Əşrəf Heybətov: “Prezidentin əli yüngül oldu…” Mədəniyyət

Əşrəf Heybətov: “Prezidentin əli yüngül oldu…”

"Xanım Mehriban Əliyeva kimi heç bir insan rəssamın əməyinə yüksək dərəcədə qiymət verəcək tərzdə məmnun olduğunu əks etdirməmişdi"

VoicePress.az Beynəlxalq İnformasiya Bürosunun eksklüziv müsahibi YUNESKO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəni Xadimləri Assosiasiyasının sədri, Beynəlxalq "Sülh səfiri", Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, Azərbaycanın Əməkdar rəssamı, YUNESKO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü Əşrəf Heybətovdur:
- Əşrəf müəllim, saymaqla tükənməyən fəxri adlarınız, saymaqla bitməyən diplomlar və mükafatlarınız var. Bunları daşımaq sizə çətin deyilmi?
- Çətin deməzdim, məsuliyyətlidir deyərdim. Çox məsuliyyət qoyur insanın boynuna. Amma həm vətənimdə, həm xaricdə mənə və sənətimə olan hörməti görəndə çox sevinirəm. Bu mənə çox yaxşı təsir bağışlayır. Burada gördüyünüz diplomlarin iki misli məndə Almaniyada var. Yaşadığım müddətcə çalışıram ki, o diplomlar daha çox olsun. Çünki o diplomları və fərxri adları mən özüm üçün yox, Azərbaycan adına qazanıram. Bu da mənim stimulumdur əslində. Çalışmaq və yaratmaq üçün. İlk diplomu mənə Cənab İlham Əliyev verib. O zaman o prezident deyildi. Moskvada universitetedə magistraturada təhsil alırdı. Həmin diplom mənim ilk diplomum idi. Prezidentin əli yüngül oldu…(gülür) Diplomlarımı indi saymaqla bitmir.
– Bildiyimə görə, Cənab İlham Əliyev sizə ev də bağışlayıb. Eləmi?
- Bəli. Baxın bu gördüyünüz evi Cənab Prezidentimiz 60 illik yubileymlə əlaqədar düz 5 il bundan əvvəl verib mənə. Mən hər zaman Prezidentin ailəsinin diqqət və qayğısını hiss etmişəm. Hər zaman sərgilərimdə Leyla xanım Əliyeva, Mehriban xanım Əliyeva iştirak edib. Bu bir rəssam üçün özü özlüyündə bir dövlət rəhbərliyi tərəfindən göstərilən ən böyük diqqətdir mənim üçün.
- Əşrəf müəllim, çəkdiyiniz rəsmlərin motivi və üslübu çox maraqlıdır. Rəng seçiminiz çox rəngarəngdir. Qırmızı rəng mən deyərdim bütün rəsmlərinizdə ən əsas xətt kimi vurğulanır. Dünya şöhrətli bir rəssam kimi bu haqda bir qədər məlumat verərdiz…
– Mən rəsmlərim haqda, onların üslübu haqqında heç zaman danışmağı sevmirəm. Rənglərin ahəngi haqda ümumiyyətlə danışmıram. Bu sadaladığınız rəssamlığın rəssama aid olan yollarıdır. Onları çox da qabartmaq gərəkmir. Qabartmaq gərəkdiyində isə bunun üçün rəsm üzrə təhlilçilərimiz var. Bunu etmək onların işidir. Bircə onu deyə bilərəm ki, mən hər sahəyə aid şəkil çəkirəm. Abstrakt var, natura var, peyzaj var, dəniz və gül təsvirləri var. Portret var. Rəsimlərimin əsas mövzusu Azərbaycan və bu diyarın xalqıdır. Əslən bilmirəm bəlkə də, Bakılı olduğuma görə, əsərlərimin çoxunda Bakının icərişəhər qədim hissəsindəki doğma dar küçələri təsvir edən rəsmlərim çoxdur. Lakin son vaxtlar ümumtürk miqyaslı mövzularına daha çox yer verirəm.
- Əşrəf müəllim, evinizdəki şəkillərdən də göründüyü kimi, bir çox dövlət rəhbərləri ilə şəkilləriniz var. Bir çox dövlətlərdə yüksək səviyyəli sərgiləriniz keçirilib. Bunlar arasında ən yadda qalan sərginiz hansı olub?
