XIII-XVI əsrlərdə Azərbaycan fəlsəfi fikri Mədəniyyət

XIII-XVI əsrlərdə Azərbaycan fəlsəfi fikri

Azərbaycan peripatetizminin görkəmli nümayəndələrindən biri Nəsirəddin Tusinin (1201-74) fəlsəfi görüşləri əsasən İbn Sinanın "İşarələr və qeydlər" kitabının şərhi, sosial etik görüşləri "Əxlaqi Nasiri", həmçinin "Kəlamın təcridi", "Qanunnamə", "Xilafətnamə", "Nəsihətnamə" və s. əsərlərində öz əksini tapıb. Nəsirəddin Tusinin ontoloji görüşlərindəki idealizm qeyri-ardıcıllığı ilə səciyyələnir. Dünyanın yaranması, onun əbədiliyi, substansiya və aksidensiya, materiya və forma, hərəkət və sükunət, əql və hiss arasındakı münasibətlərin şərhində bir çox hallarda onun görüşləri orijinallığı və materializmə meyilliliyi ilə fərqlənirdi. Mütəfəkkirin fəlsəfi təliminə dialektik yanaşma, maddi dünyanın dərki haqqında təsəvvürlərinə isə rasionalizm xasdır. Onun ictimai-siyasi və etik görüşləri hakimiyyətə və hakim ideoloji mövqeyə uyğunluğu ilə seçilir. O, cəmiyyətin mövcudluğu üçün sosial bərabərliyin əngəl olmasını göstərir.
Mövcud sosial münasibətlərin əbədiliyindən çıxış edən Tusi onlara tabe olmağı düzgün hesab etməklə yanaşı, xalqın maraqlarına zidd olan, onu qul halına salan siyasəti naqis sayırdı. XIII-XIV əsrlərdə Azərbaycanda Mahmud Şəbüstəri Təbrizi "Sirlər bağçası" fəlsəfi poeması ilə şöhrət qazanmışdı. O, "Həqiqət axtaranların aynası", "Səadətnamə", "Şahidnamə" və s. əsərlərində sufi panteizmi ilə peripatetizmin fəlsəfi mövqelərini, xüsusən sonuncunun rasionalizmə münasibətini birləşdirmiş, mühüm və mümkün varlıq, idrak və mərifət, nəfs, ruh, ümumi və xüsusi, bütöv və hissə anlayışlarının mahiyyəti və qarşılıqlı əlaqəsini panteizm baxımından izah etmişdi. İslamın təfsirini sufilik mövqeyindən verən Məhəmməd Təbrizinin kosmoqonik, ontoloji, qnoseoloji, etik görüşləri dialektik bünövrəyə söykənirdi. Bu dövrdə yaşamış Zülfüqar Şirvani, Şəms Təbrizi və b. dünyagörüşü bidət yönümlü mistik panteizmi və sosial bərabərliyə istiqamətli demokratik ictimai-siyasi ideyaları ilə səciyyələnirdi.
XIV əsrdə Azərbaycanda və İslam Şərqində hürufilik fəlsəfəsinin banisi Fəzlullah Nəimi Təbrizi Astrabadi əl-Hürufi (1339/40-1393/94) olub. O, "Cavidani-Kəbir", "Məhəbbətnamə", "Ərşnamə" və s. əsərlərində hürufilik fəlsəfəsini şərh etmişdi. Sufi və ismaili fəlsəfəsindən bəhrələnən hürufilik fəlsəfəsi nisbətən ardıcıl materialist yönümlü panteizmi və mistik pərdə altında məhəbbətlə əqli birləşdirərək varlığın dərkini təbliğ edən ideya cərəyanı idi. Bu təlim ərəb və fars əlifbası hərflərini və bu hərflərin saylarını (28 və 32) ilahiləşdirir, onları hər şeyin əsasını təşkil edən dörd maddi ünsür, insan və Allahla tam eyniləşdirirdi. Hürufilər hər cür zülmə, o cümlədən Teymurilər zülmünə qarşı çıxaraq üsyanlar yolu ilə mübarizə edirdilər. Bu əqidəyə görə, Nəimi Əmir Teymurun oğlu Miranşahın əmri ilə qətlə yetirilmişdi. Lakin hərəkat davam edir və onun fəlsəfi təlimi Orta və Yaxın Şərq ölkələrində və hürufiliyin vətəni Azərbaycanda (hürufi cəmiyyəti məxfi təşkilat kimi Bakıda yaranır və Azərbaycan hürufi mənbələrində "oyanışın vətəni" adlanır) geniş yayılırdı. Şair və mütəfəkkir İmadəddin Nəsimi (1369/1370- 1417) hürufilik fəlsəfəsinin təbliğatçısı olub. Şairin Azərbaycan, ərəb və farsdilli divanları Şərq aləminə yayılaraq sufi və hürufi fəlsəfəsini poeziya dili ilə geniş təbliğ edirdi.
