Su kultu ilə bağlı inanclar Mədəniyyət

Su kultu ilə bağlı inanclar

1-ci yazı

Novruz inanclar içərisində həcmcə böyük yeri su kultu ilə bağlı inanclar tutur. Bu inanclarda xalqımızın dünya, kainat, varlıq aləmi haqqında ilkin təsəvvürləri öz əksini tapıb. Bu cəhətdən su ilə bağlı inancların tədqiqi xüsusi əhəmiyyət kəsb edir. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, su ilə bağlı Novruz inancları tədqiqatçı Aynur Babəkin "Azərbaycan folklorunda su ilə bağlı inamlar" monoqrafiyasının "Novruz bayramında su inam və ayinləri" adlı fəslində tədqiqata cəlb olunmuş, maraqlı təhlillər aparılıb. Müəllif göstərir ki, Novruz bayramı bir çox mərasimlərlə müşayiət olunur. Həmin mərasimlərdə suya tapınmanın, pərəstişin – su kultunun izləri açıq-aşkar müşahidə olunur.
Novruz inanclarının təhlili xalqımızın su kultu, yəni suyu müqəddəsləşdirmə, onun qeyri-adiliyinə inanma ilə bağlı bir çox təsəvvürlərini öyrənməyə imkan verir. Əzizə Cəfərzadə qeyd edir ki, iltəhvil anlarında bəzi dindar adamlar zərif çini kasaya müşk və zəfəranla bayram və şəfa duaları yazır, sonra Novruzdan 40 gün keçmiş həmin yazılı kasaya yağan leysan yağışlarından su yığır, yağış suyu – müşk və zəfəran bir il pozulub xarab olmur və il boyu yeni iltəhviləcən həmin sudan türbət qabında bir qurtum xəstəyə içirir, şəfa umurdular. Qeyd etmək lazımdır ki, Novruz mərasim kompleksində su ilə bağlı ayin və adətlər xüsusi yer tutur. Dörd çərşənbədən ilki su ünsürü ilə bağlıdır. Şəkidə əzəl çərşənbədə sübh tezdən bulaq başına gəlirlər:

Ağırlığım-uğurluğum suya,
Azarım-bezarım suya,

– deyib, su üstündən atlanırlar. Sonra əl-üzlərini yuyur, bir-birlərinin üstünə su atır, sifətlərinə su çiləyirlər. Xəstəliyə tutulanları da su üstündən hoppandırırdılar. Adamlar günah işlətməyəcəklərinə, ancaq yaxşılıq edəcəklərinə and içib: Su haqqı, pis əməl sahibi olmayacağam, – deyirlər.
Mərasimin təsvirindən göründüyü kimi, burada su kultunun izləri var. Su kultlaşdırılması dualarla bağlıdır. Buradakı nəğmə mətni su kiltu ilə bağlı mərasimdə su ilahəsinə oxunan duadır. İnsanlar bu mərasimdə öz günahlarından, yəni ağırlıqdan, uğurluqdan təmizlənirlər. Bu təmizlənmə, paklanma su vasitəsi ilə baş verir. Lakin hər su ilə paklanmaq olmaz. Mərasimdən göründüyü kimi, bu su əzəl çərşənbə suyu, yaxud A.Babəkin yazdığı kimi, "ilkin su, kosmoqonik-yaradıcı sudur. Həmin su olduğu üçün möcüzəlidir, xeyir-bərəkət verir".
Günahlardan təmizlənmə ilə bağlı Naxçıvan bölgəsində toplanmış bir adət-mərasim mətni xüsusilə əlamətdardır. Bu "ilin on üçü" adlanan maraqlı bir mərasimdir. Maraqlısı budur ki, mərasimin mahiyyətində "yalan yuma" ayini durur. Adətə görə, bayramdan (Novruzdan – S.Q.) iki gün sonra arvadlı-kişili, oğullu-uşaqlı yığışarlar bir çayın qırağına. Buna da deyərlər "ilin on üçü". Yeyib-içərlər. Kim də nə qədər istəyər – o qədər yalan danışar. Gün çönənə (dönənə – S.Q.) yaxın yuyarlar əllərini çayın suyunda, deyərlər: Bu yalanların hamısını axıtdıq suya, bununla da yalan qurtarır.

