

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyası çərçivəsində İndoneziya Respublikasının xarici işlər naziri Suqiono ilə görüşüb.
Bu barədə “Report”a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Görüş zamanı Azərbaycan ilə İndoneziya arasında mövcud ikitərəfli münasibətlər və əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən siyasi, iqtisadi, nəqliyyat və turizm sahələrində tərəfdaşlığın inkişafı imkanları müzakirə olunub.
Tərəflər həmçinin BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, D-8 və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi, eləcə də qlobal çağırışlarla mübarizədə birgə fəaliyyətin vacibliyini qeyd ediblər.
Nazir Ceyhun Bayramov regional təhlükəsizlik vəziyyəti ilə bağlı Azərbaycanın mövqeyini bölüşüb və Ermənistanla normallaşma prosesində mövcud çətinliklər barədə qarşı tərəfi məlumatlandırıb.
Görüşdə, həmçinin, Yaxın Şərqdə baş verən son gərginlik, xüsusilə İsrail-İran qarşıdurması fonunda regionda artan risklər və onların mümkün təsirləri ilə bağlı fikir mübadiləsi aparılıb. İndoneziya tərəfi vətəndaşlarının İrandan təxliyəsi istiqamətində Azərbaycan tərəfindən göstərilən dəstəyə görə dərin minnətdarlığını bildirib.
20:53
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov indoneziyalı həmkarı Suqiono ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabındakı paylaşımında deyilir.
Tərəflər İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyası çərçivəsində bir araya gəliblər.
Nazirlər İsrail və İran arasında mövcud eskalasiyanı müzakirə edib və narahatlıqlarını ifadə ediblər. Onlar diplomatik həllə çağırışlarını təkrarlayıblar. İndoneziya tərəfi vətəndaşlarının İrandan təxliyəsinin asanlaşdırılmasına görə Azərbaycana minnətdarlığını bildirib.
Azərbayca ilə İndoneziya arasında bir sıra sektorlar üzrə, xüsusilə də iqtisadiyyat, nəqliyyat və turizm sahələrində ikitərəfli əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.
BMT, İƏT, Qoşulmama Təşkilatı, D-8 və digər qlobal və regional təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi qeyd edilib.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.