Ötənləri xatırladıqca... Mədəniyyət

Ötənləri xatırladıqca...

Ötənləri xatırladıqca, sanki uşaqlaşır, o illərin həzinliyinə, dəcəllik ovqatına qatılıram. Qəribə hisslərin, duyğuların təsirində nə az, nə çox, düz ağlım kəsən bir zaman məsafəsindən boylanan xatirə toranının duyğusallığı ilə xəyalın sərhədsiz, hüdudsuz möcüzəsi yaddaşımı ovxarlyır. Məndən üç yaş kiçik olan qardaşım Akifin uşaqlıq, gənclik illəri gözlərimin önündən keçir. Olduqca istiqanlı və həmişə özündən böyüklərlə oturub-durmağı xoşlayan, yaşından böyük danışan bir uşaq... İndisə 60 yaşında bir kişi. Sanki illərin belə tez ötməsindən diksinirəm də...

Bir vaxt bir ev vardı bağlı-bağatlı...

İndi xəyallarım o evi tikir.

Anam çağırardı həzin bayatı...

Səs susub, yanğısı özünə çəkir.

Atamdan yadigar qalan üç söyüd

Yayda sərinlərdi həyət-bacanı...

Nənəm səhər-axşam edərdi öyüd,

Mənsə dinc qoymazdım qardaş-bacını...

Məntək qəribsəyib tut ağacımız?

Budanıb yüz illik qolu-budağı.

Bəlkə, elə birdir ağrı-acımız...

Hopub xəyallara uşaqlıq çağı.

O evdə göyərib neçə tumurcuq,

Neçə ləçək-ləçək çiçək arzular.

Ələ qələm alıb bir dəcəl cocuq,

Sevdasına həmdəm gecə ulduzlar...

Duyğularımı xəfif bir hiss-qəriblik, narın bir sızıltı çuğlayır. Duyğulana-duyğulana yanğıma su səpmək üçün “halal olan sehrə”, sözün poetik məqamına, 10 il öncə qardaşım Akifin 50 illik yubileyinə ünvanladığım “Bu gün həmsöhbətsən əlli yaşınla” adlı şeirimə “əllini altmış” redəktəsi ilə üz tuturam:

Yaş üstə yaş gəlir, Akif qardaşım,

Təbrikə qoşulur dostun -tanışın...

“Altmışdır” deyərək, çatılıb qaşın,

Bu gün həmsöhbətsən 60 yaşınla.

Qartallı dağlardan düzə enmisən,

Xatirə odunda közə dönmüsən,

Nağıllı dünyanla sözə dönmüsən,

Bu gün həmsöhbətsən 60 yaşınla.

Ümid üfüqündə doğan hər səhər

Ömrü naxışlayıb, sevdanı bəzər.

Qardaşım, həyat da bir yola bənzər...

Bu gün həmsöhbətsən 60 yaşınla.

Dünyaya gəlişin bahar çağında,

Könül dilə gəlir yaz yığnağında.

Günay, Muradın var həyat bağında,

Bu gün həmsöhbətsən 60 yaşınla.

Əzəl adın İldır, tanındın Akif,

Arxalı kimsəni etmədin tərif.

Həqiqət olanı sanmamısan mif...

Bu gün həmsöhbətsən 60 yaşınla.

60 yaşı ilə “həmsöhbət” olan qardaşım Akifin ömür aynasında əks olunan, həyat təqvimində tarixləşən bəzi məqamlardan söz açmaq istərdim.

Əsl adı İldır olan Akif Abış oğlu Əliyev 1964-cü ildə baharın cilvəli bir çağında - may ayında Bakıda - o vaxtkı Nadejda Krupskaya adına doğum evində (Şamama Ələsgərova adına 5 saylı Doğum Evi) dünyaya göz açıb.

1971-ci ildə ilk zəng səsi, ilk dərs məqamı bu gün də onun yaddaşından silinməyən Yardımlı rayonu, Bürzünbül kənd səkkizillik məktəbinə qədəm qoyub.

1981-ci ildə Hamarkənd kənd orta məktəbini bitirərək sənədlərini Bakı Dövlət Universitetinə verib və qəbul imtahanlarından keçsə də müvafiq konkurs mərhələsində tələbə adını qazana bilməyib . 1982-ci ilin may ayında əsgəri xidmətə yollanmışdır. Uzaq Şərqin Lesozavodsk şəhərində ümumi piyada qoşun dəstəsində xidmət edib.

1984-cü ildə hərbi xidmətdən tərxis olunaraq, bir müddət Şirvan şəhərində inşaat sahəsində çalışıb.

1985-ildə qürbətə yollanmış və əmək fəaliyyətini Komi vilayətinin (Rusiya Federasiyasının subyektlərindən biri olan indiki Komi Respublikası) Usinski şəhərində geolji sahədə davam etdirib. Bu illər ərzində onda aviasiyaya böyük maraq yaranıb və 1986-cı ildə Sankt-Peterburq Aviasiya İnstitunun əyani şöbəsinə daxil olub. Təhsil illəri nə qədər maraqlı keçsə də, doğma Azərbaycan onu daim özünə çəkmişdir. Beləcə, gənc mütəxəssis olaraq Vətənə dönüb.