- Sərgilərimin hamısı yadda qalan olub. Hər sərgidən də mən burada gördüyünüz kimi mütləq sürətdə bir xatirə gətirmişəm. Hər bir suvenir, bir sərgimdən yadda qalan bir əlamətdir mənim üçün. Bunları mənim özüm haqqımda deməyim bəlkə də yanlış səslənir. Ona görə də çox zaman adlarını çəkməyi uyğun görmürəm. Amma sual verdiyinizə görə, cavablandırmaya da bilmərəm. Mənim rəsm əsərlərim, yeganə Azərbaycan rəssamı kimi Cenevrənin BMT sarayında, Rumıniyanın Prezident Sarayında, NATO-nun mənzil-qərargahında, İordaniya Kralının sarayında, Lüksemburq Hersoqunun iqamətgahında, Vatikan dəftərxanası sarayında, habelə Maltanın nüfuzlu salonlarında sərgilənib.
Bibliya motivləri əsasında yaratdığım əsərlər isə Adenauer Fondunun dəstəyi ilə təşkil olunmuş sərgidə nümayiş etdirilib. Baxın sadaladığım bütün bunlar mənim dövlətim adına verə biləcəyim uğur hesab edirəm. Mən rəsm çəkməyi bacarıram. Amma rəsm çəkməklə də, mən xalqım adına, dövlətim adına nə isə etmək istəyirəm. Hesab edirəm bu alınır, elə deyilmi?..(gülür)
- Əlbəttə etmisiz. Buna nə şübhə…və mən deyərdim etməyə davam da edirsiz. Əşrəf müəllim, bir az öncə portret çəkdiyinizi də vurğuladız. Bir rəssam portret çəkdiyi zaman, çalışır tanınmış insanların simasını öz rəsm tablosuna köçürsün. Ən yadda qalan portret əsərləriniz xatirinizdədirmi?
- Çox doğru yanaşmadır. Hiss olunur ki, rəsmdən anlayışınız var. Mən bir çox tanınmış dövlət səviyyəli insanların rəsmlərini çəkmişəm. Ən yadda qalanı xanım Mehriban Əliyevanın rəsmi olub. Bilirsiz, hər kəs öz rəsmini kiminsə çəkdiyini görəndə çox fərqli reaksiya göstərir. Rəssamın özü də, kiməsə sizin rəsminizi çəkmişəm deyəndə, çox mürəkkıəb bir hiss kecirir. Bilmirsən həmin adamaın xoşuna gələcək ya yox… Amma xanım Mehriban Əliyeva kimi heç bir insan, rəssamın əməyinə yüksək dərəcədə qiymət verəcək tərzdə məmnun olduğunu əks etdirməmişdi. Rəsm onun çox xoşuna gəlmişdi. Mən də rəsmi Mehriban xanıma bağışladım.
- Baxın bu hiss bir rəssamın hiss edə biləcəyi ən gözəl hissdir. Kiminsə şəklini çəkəsən, risq edib həmən insana bunu təqdim edəsən və bu həmən insan tərəfindən yüksək məmnunluqla qəbul olunsun…
- Çox doğru deyirsiz. Elə olur….həqiqətən də elə olur.
- İnsan özünü həmən an imtahan verəcək tələbə kimi hiss edir…
- Tamamilə doğrudur. Bu qeyri adi bir hissdir. Amma insana nəticə olaraq ləzzət edir.
- Daha kimlərin portretini çəkmisiz?
- Bir çox insanların portretlərini çəkmişəm. Misal üçün, Roma Papasının, Angela Merkelin və Qyunter Qrassın portretlərini çəkdiyimi misal çəkə bilərəm.
- Nyu-York merinin sizə təşəkkür məktubu yazması məsələsi hamıya maraqlı olardi. Bu nə məsələ idi elə?
- (Gülür)… Mən bildiyiniz kimi eyni zamanda bir sıra pannoların müəllifiyəm. Panno da, incəsənətin bir növüdür. Amma bir rəssamdan zərgərlik tələb edən bir incəsənət növüdür. Bu divarda, və ya evin tavanında, keramika ilə, mozayka ilə yaradılan incəsənət növüdür. Belə pannona əsərlərimdən biri də, – "11 sentyabr" əsəri idi. Bu əsəri şəxsən Nyu-York merinə təqdim etmişdim. Buna görə mer də, mənə təşəkkür məktubu yazmışdı.
- Səhv etmirəmsə, sizin "20 Yanvar - Bakı" panno əsəriniz də var, eləmi?
- Bəli, bəli. Hətta həmən əsər Azərbaycanın Müstəqillik Muzeyində saxlanılır.