Hürufiliyin görkəmli nümayəndələrindən biri Azərbaycan filosofu Əli-ül-Əla idi. O, Nəiminin qətlindən sonra hürufiliyi Türkiyədə təbliğ etmişdi. Hər iki mütəfəkkir hürufiliyin panteist ideyalarının təbliğinə görə edam olunublar. Bu təlimin ideya və rəmzləri İslam ölkələrinin mənəvi mədəniyyətində XVIII əsrə qədər əhəmiyyətli yer tutub. XIII-XIV əsrlərdə Azərbaycanda panteist fəlsəfəni təbliğ edən və dinə müxalif olan müxtəlif təriqətlər arasında "Həllaciyyə" (Mənsur Həllacın görüşlərini təbliğ edən), "Əli-Allahi", "Sührəvərdiyyə" (Şihabəddin Əbuhəfs Sührəvərdinin görüşlərini təbliğ edən) və s. təriqətlər mövcud idi.
Həmin təriqətlərin içində banisi Səfiəddin İshaq Ərdəbili olan qızılbaş təriqəti və onun ideologiyası xüsusi yer tuturdu. Bu ideologiya XIII-XIV əsrlərdə təşəkkül və təkamül dövrünü keçərək sonradan Səfəvi imperiyasının şiə təmayüllü hakim ideologiyasına çevrildi. Qızılbaş sufi ideologiyası tarixən dəyişərək XIII-XV əsrlərdə təbliğ etdiyi sufi fəlsəfəsinin ardıcıl panteizmindən, sosial zülmə son qoyan insan surətində Mehdinin zühuru ideyalarından tam imtina etdi. XVI əsrdə hakim Qızılbaş ideologiyasında sufiliyin ancaq insanı təkmilləşdirən mistik əxlaq normaları, sufi və hürufi fəlsəfəsinin rəmzlərindən formal istifadə və mürşidə tabeçilik tələbi geniş təbliğ olunurdu.
XV və sonrakı əsrlərdə hürufilik zəminində təşəkkül tapmış materialist və rasionalist yönümlü ardıcıl panteizmi və ifrat bidətçiliyi ilə fərqlənən, mövcudatın əsasında nöqtəni görən mistik nöqtəvilik fəlsəfi dünyagörüşü yarandı. Nöqtəvilik hərəkatı və fəlsəfəsinin banisi F.Nəiminin şagirdi Mahmud Pəsixani idi. Təlimin dinə qarşı kəskin müxalifliyi səbəbindən Nəimi Pəsixanini hürufi təriqətindən kənarlaşdırmışdı. Azərbaycanda və İslam ölkələrində yayılmış nöqtəvilik fəlsəfəsinin nümayəndələri amansız təqiblərə məruz qalmışlar. Qədim materialistlərin, peripatetik və qeyri-ortodoksal cərəyanların fəlsəfi baxışlarından bəhrələnən nöqtəvilik fəlsəfəsi Orta əsrlərdə dünya fəlsəfəsinin fenomenlərindən biri idi.
Hürufilik, nöqtəvilik və s. bidətçi cərəyanların panteistik təlimləri ilə eyni vaxtda Azərbaycanda mötədil sufi baxışlarını təmsil edən xəlvətiyyə cərəyanı geniş yayılır. Bu cərəyanın fəlsəfi təlimi Seyid Yəhya Bakuvi, Yusuf Miskuri və b. sufi mütəfəkkirlərin irsində əksini tapmışdı. XIII-XV əsrlərdə ölkədə ortodoksal dini fəlsəfəni təmsil edən və ardıcıl idealizm mövqeyində duran mütəfəkkirlərlə qeyri-ortodoksal cərəyanların panteizmə əsaslanan və Şərq peripatetizminin təmsilçiləri olan mütəfəkkirlər arasında kəskin ideoloji mübarizə gedirdi. Belə ki, alim, məntiqçi və filosof Nəcməddin Naxçıvani (XIII əsr) İbn Sinanın "Kitab ül-işarət və-t-tənbihat" ("Göstərişlər və qeydlər kitabı"), "Şifa" və "Nicat" əsərlərini kəskin tənqid etmiş və bu tənqid bölgə mədəniyyətində geniş əks-səda doğurmuşdu. Bir çox Azərbaycan mütəfəkkirləri İbn Ərəbinin ölkədə panteist ideyalarını yaymasını kəskin tənqid edirdilər. XVI əsrdən başlayaraq Azərbaycan fəlsəfəsində bu ideya mübarizəsi və qeyri-ortodoksal fəlsəfi fikir daşıyıcılarının tənqid və təqibi getdikcə güclənirdi.
XVI əsrdə Səfəvilər dövlətində şiəliyin hakim dövlət ideologiyasına çevrilməsilə Azərbaycan fəlsəfi fikrində sərt dönüş yarandı. Belə ki, demokratizmi ilə fərqlənən panteizm yönümlü cərəyan nümayəndələrinin bir qismi hakim ideologiyaya tabe olur, digəri isə təqib və qətllərdən xilas olmaq üçün başqa ölkələrə mühacirət edirdilər. XVI əsrdə Azərbaycan fəlsəfi fikrində mühüm yer tutan görkəmli şəxsiyyətlər sufi-qızılbaş cərəyanının ideoloqu, poeziyada sufiliyin əsas müddəalarını ortodoksal İslam fəlsəfəsi ilə uzlaşdıran Şah İsmayıl Xətai və filosof-şair Məhəmməd Füzuli idi.

Zümrüd Quluzadə,
fəlsəfə üzrə elmlər doktoru