Ulu Öndərlə böyük bəstəkarın tarixi dostluğu Mədəniyyət

Ulu Öndərlə böyük bəstəkarın tarixi dostluğu

Yazı Heydər Əliyevin 100, Arif Məlikovun 90 illiyinə həsr olunub

Arif Məlikov deyib: “Mən Əliyev soyadına böyük hörmətlə yanaşıram və hiss edirəm ki, bu qarşılıqlıdır. Hətta ona Səkkizinci simfoniyamı həsr etmişəm”.

Bəs bu hadisə necə baş verib? Səkkizinci simfoniyanın yaranış tarixi tamam fərqlidir...

Bu barədə sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimovanın “Ulu Öndərlə böyük bəstəkarın tarixi dostluğu” sərlövhəli yazısında geniş bəhs olunur. AZƏRTAC həmin yazını təqdim edir.

Məlumdur ki, Ümummilli Lider Heydər Əliyev görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovu bir sənətkar və insan kimi yüksək dəyərləndirirdi. Onları bir-biri ilə dərin hörmət və dostluq birləşdirirdi. Bir gün Heydər Əliyev bəstəkara onunla böyük səyahətə – Məkkə ziyarətinə getməyi təklif edir və onlar bir yerdə müqəddəs Həcc ziyarətində olurlar. Ziyarət maraqlı və yaddaqalan olur. Müqəddəs ünvanları gəzib dualar etdikdən sonra Ulu Öndər Arif Məlikova bu məkanlardan ilhamlanaraq böyük və gözəl bir simfonik əsər yazmağı təklif edir. Bu, bəstəkara çox xoş təsir bağışlayır və vətənə qayıdarkən simfonik əsər üzərində işə başlayır. Beləliklə, bəstəkarın Səkkizinci “Əbədiyyat” adlandırdığı simfoniyası yaranır. Lakin bu haqda bir qədər sonra...

Azərbaycanın mədəni-siyasi həyatında iki görkəmli şəxsiyyətin – Heydər Əliyev və Arif Məlikovun böyük rolu olmuşdur. Heydər Əliyev tarixdə böyük və mühüm iz qoymuş lideridir, Arif Məlikov isə müasir musiqi sənətinin ən parlaq bəstəkarlarından biridir. Bu iki şəxsiyyətin xarakter və həyata baxışlarında çoxlu ortaq cəhətlər var və bu amillər onları birləşdirib. Ümumiyyətlə, Azərbaycan incəsənətinin çiçəklənməsində Heydər Əliyevin böyük rolu olub. Bu təsir Arif Məlikovdan da yan keçmədi. Bəstəkar Heydər Əliyevin 80 illik yubileyinə səkkizinci simfoniyasını və ən gözəl rəsmlərindən birini hədiyyə etdi. Beləliklə, Ümummilli Liderin təsiri Arif Məlikovun yaradıcılığında həm bəstəkar, həm də rəssam kimi öz əksini tapdı.

Qeyd edək ki, simfonik musiqi Arif Məlikovun yaradıcılığında əhəmiyyətli yer tutur. Bu əsərlər bəstəkarın daxili dünyasının təcəssümüdür. Bu, həm Azərbaycan musiqisinin, həm də müasir simfonik əsərlərin parlaq səhifəsidir. Bəstəkar səkkiz simfoniya müəllifidir. Məşhur dirijor G.Rojdestvenski deyirdi: “Məlikovun simfoniyalarını ifa etmək mənə xoşdur. Mən bir tərəfdən premyera etməyi sevirəm, digər tərəfdən isə artıq ifa etdiyim əsərlərə yenidən qayıtmaqda xüsusi sevinc və zövq duyuram. Müasir musiqidə bu hallara gec-gec rast gəlinir. Adətən müasir əsər bir dəfə ifa olunur və unudulur. Lakin əsl istedadlı əsərlə belə bir hal ola bilməz.. Onun əsərlərinə dirijorluq etmək – əsl zövqdür”.