Bu, çox maraqlı mərasimdən iki qənaətə gəlmək olur. Birincisi, bu ayin Novruzdan 12 gün keçəndən sonra, yəni on üçüncü gün icra olunur. Bu, bayramın qurtarması mənasını bildirir. İnsanlar həmin gün çoxlu yalan danışırlar. Həmin yalanlar əylənmək məqsədini daşıyır. Bildiyimiz kimi, bayram günlərində adi vaxtlarda edilməyən zarafatlara, əyləncələrə yer verilir və insanlar da bundan incimirlər. Dünya bayramlarında adamlar zarafatla bir-birini döyür, üstünə su, yaxud meyvə atır, bəzən söyüş söyür, müxtəlif zarafatlar edirlər. Şakir Albalıyev bu barədə yazır ki, istər ilaxır çərşənbələrdə – çillə mərasimlərində, istərsə də Novruz bayramlarında istisna hal olaraq müəyyən mənada "tabuları pozmaq" normal hal sayılırdı, eləcə də oxumaq, çalmaq və s. qabiliyyətlərini gizlədən utancaq gənclərimizin bu mərasimlərdə üzə çıxıb çalıb-oxumaları da "bağışlanılan" – qəbuledilən hal idi. Çünki bu bayramların spesifik xüsusiyyətlərindən biri də bu cür "yasaqları" vurub-dağıtmaq idi. Bayramın sona çatması ilə bütün bunlar başa çatır. Bu halda "yalanların suya axıdılması" bayram vaxtı yol verilmiş zarafatların, əyləncələrin qurtarması, sona çatmasını bildirir.
İkincisi, yalan danışmaq həm də günahdır. Şəkidə insanlar əzəl çərşənbədə sübh tezdən bulaq başına gəlib, "günah işlətməyəcəklərinə, ancaq yaxşılıq edəcəklərinə and" içdikləri kimi, Naxçıvanda da "ilin on üçü" adətində insanlar hər cür yalandan, yəni günahlardan təmizlənirlər. Burada yalanın su ilə (su başında, suya axıtmaqla) təmizlənməsi su kultu ilə bağlıdır. Belə ki, su təmizləyici gücə malikdir. Məsələn, İraq-Türkman bölgəsində "birinin günahını yumaq üçün qırx çanaq su tökərdilər. Onda günahından keçiləcəyinə inanardılar".
M.Paşayeva oxşar adəti Quba bölgəsində qeydə alıb. O yazır ki, il təhvil olunduğu gün sübh tezdən kəndin günah işləmiş gəncləri – dəli-dolusu, haram işə qurşananı, yolunu azanı günahlarının təmizlənməsi üçün çiləxana adlanan dar torpaq bir keçiddən keçirilərdi. Yəni onların doğru yola gəlməsi üçün bir şans verilirdi, yeni ildə həyatlarında da yeni səhifə açılmasına imkan yaradılırdı. Adətə görə, günahkarlar bu çiləxanadan keçməklə kəndin ağsaqqal və ağbirçəyindən halallıq alır, sanki yenidən dünyaya gəlmiş kimi, bəzən hətta adları da dəyişdirilərdi. Bu adət Naxçıvanda keçirilən "ilin on üçü" adəti ilə iki əsas nöqtədə birləşir: Birincisi, burada da günahlar təmizlənir. Lakin Naxçıvan bölgəsində su ilə, burada isə torpaqla. İkincisi, su da, torpaq da Novruz mərasim kompleksinin əsas dünyayaradıcı ünsürlərindəndir.
Naxçıvan bölgəsində "ilin on üçü" adətində yalan danışılması insanların sadəcə yalan danışmaq istəyi, həvəsi ilə bağlı deyildi. Bu, bir mərasim aktıdır. Ona görə ki, yalanın mərasimi kökləri, mahiyyəti və mənası var. Bu məna-mahiyyət folklorumuzda öz izlərini saxlayıb. Məsələn, K.İslamzadə göstərir ki, bir çox nağıllarımızda qəhrəman hiylə işlətməklə, aldatmaqla şər üzərində qələbə çalır, haqq-ədaləti bərpa edir. Digər tərəfdən, Azərbaycan folklorunda gülüşlə, o cümlədən yalanla bağlı janr var: qaravəlli. Qaravəlli janrını geniş şəkildə araşdırmış T.Orucova görə, o, yalan danışmaqla əlaqəli bir janrdır. Müəllif göstərir ki, qaravəlli tamaşasının qəhrəmanları arasında ayrıca Yalançı pəhləvan obrazı da var.
Novruz mərasimlərində insanların bir-birinin üstünə su atması da diqqəti cəlb edir. Təbii ki, bu, su ilə əylənmə deyildir. İnanc mətnlərinin nəzərdən keçirilməsi göstərir ki, su atmaq təmizlənmə, paklanma ayinin tərkib hissəsidir. Ağbaba bölgəsində ilin təhvil olunduğu gecə "sulaşma" deyilən hadisə də olardı. Bu vaxt evdə yatanda yatanların üzünə su çilənərdi. Bu qaramatın, yəni tənbəlliyin aradan qalxması, adamların da ayıq olmasını arzulamaq idi. Heç kəs su çiləməyə görə narazılıq edə bilməzdi, təbii ki, el adətinə xilaf çıxmaq olmazdı. Bir Göyçə inancında da olduğu kimi, su aydınlıqdır – deyiblər. Ona görə də ilin axır çərşənbəsində hamı bir-birinin üstünə su çiləyir ki, təzə il onlar üçün uğurlu olsun.
