

Rəşid Behbudov adına Mahnı Teatrında folklorşünas alim, Aşıq Ələsgər irsinin yorulmaz tədqiqatçısı İslam Ələsgərin anadan olmasının 100 illik yubileyi münasibətilə "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin təşkilatçılığı ilə yubiley gecəsi keçirilib.
“Report” xəbər verir ki, tədbir Azərbaycan ədəbiyyatının və xalq yaradıcılığının nadir simalarından olan Aşıq Ələsgər irsinin elmi şəkildə araşdırılıb qorunmasında müstəsna xidmətləri olan İslam Ələsgərin zəngin irsinə həsr olunub.
Yubiley gecəsində "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin sədri Xətai Ələsgərli, tanınmış elm və mədəniyyət xadimləri filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, millət vəkili, filologiya elmləri doktoru, professor Rafael Hüseynov, filologiya elmləri doktoru, professor Muxtar İmanov, tibb üzrə fəlsəfə doktoru Hacı Abbas Bağırov və tədqiqatçı Hacı Loğman Babacanlı, “İrəvan” xalq çalğı alətləri ansamblının bədii rəhbəri Maya Qafarova çıxış edərək İslam Ələsgərin Aşıq Ələsgər irsinin toplanması, nəşri və elmi əsaslarla öyrənilməsindəki rolundan danışıblar.
Tədbirin bədii hissəsində Azərbaycan musiqisinin və aşıq sənətinin görkəmli nümayəndələrinin çıxışları gecəyə xüsusi rəng qatıb. Gecədə Aşıq Ramin Qarayev, “İrəvan” xalq çalğı alətləri ansamblı, xanəndə Mehranə Vəliqızı, aşıq Dərya Mərdənzadə, vokalist Marianərmin Əjdərova, Aşıq Təbriz Vəliyev, aşıq Cəmaləddin Quliyev və gənc aşıq Hüseyn Laçınlı çıxış ediblər.
Tədbir çərçivəsində Aşıq Ələsgər irsinin tədqiqi və təbliği sahəsində xidmətləri olan bir sıra şəxslər “Aşıq Ələsgər – 200” yubiley medalı ilə təltif olunub. Bu mükafata Qəzənfər Paşayev, Rafael Hüseynov və Hacı Abbas Bağırov layiq görülüblər. Folklorşünas alim İslam Ələsgər ölümündən sonra həmin medalla təltif edilib və mükafat ailəsi adından Xətai Ələsgərliyə təqdim olunub.
Həmçinin tədbirin bədii hissəsinin təşkilinə rəhbərlik edən, “İrəvan” xalq çalğı alətləri ansamblının bədii rəhbəri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Maya Qafarova Fəxri Diplomla təltif olunub.
Yubiley gecəsində İslam Ələsgərdən bəhs edən videoçarx izlənilib.