Üzümüzə gələn 2023-cü il təkcə Heydər Əliyev üçün deyil, Arif Məlikov üçün də yubiley ilidir. Onlardan birinin 100, digərinin isə 90 yaşı tamam olur. Ancaq 10 illik zaman fərqi onların güclü və uzunmüddətli dostluğuna təsir etmədi.

Arif Məlikovun bəstəkar kimi yaradıcı obrazının təşəkkülü və formalaşmasının mənşəyi çoxşaxəli və rəngarəngdir. Təbii ki, bunun ən mühüm səbəblərindən biri Azərbaycan bəstəkarlar məktəbinin banisi, böyük Üzeyir Hacıbəyli ilə əlaqədardır. Bundan başqa A.Məlikov öz yaradıcılığında həmişə öz müəllimi Qara Qarayevin estetik mövqelərinə əsaslanır və yazdığı əsərlərdə milli köklərə söykənirdi.

Onu da qeyd etmək lazımdır ki, A.Məlikov məhz Q.Qarayevin məsləhəti ilə sonralar ona dünyaşöhrəti qazandıran ilk baletinin - “Məhəbbət əfsanəsi”nin librettosuna müraciət etmişdir.

Arif Məlikova olan yaradıcı təsirlərdən danışarkən onu da xüsusi qeyd etmək lazımdır ki, bəstəkarın yaradıcılıq tərcümeyi-halında həqiqətən müstəsna rol oynamış, onun yaradıcı obrazının formalaşmasında görkəmli dirijor Niyazinin həqiqətən də böyük əməyi olmuşdur. Məhz maestro Niyazi Arif Məlikovu Ümummilli Lider Heydər Əliyevlə tanış etmişdi. Bu tanışlıqdan sonra onun istedad və sədaqətinə yaxından bələd olan Heydər Əliyev A.Məlikova həm bəstəkar, həm də şəxsiyyət kimi dərin hörmət və sevgi bəsləyirdi.

Niyazinin tələbkar münasibəti və eyni zamanda, dostluğu gənc istedadların doğma Azərbaycan incəsənətinə töhfə verməyə qadir olan əsl ustad kimi yetişməsinə kömək edirdi.

Bütün bunları Niyazi ilə çoxillik dostluq münasibətində olan, onun bir çox konsertlərində həyat yoldaşı Zərifə xanımla iştirak edən, onunla uzun müddət maraqlı, yaddaqalan söhbətlər aparan Heydər Əliyev yaxşı bilirdi.

Beləliklə, xalqımızın Ümummilli Lideri Heydər Əliyev Xalq artisti Arif Məlikovun dostluğundan danışarkən onların müqəddəs səfərlə bağlı xatirəsinə daha ətraflı nəzər salmaq istərdim. Mənimlə şəxsi müsahibəsində bəstəkar deyirdi: “Bir gün Heydər Əliyev onunla Səudiyyə Ərəbistanına getməyimi xahiş etdi. Təbii ki, mən orda olmamışdım, çünki adətən opera və simfonik orkestrin olduğu ölkələrə gedirəm. Səudiyyə Ərəbistanda bunların heç biri yoxdur, lakin ölkə müsəlman mədəniyyətinin və inancının mərkəzidir. Təbii ki, mən razılaşdım və Heydər Əliyevin başçılıq etdiyi nümayəndə heyəti ilə birlikdə Məkkəyə getdik. Əliyevin sayəsində Səudiyyə Ərəbistanının kralı bizə Kəbənin içini ziyarət etməyə icazə verdi. Mən diz çöküb namaz qıldım, Əliyev də yanımda namaz qıldı, ardınca birlikdə dualar etdik. Sonra isə mənim bu mənzərədən ilham almağımı və böyük bir simfonik əsər yazmağımı xahiş etdi. Bu təklif mənə böyük təsir bağışladı. Fikirləşdim ki, Quran, Məkkə, Məhəmməd Peyğəmbər (s.) hara, simfonik musiqi hara? Ulu Öndər bir qədər fərqli şəxsiyyət idi. Onun həyata baxış bucağı heç kimə bənzəmirdi. Sonradan Səkkizinci simfoniyamın üzərində işləməyimə təkan verən məhz onun hiss etmə qabiliyyəti oldu. Səfərdən qayıdandan sonra simfoniyanı bəstələdim. Əsəri dahi siyasətçi və dövlət xadiminin sağlığında yazmışdım, lakin təəssüf ki, simfoniyanı dinləmək ona nəsib olmadı. “Əbədiyyət” simfoniyası prezidentin vəfatından sonrakı il onun doğum günündə səsləndi”.

