Noqay ədəbiyyatı 1950-1990-ci illərdə Mədəniyyət

Noqay ədəbiyyatı 1950-1990-ci illərdə

II yazı

Bu yazıda noqayların 1950-1980-ci illərdəki ədəbiyyatı haqqında danışılacaq. Ə.Şamilin apardığı araşdırmadan məlum olur ki, Sovetlər Birliyi çökdükdən sonra ədəbiyyatşünaslar 1920-30-cu illərdə M.Kurmanəliyevin, Z.Kabalıyevin, R.Kereytovun, İ.Mirzayevin, V.Kazakovun formalaşdırdıqları ədəbiyyatı şüarçı ədəbiyyat kimi dəyərləndirirlər. 1956-cı ildə quruluşun bütün nöqsanlarının İ.V.Stalinin adına yazılması, 1937-ci il irticası qurbanlarına fiziki bəraət verilməsi, bir sözlə, rejimdə baş verən yumşalma ədəbiyyata da müsbət təsirini göstərdi. Noqay nəsrində sürətli bir dirçəliş baş verdi. Təəssüf ki, bu dirçəliş yeni yazılan əsərlərin məzmununda deyil, ən çox həcmində özünü göstərirdi. Nəşrlərin sayı artdığı kimi, roman, povest və hekayələrin həcmi böyüyür, mövzu dairəsi genişlənirdi: "1960-cı illərdə Sovet ədəbiyyatında baş verən dəyişiklik noqay ədəbiyyatından da yan keçə bilməzdi. Ədəbiyyatda "Altmışıncı illər nəsli" deyə bir ifadə işlədilməyə başladı. Bu nəslin nümayəndələri 1920-50-ci illərin ədəbi simaları kimi ideologiyaya daha çox önəm vermir, sənətkarlığı önə çəkir, bədii təsvir vasitələrinə üstünlük verirdilər. Bekbiyke Kuluncaxova (1946), Valeri Kazakov (1948), İsa Kapayev (1949) və b. kimi yeni nəsil peşəkar şair və yazıçıların meydana çıxması ədəbiyyata marağı artırdı. İ.Kapayevin yaradıcılığı çağdaş problemlərə yönəlmişdi. İnsanın gündəlik qayğıları yazıçının əsas mövzusudur. Onun qəhrəmanları insanlıq ləyaqəti, mənəvi borc, sevgi və ləyaqət haqqında düşünür. Yazıçı keçmişdən mənəvi dəyərləri alaraq gələcəklə birləşdirməyə çalışır. İ.Kapayevin yaradıcılıq axtarışları bədii cəhətdən də dolğundur.
İ.Kapayevin "Xurcun" (1975), "Sıntaslı Akında Tolgav" (1977), "Vokzal" (1980), "Sülder" (1989-91) V.Kazakovun "Qızıl kəmər" (1977), "Doqquz kapital" (1983), "Babay ulduzu" (1983), S.Kapayevin "Torpağın hərarəti" (1976), B. Kulunçakovanın "Çöl torağayı" (1980) kimi hekayə və povestlərin nəşri noqay nəsrinin yeni çağının başlandığından xəbər verir. Ümumtəhsil məktəblərində noqay dili və ədəbiyyatı tədris edilsə də, qalan fənlər rusca keçildiyindən, ölkədə rus dilinə xüsusi önəm verildiyindən noqay gənclərinin çoxu rus dilinə daha çox diqqət yetirmişdi. Mərkəzdən maddi və mənəvi dəstək aldıqları üçün gənc noqay yazıçıları da fikirlərini daha çox sayda insana çatdırmaq, daha çox oxucu qazanmaq və məşhurlaşmaq üçün rus dilində yazıb-yaratmağa üstünlük verirdilər. Rusca yazmaq əcnəbi dillərə tərcümə olunmalarında qapı rolunu da oynamışdı. Uzun illər tarixi mövzulara yalnız bayları, mirzələri, bir sözlə, hakim sinfi tənqid etmək məqsədilə müraciət edən yazıçı və şairlər indi keçmişlərinə tamam başqa gözlə baxmağa başlayırlar".
Bu dönəmin tanınmış qələm adamlarına gəldikdə araşdırmaçı bildirir: "Askerbiy Söyün ulu Kireyev (1938, Qaraçay Çərkəz Muxtar Vilayəti) - Noqay uşaq ədəbiyyatının inkişafında böyük xidməti olan yaradıcı ziyalılardandır. Uşaqlar üçün 20-yə yaxın kitab çap etdirən müəllifin "Küpelek" (Kəpənək), "Biyala" (Piyalə), Köqerşin" (Göyərçin), "Şenilşek" (Yellənçək), "Karlıqaş" (Qaranquş), "Tulpar" və b. əsərləri uşaq poeziyasının nümunəvi əsərləri sayılır.