- Çingiz Aytımatov sizin haqqınızda çox gözəl sözlər deyib vaxtı ilə. Onlar bir məşhurun digər bir məşhur üçün söylədiyi bəlkə də çox qiymətli sözlər olsun gərək…
- Dost idik biz. Bəli. Mən o sözləri indi sizə əzbər oxuya bilmərəm. Amma burada onunla bir şəklim var onun arxasına yazmışam. Alın, oxuyun zəhmət olmasa…
- Oxuyuram: "Əşrəf Heybətov olduqca maraqlı bir rəssamdır. Onun əsərlərindən ibarət sərgilər Rusiya və Azərbaycanda, eləcə də Avropanın bir çox dövlətlərində uğur qazanmışdır. О həm də monumental sənət ustası kimi məşhurdur. Onun özünəməxsus yaradıcılığında Şərq üslubu ilə müasir Qərb plastikası üzvi surətdə bir-birini tamamlayır. Onun əsərləri həqiqət axtarışında olan insan qəlbinin rənglərlə ifadə olunmuş poemasıdır. Ruhən mənə yaxın olan bu yaradıcı insanı təqdim etməyi özümə böyük şərəf hesab elirəm. Çingiz Aytmatov". Çingiz Aytımatov sizi bu iki kəlmə ilə elə vəsf edib ki, başqa əlavə edəcək söz tapmıram…
- Elədir…(gülür)
- Əşrəf müəllim, sizin həyat yoldaşınız bildiyim qədəriylə iqtisadçıdır və bir neçə iqtisadiyyatla bağlı kitabların müəllifidir. Demək istəyirəm ayrı-ayrı sahələrin insanı olmanız çətin olmurmu bəzən sizin üçün?
- Yox. Niyə ki? Bir-birimizin sənətinə hörmət etdikdən sonra heç bir problem olmur. Həm də mənim həyat yoldaşım, Rigina Lvovna Krasinskaya eyni zamanda incəsənət adamıdır. O poeziya insanıdır. Çox gözəl şeirlər yazır. Hətta Eeldar Mansurov onun bir şeirinə mahnı da bəsdələyib. Rigina hətta çox gözəl skripka çalır. Mükəmməl ifa edir skripkada. Ona görə, biz bir-birimizi yaxşı anlayırıq. Onu gözləyirəm. Yubiley üçün o da gəlməlidir.
- Əşrəf müəllim, bu yaxınlarda Naxçivanda sərginiz keçirildi. Naxçivanda ilk dəfə idi olurduz?
- Bəli. İlk dəfə idi. Naxçivan çox gözəl şəhərdir. Çox müasirdir. Mənim üçün orada olduqca möhtəşəm bir sərgi təşkil edilmişdi. Bir sıra dövlət adamları və deputatlar təşrif buyurmuşdu. Maraqlı tədbir idi.
- Əşrəf müəllim deyəsən siz sifarişlə şəkil çəkmirsiz?
- Bəli. Çəkmirəm. Əvvəl sifarişlə çəkirdim. Yəni cavan olanda. İndi yox.
- Satmırsız deyəsən heç əsərlərinizi də?
- Belə satış üçün məxsusi şəkil çəkmirəm. Amma niyə ki? Almaq istəyən olanda, satıram.
- Sərginiz gözlənilirmi bu yaxınlarda?
- Bəli. Bu il mənim 65 illik yubileyimə həsr olunmuş sərgim təşkil olunacaq. Həmin sərgini də Heydər Əliyev Fondu təşkil edir. Bu möhtəşəm bir sərgi olacaq. Mən elə indi də, Almaniyadan məhz həmin sərgiyə görə gəlmişəm. Almaniyada çəkdiyim yeni rəsmləri də gətirmişəm. Yeni rəsm əsərlərimdə hətta mövcud iqtisadi böhran, qlobal dünyada baş verənlər də öz əksini tapıb. Yəni maraqlı bir sərgi olmalıdır.
- Nə gözəl…Əşrəf müəllim, sizinlə həmsöhbət olmaq çox maraqlı oldu. Eviniz maşallah, muzeyə bənzəyir. Hər bir ölkəni təmsil edən arnamentlər var, rəngarənglik var, üstəgəl kəklik otulu çay və səmimi söhbətiniz var. Təşəkkür edirəm sizə, VoicePress.az Beynəlxalq İnformasiya büromuz adından.
- Buyurun. Mən sizə təşəkkür edirəm.