Simfoniyada yeni musiqi ilə yanaşı Arif Məlikovun vokal musiqisindən də istifadə olunub. Belə ki, “Əbədiyyat” simfoniyası şərti olaraq üç bölümdən ibarətdir. Əsər Nazim Hikmətin sözlərinə yazılmış altı romansla başlayır və Almas Yıldırımın sözlərinə yazılmış “Azərbaycan” balladası ilə bitir. Orta bölmədə isə yeni, lakin simfoniyanın ümumi dramaturgiyasına xələl gətirməyən musiqi materialı səslənir. Bəstəkar əsərdə xalq musiqisindən, xüsusilə Heydər Əliyevin çox sevdiyi “Sarı gəlin” Azərbaycan xalq mahnısının intonasiyalarından bəhrələnib.

Arif Məlikov əsl vətənpərvər insan idi. O, ötən əsrin 90-cı illərinin Qanlı Yanvar və Qarabağ hadisələrinin doğurduğu ağır hiss, yaşantı və duyğuları dərindən yaşamışdır. O, həbsxanalara baş çəkərək həmin hadisələrlə əlaqədar məhbuslardan orijinal materiallar toplayırdı. O, SSRİ Ali Sovetinin sessiyasında cəsarətlə çıxış edərək Sovet İttifaqının o vaxtkı rəhbəri M.Qorbaçova qarşı ciddi iddia və ittihamlar irəli sürdü. Bəstəkar özünün vətəndaşlıq borcu hesab etdiyi “Mən ittiham edirəm...” fundamental kitabında duyğu və təcrübələrini, Vətənə münasibətini aydın şəkildə ortaya qoymuşdur. 1994-cü il Bakıda “Gənclik” nəşriyyatında çap olunmuş həmin kitabda A.Məlikov qürurla deyirdi: “Hər bir insan ilk növbədə vətəndaş olmalıdır...Və Azərbaycan xalqı ilk dəfə olaraq çiyinlərini düzəltmək, səsini ucaltmaq, öz həqiqətini tapmaq istəyəndə onu cəzalandırmaq qərarına gəldilər. Lakin unutdular ki, insanlara atəş açmaq olar, amma onu diz çökdürmək olmaz”.

Kitab ölkəmizin siyasi həyatına böyük töhfə olmaqla yanaşı xalqımızın tarixində mühüm sənədli faktdır.

Ümumiyyətlə, Heydər Əliyev və Arif Məlikov şəxsiyyətlərini onların eyni mövqedən çıxış etməyi, həmin dövrün siyasi hadisələrinə qətiyyətli münasibət bildirmək birləşdirirdi. Xasiyyətlərindəki dözümlülük, vətənpərvərlik hissi onların dostluq münasibətlərini daha da möhkəmləndirdi. Lakin onların ruhunda ciddiyyətlə yüksək, yumor hissinin vəhdəti də üst-üstə düşürdü. Bəstəkar xatırlayır: “Heydər Əliyev tez-tez mənim yanımda zarafat edirdi. Mən onun simasında təkcə böyük siyasətçi deyil, həm də istiqanlı və incə bir insan görürdüm”.

Dövlət mükafatı laureatı, akademik Arif Məlikov daim ölkənin ictimai həyatında fəal iştirak edirdi. O, radio və televiziyada çıxış edir, gənc müəlliflərin yaradıcılıq cəhdlərini dəstəkləyirdi. Ona görə də hər iki böyük və unudulmaz şəxsiyyət zəmanəmizin parlaq və əvəzsiz simaları kimi həmişə xalqımızın yaddaşında yaşayacaqdır...