A.Kireyev bədii yaradıcılığında ümumtürk və onun bir qolu olan noqay folklorundan səmərəli bəhrələnir. Şairin "Besik yırı" (Beşik nəğmələri-laylalar), eləcə də tapmacalar əsasında yazdığı şeirlər noqay uşaqlarının ana dilində söz ehtiyatının artmasında, nitqinin inkişafında və dünyagörüşünün formalaşmasında böyük rol oynayıb.Onun "İyt, mısık em topqay"(İt, pişik və qarğa), "Maymıl" (Meymun) və başqa əsərləri noqay mərasim mahnıları aytıslar üslubunda yazılıb. Bir çox şeirlərini isə heyvanların söhbəti formasında yazıb. Buna çöl dovşanı ilə ev dovşanının söhbətindən bəhs edən "Yolıqıs" (Görüş), qoyunların söhbətindən bəhs edən "Kaynadılar kazanda" (Qazanda qaynadılar) və b. əsərlərini nümunə göstərmək olar. Şairin uşaq şeirlərinin bir çoxu başqa dillərə də çevrilib".
Qamzat Yusup ulu Acıgeldiyev (21.12.1939, Dağıstan Res¬publikası Noqay rayonu Orta Töbe kəndi-?.07.1966). Atasını savaşda, anasını savaşın doğurduğu aclıq və xəstəlikdə itirən Qamzat çətin bir ömür yaşayıb, uşaq evinin ağır şəraiti onun psixologiyasını pozub: "Savaş başa çatdıqdan sonra yaxın qohumu Badiya Acıgəldiyev onu ailəsinə alır. "Səlimət" hekayələr kitabının müəllifi olan, Qaranoqay kəndlərini (Dağıstan) gəzərək folklor nümunələrini çap etdirən, partiya işçisi Badiya Acıgəldiyev Qamzatın ədəbiyyata maraq göstərməsində böyük rol oynayır.
Tepekli (Dirəkli) Məktəb kəndindəki internat məktəbdə oxuyan Qamzat Belarusiya Hərbi Dairəsində əsgəri xidmətdə (1958-61) olarkən də ikiillik Marksizm-Leninizm Universitetinin axşam şöbəsində təhsil alır. Bədii yaradıcılığa da həmin illərdən gəlir. Mahaçqaladakı "Şöllik mayakı" (Çöllük mayakı") və Çerkeeskdəki "Lenin yolu" qəzetləri ilə müntəzəm əlaqə saxlayır.
Əsgəri xidməti başa vurduqdan sonra fəal bədii yaradıcılıqla məşğul olur, noqay ədiblərindən F.Abdulcəlilov, S.Kapayev, K.Kumratovla görüşür. Ədəbiyyata gəlişi ilə diqqəti özünə cəlb edə bilir. Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutuna oxumağa göndərilən ilk noqay olur.
1962-ci ildə Mahaçqalada "Sokpak" (Cığır) adlı ilk şeir kitabı çap edilir. Badiya Acıgəldiyevlə birlikdə Dağıstanda yaşayan noqay ədiblərinin İkinci Dünya Savaşından sonrakı yaradıcılığından nümunələri seçərək 1964-cü ildə "Karlıgac" (Qaranquş) adlı topluda çap etdiriblər. Bu təşəbbüsü araşdı¬rıcılar noqaylarda ədəbi mühitin canlandırılması kimi qiymətləndirirlər.
Qəzetlərdə çoxlu ədəbi tənqidi məqalələr, tərcümələr çap etdirən, ədəbi mühitin canlanması üçün var gücü ilə çalışan gənc şair bədbinliyə qapılmış, vəziyyətdən çıxış yolu tapa bilmədiyindən içkiyə qurşanır. "Kuşlar kaydan kelesiz" (Quşlar haradan gəlirsiniz?), "Mennen başqa bar bolsa..." (Məndən başqa varsa...), "İzleyemen seni" (Səni axtarıram), "Dördlüklər" şeirləri oxucular tərəfindən məhəbbətlə qarşılanan şair 1966-cı ildə, 27 yaşı tamam olmamış intihar edir. Şairi intihara aparan yol onun şeirlərində öz əksini tapır. "Yayapsız soraclar"(Cavapsiz suallar) şeirində yazır:

