağdam dəmir yolu vağzalında başa çatıb.
Nümayəndə heyətinə bildirilib ki, Prezident İlham Əliyev ötən ayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib. Dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verir.
Diplomatlar Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinə gələrək, buradan sürət qatarı ilə Bakıya yola düşüblər.