Novruz ənənələri və onların mənaları Mədəniyyət

Novruz ənənələri və onların mənaları

1-ci yazı

Novruz dünyanın ən qədim bayramlarından biridir və onun kökləri Zərdüştilik dini ilə bağlıdır. Novruz xristian erasından əvvəl VI əsrdən etibarən zərdüştilik təqvimində yeni ilin ilk günü kimi qeyd edilməyə başlanıb. O zamandan ərəb işğalına qədər Novruz həm də zərdüştiliyin ən başlıca dini bayramı hesab edilirdi. İslamın qəbulundan sonra zərdüştilik dini ləğv edilsə də, onun təqvimi "hicriye-şəmsi" adı altında günəş təqvimi kimi bir sıra ölkələrdə, o cümlədən də Azərbaycanda yaşayırdı. Ancaq Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda rəsmi təqvim kimi xristian (Qriqorian) təqvimi qəbul edildi. Hal-hazırda biz Novruz bayramını artıq dini bayram kimi yox, folklor və bahar bayramı kimi qeyd edirik. Bununla belə Zərdüştilik dini ilə bağlı olan bir çox adət-ənənələr indi də Novruz ənənələri çərçivəsində yaşamaqdadır. Biz bu ənənələrin mahiyyətini və mənasını unutduğumuza görə indi onlar bizə çox sirli və müəmmalı görünür. Çox vaxt tədqiqatçılar da onları mənbələr əsasında deyil, öz yozumları əsasında izah etməyə çalışırlar ki, bu da Novruz haqqındakı təsəvvürləri daha da dolaşıq hala salır. Ona görə də Novruz mərasimlərinin mənasını başa düşmək üçün dünya və onun yaranışı ilə bağlı qısa şəkildə olsa da, zərdüştilik təlimi ilə tanış olmaq lazımdır.
Zərdüştilik dininin yaranış əsatirinə əsasən, əvvəlcə yalnız tanrı Ahura Məzda mövcud olub. Bu adın mənası "düşüncə hakimi" deməkdir və zərdüştilik dinində Ahura Məzda canlı və ya fiziki bir varlıq kimi yox, "fikir, "düşüncə", "ideya" mənasında qavranılır. Həmçinin, Ahura Məzdanın ruh və ya mələk formasında olan iki əkiz oğlu – Spentə Məinyu (Müqəddəs Ruh) və Ənhrə Məinyu (Qəzəbli Ruh), yəni Əhrimən olub. Ahura Məzda Spentə Məinyunun köməyi ilə dünyanın yaradılmasına başlayır. Əvvəlcə, o, səmanı və səma cisimlərini, sonra suyu (okeanları), suyun ortasında üzən yeri (torpağı), yerin üzərində isə bir birki, bir buğa və "Kiyə Mərtən" ("Kəyumərs") adlı bir insanı yaradır. Ən sonda isə Tanrı günəşi və yer üzərində onun timsalı olan odu (atəşi) düzəldir. Müqayisə üçün qeyd etmək olar ki, İbrahimi dinlərin (yəhudi, xristian və islam dinlərinin) yaranış barədəki əsatirinə görə Allah dünyanı altı gündə və altı obyektdən – səma, səma cisimləri (ay, ulduzlar və günəş), yer, su, heyvanlar və insan varlıqlarından ibarət yaradıb, yeddinci gün isə yorulub, istirahət edib. Ahura Məzdanın yaratdığı yeddi varlıqdan və ya ünsürdən ibarət olan dünya isə əvvəllər sabit halda dayanırdı və hərəkətsiz vəziyyətdə səmanın ortasında qərar tutan günəş aramsız olaraq yer üzərini işıqlandırırdı. Onun işığı qaranlıq zülmətdə yatmış Əhrimənin üzərinə düşəndə Əhrimənin gözləri qamaşır və o, oyanır. Yalnız qaranlıqda yaşamağa alışmış Əhrimən bu zaman qəzəblənib, Ahura Məzdanın yaratdığı obyektlər üzərinə hücuma keçdi. O, səmanı yardı, suyu bulandırdı, yerin hamar səthini kələ-kötür hala saldı, bitkini, buğanı və insanı susuz qoyub məhv etdi, odu tüstüyə yoluxdurdu və nəticədə işıqlı və isti dünyanı qaranlığa və soyuğa qərq edərək, öz xoşladığı vəziyyətə saldı. Bunu görən Ahura Məzda dünyanı hərəkətə gətirir: günəş dövr etməyə, gecə ilə gündüz əvəzlənməyə, buzlar əriməyə, sular axmağa başlayır. Bitki, buğa və insan da isti günəş hərarətinin təsirindən canlanırlar. Bitkinin toxumlarından bütün başqa bitkilər, buğanınkından bütün heyvanlar, ilk insandan isə insan nəsli törəyir. Bütün bu hadisələrin "baş verdiyi" gün isə insanlar tərəfindən "Ahura Məzda bayramı"adı altında qeyd edilməyə başlanır. Ancaq islamın qəbulundan sonra "Ahura Məzda" adı yasaq edildiyindən bayrama "Novruz" ("Yeni gün") adı verilir.