İnanclarda xüsusilə axır çərşənbə gecəsinin suyundan bəhs olunur. Bu su qeyri-adidir: o, dərd-bəlanı yox edir, xeyir-bərəkət verir. Göyçə bölgəsinə məxsus bir inanc mətnində göstərilir ki, Novruz bayramında kim gün çıxmamış hamıdan tez bulaqdan su gətirib onunla xəmir yoğursa, o evdən bin-bərəkət heç vaxt əskik olmaz. Burada əsas məsələ suyun ilkin su olmasıdır. Yəni il təhvil olandan sonra ilk dəfə gələn su pak və möcüzəli sudur. Qaraqoyunlu və Dərələyəz bölgəsi inanclarından birində deyilir ki, axır çərşənbə gecəsinin səhəri sübh tezdən durub axar su üstünə getmək, suya salam verib, üstündən üç dəfə atlanmaq, sonra da həmin sudan bir qab gətirib, həyət-bacaya, evin dörd bucağına səpmək gərəkdir. Deyirlər ki, belə edəndə ilin xoş gələr, ağrı-acı görməzsən.Bu inancı təhlil etmiş A.Babək yazır ki, inanc mətnində su kultu ilə bağlı bir çox məqamlar bir yerdədir. Onlar aşağıdakılardır:
1. Axır çərşənbənin səhərisi gününün suyu.
Bu su adi su deyil. İlkin sudur, demək, kosmoqonik – yaradıcı sudur.
2. Bu su axar sudur.
Axar su canlıdır, diridir, axmaz (yaxud lal axan) su ölüdür. Diri olmayan su canlılıq – həyat, xeyir-bərəkət verə bilməz, insanın ağırlıqlarını yuyub apara bilməz. Bu da ilkin suyun əsas xassələrindən biridir.
3. Suya salam vermək.
İnsan, əslində, suya yox, onun sahibinə salam verir, üstündən tullanmaq, yəni azar-bezarını tökmək üçün icazə istəyir.
4. Sudan hökmən evə gətirib qapı-bacaya səpmək.
Bu su müqəddəs, möcüzəli, qüdrətli sudur. "Koroğlu" dastanında Alı kişi də oğlundan xahiş edir ki, Qoşabulaqdakı sudan ona bir qab gətirsin ki, kor gözləri açılsın. Demək, bu su kor gözləri açmaq qüdrətinə malik həyatyaradıcı sudur. Axı kor insanın gözlərinin açılması onun həyata yenidən dünyaya gəlməsi kimidir. Axır çərşənbə gecəsinin qurtardığı an il təhvil olur və sular, ağaclar buna reaksiya verir. Sular dayanır. Bu an möcüzəlidir. Kim bu ana şahid olsa, onun bütün arzu-istəkləri həyata keçər. Zəngəzur inanclarından birində deyildiyi kimi, "gecə, deyillər, su dayanır. Su dayanan vaxtı görsən ki, su dayanır, niyyətin tutur, görməsən, tutmur".
Lakin insanlar çox vaxt bu ana şahid olmaqdan məhrum olurlar. Ancaq həmin möcüzədən insanlara pay düşür: həmin pay ilkin su – Novruz suyudur. Ona görə də bir vaxtlar Zəngəzurda olduğu kimi, "hamı çalışarmış ki, axır çərşənbə gedib hamıdan qabax su gətirsin. Üçüngü deyillər ki, suda peyğəmbər nəfəsi var".
İnsanların suyun dayanması anına şahid ola bilməməkləri ondan irəli gəlirdi ki, onlar suyun nə vaxt dayanacağının dəqiq vaxtını bilmirdilər. Ağdaş bölgəsindən toplanmış inanc mətnində deyilir ki, ilin axır çərşənbəsi su dayanır. Saat neçədə dayanırsa, o bilinmir. Onda bəzi adamlar oturur o suyun kənarında. Ondan tələb eləyirsən, nə lazımdı. Allah-taala onu sənə yetirir. Əgər bu mümkün olmursa, obaşdandan – sübh tezdən su üstünə getmək lazımdır. Həmin zaman axan su müqəddəsdir. Ağdaş bölgəsi insanlarının inancına görə, ilin-ayın axır çərşənbəsində, il təzələnəndə obaşdandan durub su dolduranda arxa Zəm-zəm suyu axır. Zəm-zəm suyu budur ki, dirilik suyu kimidir. Cənnətdən gələn su olur. Onunla kim yuyunsa da, içsə də, xörək bişirsə də, o, deyir, sağlamlıq gətirir insanlara, heyvanlara. O gecəsi, deyir, arxlara su cənnətdən axır Allah tərəfindən.

S.Qasımova
araşdırmaçı