Yazayıma yatlavlardı yanıdan?
– Yenidən yazmağa davam edimmi?
Tek korkman redaktorlar kapıdan
– Pək qorxuram redaktorlar qapıdan
Ketşi deek, kaqıtlardı körgende
– Getsin deyər, yazılarımı görəndə.
Koyayıma taslap yazqan zatlardı
– Hər şeyi atmaq, unutmaq,
Otı sönip, suvıp kalqan küllerdey
– Yoxsa yandırmaq, külə döndərmək.
Tars yumayım körmes uşin közimdi
– Gözüm görməməsi üçün yumummu
Ya salayım korkaylandan külledi
– Kömək edər mənə güllələr
Söndürmege ürügimnin yallavın
– Söndürməyə ürəyimin alovun
Yazayıma yatlavlardı yanıdan?
– Yenidən yazmağa davam edimmi?

"Kuy, Rosiya" ("Araq tök, Rusiya!") və b. şeirləri onun sərxoşluqla keçirdiyi günlərin əhval-ruhiyyəsini özündə yaşadır. Şeir sanki Rusiyaya, rus mühitinə bir ittihamdır:

Sərxoş olan, sərxoş yürüyən Rusiya!
Araq içməyi mənə də sən öyrətdin.
Bloka da sən içki verdin,
Yesenini də sərxoş etdin.
Sən məyər özün,
Yox, sən sərxoşsan!

"Lenin yolu" qəzeti 15 iyul 1966-ci il sayında şairin "Vəsiyyət" şeirini çap edir. 1988-ci ildə Mahaçqalada T.Akmanbetovun ön sözü ilə Qamzat Acıgəldiyevin "Urlanqan suyub"(Oğurlanmış sevgi) adlı şeirlər toplusu çap olunur".
Anvarbek Ötey ulu Kultayev (07.07.1941, Dağıstan Respublikası Noqay rayonunun Günbatar kəndi). 1965-ci ildə Qaraçay-Çərkəz Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirir, "Lenin yolu" qəzetində işləyir: ""Yolda" adlı ilk şeir kitabını 1966-cı ildə Çerkessk şəhərində çap etdirir. 12 kitabi yayınlanır, "Qarşılaşma", "Halallıq", "Sənin haqqında nəğmə söyləyirəm", "Gözəl günlər", "Öylə vaxtı", "Çoban" və b. şeir, "Nərdivanlar" nəsr kitablarını nəşr etdirir. Uşaqlar üçün də şeirlər və nəsr əsərləri yaradan A.Kultayev Korney Çukovskidən, Samuil Marşakdan, Mixail Prişvindən, Arkadi Qaydardan, Qaysın Quluyevdən, Həmzət Sadasadan, Rəsul Həmzətovdan, Anvər Acıyevdən, Süleyman Staliskidən, Suqru Uvaysovdan, Mirzı Davudovdan və b. tərcümələri ilə də ana dilinin zəngin söz xəzinəsini ortaya qoyur. Keldixan İsa qızı Kurmatova (16.07.1944. Qaraçay-Çərkəz Muxtar Vilayətinin İkon Xalk kəndi-23.02.2003). Kəndlərindəki məktəbdə oxuyur, onun ədəbiyyata gəlməsində atasının söylədiyi nağıl, tapmaca, dastan və yırların rolu böyük olur. 1962-ci ildə "Lenin yolu" qəzetində ana dilində "Anama" şeirini çap etdirir.
1963-cü ildə məktəbi bitirib kənd kitabxanasında işləməyə başlayır, bir il sonra isə onu Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutununda qiyabi oxumağa göndərirlər. Həmin ildən "Lenin yolu" qəzetində çalışır, şeir və məqalələrini də orada çap etdirir. 1966-cı ildə Çerkesskdə "Şabden" (Novruzgülü) kitabı işıq üzü görür. Moskvada və bölgədə çap olunan jurnallar və toplularla sıx əməkdaşlıq edir. Ukraynada, Türkmənistanda, Qaraqalpaqstanda, eləcə də Rumıniyada, Bolqarıstanda, Türkiyədə və b. ölkələrdə əsərləri çap olunur.
1969-cu ildə Çerkesskdə "Sonqı yapıraklar" (Sonuncu yarpaqlar) kitabını çap etdirən Keldixan 1971-ci ildə ədəbiyyat institutunu əla qiymətlərlə başa vurur, həmin il də rus dilində kitabı nəşr olunur. İki il sonra isə həmin kitabı Moskvada "Sovremennik" nəşriyyatı çap edir.
Keldixan tanınmış noqay yazıçısı İsa Kapayevlə ailə qurması onların hər ikisinin yaradıcılığına müsbət təsir göstərir. 1975-ci ildə ana dilində "Qılqpuz" kitabını çap etdirən şairə bir il sonra Rumıniyada keçirilən Beynəlxalq şeir festivalında iştirak etmək nəsib olur. Keldixan orada XIX yüzildə Rusiyanın Qafqaz savaşı zamanı Rumıniyaya qovduğu noqaylarla görüşür. Geri döndükdən sonra onların taleyindən bəhs edən "Tamız" (Od qoruyucu) poemasını yazır. 1990-ci ildə Sov.İKP-nin XXVIII qurultayında noqayların acı taleyindən, xalqının kasıb və miskin yaşamasından söz açır. 1995-ci ildə Keldixan Kurmatovaya Qaraçay Çərkəz xalq şairi adı verirlər. Keldixan Kurmatovanın sağlığında "Altın oka" (Qızıl sap) (1985), "Tamız" (1988) "Tanı manında" (Dan anında, dan qızaranda) (1996), "Qızıl şılma" (2000), "Ömürlikten atlı" (Əbədiyətdən gələn atlı) (2000) kitabları çap olunur".

Uğur