1990-ci ildən Heydər Əliyev adına Beynəlxalq Hava limanında mütəxəssis olaraq çalışır.

1991-ci ildə ailə həyatı qurmuş və iki övlad atasıdır.

Akif ədəbiyyata, sözə-sənətə, poeziyaya munis, bağlı olan bir insandır. Yadımdadır, hələ uşaq ikən, radioda səslənən “Bulaq” verilişini, bazar günləri radio dalğalrında yayımlanan “Muğam saatı” nı sevə-sevə dinlərdi.

Akifdə uşaqlıqdan incə yumor hissi və kəskin satirik duyum da özünü göstərirdi. Bu hal onun danışıq tərzində, özünün davranışında təzahür edirdi.

O dövrdə satirik “Gülüş axşamı” da onun böyük həvəslə dinlədiyi radio verlişişlərindən biri idi.

Akiflə bağlı bu xarekterik cəhətləri sadalamaqla, demək istəyirəm ki, o xislətcə həssas və duyumlu bir insan, xalqına, torpağına, mədəniyyət və ədəbiyyatımıza böyük sevgisi olan bir vətəndaşdır.

Onu da deyim ki, Akifin gənclik illərində yazdığı şeirlər də poetikliyi, səmimiliyi ilə maraq doğurur. Təkid etməyimə baxmayaraq, şeirlərinin dərc olunmasını istəmir. Deyir ki, nə ehtiyac var, şeir yazmaq şair olmaq deyil axı, ay şair. Mənim yazdıqlarım sadəcə özüm üçündür. Öz duyğularımı kağıza köçürmüşəm...

Şair təbiətli qardaşım haqqında bu fikirləri yazarkən könlüm ehtizaza gəlir. İllər öncə qardaşım Akifə xitabən yazdığım “Qəribsədim” adlı şeirimi həzin nəğmətək pıçıldayıram:

Uca dağlar, dağ çayları,

Yaşıl yamac, ormanları,

Kəndimizin olayları

Üzə durdu, qəribsədim.

Həzin-həzin dindi ürək,

Soraqayır indi ürək.

Haçalanıb mindi ürək,

Haçayurdu qəribsədim.

Soraq gəlir bizim dağdan,

Əl eləyir izim dağdan.

Ayrılanda dizim dağdan,

Bulaqları qəribsədim.

Boylanıram yol boyunca,

Həsrətimi quca-quca.

Qaya yalçın, dağlar uca,

Zirvələri qəribsədim.

Boynu bükük bənövşələr

Kol dibində üşüyürlər?

Dünənimlə qabaq- qənşər...

Uşaqlığı qəribsədim.

Yenə salıb xalı bahar,

Çəmənliyi bir laləzar.

Qonaq gəlir qaranquşlar…

Dostlar, sizi qəribsədim.

Yolum düşdü qürbət elə,

Bürzünbülüm gəldi dilə.

Dəniz ümid bir sahilə…

El-obanı qəribsədim.

Akif təbiət vurğunudur. Bu, onun təbiətindən doğan bir haldır. Xüsusilə boya-başa çatdığı doğma kəndinin hər daşı, qayası, bulağı, ağacı... onun üçün əvəzsiz zövq mənbəyi, yurd sərvətidir. Kənd özəlliklərini ehtiva edən bir şeirimi təbiət gözəlliklərinin aşiqi olan qardaşıma söz çələngi olaraq ərmağan edirəm:

Şahanə dayanan vüqarlı dağlar

Görüşür buludla əzəmətiylə.

Füsunkar yamaclar sanki sığallar,

Dağın ətəyini dağ qamətiylə.

Quzeydə şehlənir yarpız, gicitkən,

Cincilim, əvəlik, əməköməci...

Güneydə mehlənir turşəng, böyürtkən ...

Baharda lalələr güney sevinci.

Burda cücərən də, pöhrələnən də

Hərəsi ad alıb öz rişəsindən.

Adlar cərgəsində möhürlənəndə,

Bürzünbül kəndimiz bəlli səsindən.

Babalarım burda qurşaq tutublar,

“Cəngi” sədasına şahid “Cəngyeran”.

Sünbüllər dərzlənib, dərz sovurublar,

Biçinçi yaddaşı “Məşədi xırman”.

Üz qoydu yollara “Dəhrə dərəsi”,

“Yağnəliqışlağı” qəribsəyəndə.

Daşladı şeytanı “Şeytan təpəsi”,

Zirvələr kəndimə gülümsəyəndə.

Dağlar qoynundan ayrı olsaq da belə, çanımıza, qanımıza hopmuş dağ havası ruhumuza da hakimdir. Elə bu şövqlə də nəsil şəcərimizin ləyaqətli, ağayana, batman kişilərindən olan qardaşım Akifə, əzəmətiylə buludla görüşən, qamətiylə füsunkar yamaclarıına sığal çəkən şahanə dağların zirvə işığından salam olsun. Gözünə-könlünə köçən gözəlliklər diləyilə ömür təqviminin altmış illiyi qutlu olsun!

Tapdıq Əlibəyli