Əhrimən isə öz mübarizəsini davam etdirir və şər əməllərdə ona kömək etmək məqsədilə divləri (yeddi şər ruhu; onların adlarının mənası belədir: yalan, düşgünlük, təkəbbür, ölüm, qərəz, qorxaqlıq) və cadugərləri yaradır. Buna cavab olaraq Ahura Məzda yaratdığı yeddi ünsürü qorumaq üçün Spentə Məinyudan əlavə, daha altı "Ölməz Müqəddəsi" ("Ameşa Spentə"ni) yaradır. Bunlar səmanın qoruyucu ruhu olan Şəhrivər ("həqiqət" mənasını verir), suyun qoruyucusu Xordad (bitginlik, kamillik), yerin müdafiəçisi Spentə Armanti (mərhəmət, şəfqət), bitkinin qoruyucusu Əmordad (əbədilik), mal-qaranın qoruyucusu Bəhmən (xoş niyyət), odun (atəşin) qoruyucusu Ordibehişt (güc, qüdrət) ruhlarından ibarət idilər. İnsanın himayəçisi isə Spentə Məinyu idi (bəzən o, Ahura Məzda ilə eyniləşdirilir). Zərdüştilikdə bunlar işıq, xeyir, yaxşılıq qüvvələri hesab edilir. Zərdüşt dünyada baş verən bütün hadisələri və təbiətdə mövcud olan qüvvələri "yaxşı" və "pis" kimi iki qrupa bölür. O, "yaxşı"ya və "pis"ə belə tərif verir: o şeylər ki, insanları xoşbəxtliyə və şadlığa doğru aparır, onlar yaxşıdır. O şeylər ki, insanların firavanlğa və şənliyə doğru irəliləməsini əngəlləyir, onlar pisdir. Ahura Məzda insanları xoşbəxtliyə və sevincə səsləyir, ona görə də insanlar daima yaxşı işlərlə məşğul olmalı, ətrafındakılara xeyirxahlıqla yanaşmalı və kömək etməli, onları əhatə edən təbiəti də abadlaşdırmağa çalışmalıdırlar. Ahura Məzdanın yaratdığı səma, su, yer, od, heyvan və bitkilər də xeyir qüvvələrə aiddir. İnsanlar könüllü surətdə seçim etməlidirlər: kim istəsə xeyir, kim istəsə şər qüvvələrin tərəfini tuta bilər. Həyata təhlükə törədən, qayda-qanunları pozan, xaos yaradan hər şey isə əbədi qaranlıqda yaşayan və Ahura Məzdanın əbədi düşməni olan Əhrimənə və onun köməkçilərinə mənsubdur.
Bir-birinə qarşı dayanan bu iki xeyir və şər qüvvəsi maddi formaya malik deyil, ancaq onlar hər yerdə mövcuddur və daima mübarizə aparırlar. Zərdüştə görə, dünyada baş verən hər bir hadisə bu iki qüvvənin mübarizəsinin nəticəsi kimi ortaya çıxır. Bütün xoş və yaxşı şeylər – işıq, isti yay, ümumiyyətlə, həyat xeyir qüvvələr tərəfindən yaradılıb. Xəstəlik, ölüm, zəlzələ, soyuq qış, zərərverici həşəratlar və heyvanlar, bir sözlə, insana və təbiətə zərər vuran bütün şeylər isə şər qüvvələrin əməllərinin nəticəsidir.
Zərdüştilik dininin əsas qanunları olduqca humanist və sülhpərvər səciyyə daşıyır. Onlar insanları şər qüvvələrlə mübarizə aparmağa, öz zəhməti ilə yaşamağa, xeyirxahlığa və ədalətli olmağa çağırır. İnsanın niyyəti, əməli və sözləri üst-üstə düşməli və xeyirə xidmət etməlidir. Başqa dinlərə sitayiş edənləri təqib etmək də bu dində qadağan idi.
