“Bu həyat qədər” və ya Rauf Hacıyev unudulmur Mədəniyyət

“Bu həyat qədər” və ya Rauf Hacıyev unudulmur

Dekabrın 6-da Heydər Əliyev Sarayında Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Rauf Hacıyevin anadan olmasının 100 illiyi münasibətilə “Bu həyat qədər” adlı estrada-caz konserti təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, konsertdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, “Qaya” Dövlət Ansamblı, R.Behbudov adına Azərbaycan dövlət Mahnı Teatrı nəzdində Estrada-simfonik orkestri, həmçinin tanınmış Xalq artistləri və gənc ifaçılar R.Hacıyevin bəstəsi olan mahnılarla çıxış edəcəklər.

Rauf Hacıyev rəngarəng yaradıcılıq palitrasına malik sənətkar kimi Azərbaycanın musiqi mədəniyyəti tarixində özünəməxsus yer tutur. Müxtəlif janrlarda çox sayda qiymətli əsərlər, o cümlədən simfoniya, oratoriya və kantatalar meydana gətirən bəstəkara uğurlu səhnə təcəssümü tapmış operettaları xüsusilə geniş şöhrət qazandırıb. R.Hacıyevin milli motivlərlə müasir üslubun vəhdətində yaratdığı vətənpərvər ruhlu lirik mahnılar məşhur ifaçıların repertuarına daxil olaraq, Azərbaycan mahnı janrının inkişafında əhəmiyyətli rol oynayıb. Onun sənətinin yüksək bədii keyfiyyətləri həmçinin kinofilmlər və teatr tamaşaları üçün bəstələdiyi musiqi lövhələrində aydın təzahürünü tapıb. R.Hacıyev həmçinin respublikanın mədəni həyatında yaxından iştirak edərək, səmərəli ictimai fəaliyyəti ilə də nüfuz qazanıb.

Qeyd edək ki, bəstəkarın 100 illiyi ölkə başçısının müvafiq Sərəncamı əsasında silsilə tədbirlərlə qeyd olunur.