İlk peyğəmbərlik dinini yaradan Zərdüşt ilk dəfə olaraq insanın qurban verilməsini tənqid edib, qadınlarla kişilərin hüquqlarını bərabərləşdirib. Halal zəhməti ilə yaşamaq, valideynlərinin və uşaqlarının qayğısına qalmaq, həmçinin Novruz və digər bayramları şən və təntənəli keçirmək zərdüştilik dinində insanların tanrı qarşısındakı ən müqəddəs vəzifələrindən biri sayılırdı. Belə hesab edilirdi ki, Novruzu insanlar nə qədər çox şən və fərəhli keçirərlərsə, o qədər də tez onlar şər qüvvələrin təmsilçisi olan qışa, şaxtaya qalib gəlib, istinin, yazın, bərəkətin gəlməsini asanlaşdırarlar. Zərdüştilik təlimində təbiətdə olan bütün qüvvələr və varlıqlar Ahura Məzda ilə Əhrimənin başçılıq etdikləri iki dəstəyə – xeyir və şər qruplarına bölündüyünə görə qış da şər qüvvələrə, yay isə xeyir qüvvələrə mənsub edilirdi. Bunu da qeyd etmək lazımdır ki, Zərdüştün zamanında il yalnız iki fəsilə – qış və yay fəsillərinə bölünürdü.
Beləliklə, Novruz bayramı, əsasən, iki mühüm funksiyanı yerinə yetirirdi: birinci, cari zamanda qışın, soyuq və şaxtanın təmsil etdikləri şər qüvvələri məğlub edərək, onların qovulmasını təmin edir, ikincisi isə, Ahura Məzdanın dünyanı hərəkətə gətirməklə Əhrimən üzərindəki ilkin qələbəsini yenidən yaşadaraq, dünyanın yaranışını, ölmüş təbiətin yenidən canlanmasını simvolizə edirdi. Belə hesab edilirdi ki, xeyir qüvvələrinin şər qüvvələr üzərində qələbə çalmasını təmin etmək və bu işdə yerdəki insanlara yardım göstərmək məqsədilə səmadakı xeyir ruhları, yəni yeddi "ölməz, müqəddəs ruh", həmçinin vəfat etmiş mömin insanların ruhları Novruzdan bir neçə gün əvvəl yerə enirlər. Səmadan gələcək qonaqları yaxşı qəbul etmək üçün Novruzdan 10-15 gün qabaqdan başlayaraq ev-eşik, həyət-baca təmizlənib sahmana salınmalı, yeni və təmiz geyim paltarları hazırlanmalı və digər tədbirlər görülməli idi.
Novruzdan əvvəl keçirilən çərşənbə mərasimləri də məhz yeddi spentə ilə (yeddi müqəddəs ruhla) bağlıdır. İlin ayrı-ayrı aylarında (yazda və payızda baş verən gecə-gündüz bərabərliyi, yayda və qışda baş verən gündönümü hadisələri, ən uzun gün və ən uzun gecə zamanı) onların şərəfinə böyük bayramlar keçirilirdi. İlin sonunda isə onlar çərşənbə günləri vasitəsi ilə yad edilirdilər. Çünki zərdüştilik təliminə əsasən, Ahura Məzdanın yaratdığı işıqlı dünya 12 sütun üzərində dayanır. Əhrimənin yaratdığı şər qüvvələr bu sütunları yıxmaq və işıqlı dünyanı məhv etmək üçün daima mübarizə aparırlar. Qışda onların fəallığı daha da artır və az qalır ki, onlar sütunları laxladıb yıxsınlar. Məhz bu zaman insanlar hər çərşənbə günü (zərdüştilikdə çərşənbə günləri ruhlarla ünsiyyət günü hesab edilir) bir "müqəddəs ruh"a müraciət etməklə, onlardan kömək istəyirlər. Axır çərşənbə günü isə "müqəddəs ruhlar" dünyasını dəyişmiş mömin insanların ruhları ilə birlikdə yerə çatırlar. Beləliklə, bütün imkanlarını səfərbər edən xeyir qüvvələri ilin sonunda toparlanaraq, Novruz axşamı şər qüvvələr üzərində növbəti qələbə çalır və şər qüvvələri, qışı, qoyuğu və qaranlığı yer üzündən uzaqlaşdırırlar. İnsanlar isə bu mübarizədə xeyir qüvvələrinə öz xeyirxah əməlləri, xoş niyyətləri, gözəl sözləri, sevinc və nikbinlikləri ilə kömək edirlər.
"Səma elçiləri"nin qarşılanması mərasimi "axır çərşənbə" və ya "ilaxır bayramı" adlandırılan günün axşamı baş verirdi. Həmin axşam hamı, hətta kasıb adamlar belə, bütün imkanlarından istifadə edərək yaxşı bayram süfrəsi düzəltməli idi. Xəstə və imkansız ailələrə isə qohum-qonşuları "bayram payı" göndərirdi. Ruhların razı qalması üçün bütün tədbirlər görülürdü. Ruhların xoşuna gəlsin deyə, bayram axşamı hamı xoş sözlər danışmalı, küsülü adamlar barışmalı, borclular öz borclarını ödəməli idilər. İlaxır çərşənbəsi müqəddəs gün sayıldığına görə hesab edilirdi ki, həmin gün edilən niyyətlər də düz çıxacaq.

Kamil Hüseynoğlu
professor