Dədə Qorqud obrazı və motivləri müstəqillik dövrü Azərbaycan şeirində Mədəniyyət

Dədə Qorqud obrazı və motivləri müstəqillik dövrü Azərbaycan şeirində

1-ci yazı

Müstəqillik dövrü Azərbaycan poeziyasını folklorla bağlayan ən önəmli istiqamətlərdən biri poeziyaya "Kitabi-Dədə Qorqud" obraz və motivlərinin gətirilməsidir. Bu dövrdə şairlərin poetik yaradıcılıqlarında Dədə Qorqud dastanlarından faydalandıqları göz önündədir. Dədə Qorqud obraz və motivlərindən istifadə etməklə əksər şairlər poetik düşüncə tərzi ilə xalq ədəbiyyatına yaxın olduqlarını nümayiş etdirməyə çalışırlar. Belə ustad şairlərdən Şəhriyarın, Məmməd Arazın, Bəxtiyar Vahabzadənin, Söhrab Tahirin, Sabir Rüstəmxanlının, Ramiz Rövşənin, Zəlimxan Yaqubun, Vaqif Bayatın, Fikrət Qocanın, Musa Yaqubun və onlarla gənc şairlərin şeirləri xüsusi əhəmiyyət kəsb edir. Ancaq bu problemin araşdırılması ilk baxışdan çox asan görünür. Doğrudan da, "Kitabi-Dədə Qorqud" eposunun obraz və motivlərini müstəqillik dövrü Azərbaycan şeirində "görmək", "müşahidə etmək" və bütün bu "görünən" və "müşahidə edilənləri" filoloji müstəvidə qeydə almaq, sistemləşdirmək, eposla müasir şeir mətnləri arasında əlaqələri bu görülənlər əsasında bərpa etmək çətin bir məsələ deyil. Bu, tədqiqatçıdan, sadəcə, səbir və zəhmət tələb edir. Ancaq bu deyilənlər problemin, sözün həqiqi mənasında, "görünən", "vizual" tərəfləridir. Görünən tərəflərin yenidən göstərilməsinin elmə heç bir faydası yoxdur (Necə deyərlər: "Görünən kəndə nə bələdçi"). Bu halda məsələyə problematik aspektdə yanaşmaq lazım gəlir.
Müstəqillik dövrü Azərbaycan şeirində inikas olunan Dədə Qorqud obraz və motivlərinin elmi baxımdan çox ciddi problematikası var. Bu problem Dədə Qorqud obraz və motivlərinin müstəqillik dövrü Azərbaycan şeirinin milli arxetipləri kimi öyrənilməsidir. Yazılı ədəbiyyatdakı bədii obrazla folklor mətnindəki bədii obraz bir çox tərəfləri ilə eyni olsalar da, onlar arasında çox ciddi və prinsipial fərqlər var. Bu fərqləri nəzərə almadan "Kitabi-Dədə Qorqud" ənənələrinin müstəqillik dövrü Azərbaycan şeirinin poetik struktur sistemindəki yeri və rolunun funksional semantikasını, o cümlədən Dədə Qorqud obraz və motivlərini müstəqillik dövrü Azərbaycan şeirinin milli arxetipləri kimi doğru-dürüst, sağlam nəzəri-poetik baza əsasında araşdırmaq mümkün deyil. Göründüyü kimi, bədii obraz gerçəkliyin fərdi yazıçı təxəyyülündə inikas olunan şəklidir. Təbii ki, folklor obrazı da gerçəkliyi inikas edir və gerçəkliyin təxəyyüldə inikas olunan şəklidir. Bu cəhətinə görə bədii obrazla folkor obrazı birləşir. Ancaq onların arasındakı ən böyük fərq bədii obrazın fərdi təxəyyülü, folklor obrazının isə kollektiv təxəyyülü əks etdirməsindədir. Bu cəhət onlar arasında mühüm fərq yaratmaqla bədii mətnlə folklor mətnini də bir-birindən kəskin şəkildə fərqləndirir.
Folklor obrazlarını funksional düşüncə mexanizmləri kimi səciyyələndirən S.Rzasoy yazır ki, folklor milli-mənəvi yaddaş kimi, etnosun fiziki və mənəvi təcrübəsinin ən funksional, dayanıqlı və dözümlü formullarını özündə yaşadır. Folklor xalqın tarixi yaşam təcrübəsindən yalnız xalqı ayaqda saxlayan, yaşadan, epoxal dəyişmələrdə bir xalq kimi qoruyan, etnik-mədəni məhvolma təhlükələri zamanı xalqın bütün fiziki və mənəvi ehtiyatlarını səfərbər edə bilən milli mövcudluq düsturlarını öz yaddaşında saxlayır. Bu baxımdan, bizim adi folklor qəhrəmanları kimi qəbul etdiyimiz Oğuz xan, Dədə Qorqud, Koroğlu, Keçəl Həmzə, Nigar xanım, Aşıq Qərib, Aşıq Kərəm, Keçəl, Kosa kimi obrazlar, əslində, Azərbaycan milli mentalitet sisteminin funksional vahidləri, milli immun sisteminin təşkilolunma mexanizmləri, milli düşüncə sisteminin məna semantemləridir. S.Rzasoyun bu yanaşması bizə Dədə Qorqud obraz və motivlərini müstəqillik dövrü Azərbaycan şeirinin milli arxetipləri kimi götürməyə imkan verir. Müəllifin qeyd etdiyi kimi, folklor obrazları, o cümlədən "Kitabi-Dədə Qorqud" eposunun qəhrəmanları olan Oğuz xan, Dədə Qorqud, Salur Qazan, Dəli Domrul, Burla Xatun, Təpəgöz və s. kollektiv təsəvvürlərin məhsulu kimi milli şüurun funksional vahidləri, təşkilolunma mexanizmləri, məna semantemləridir. Məhz bu kontekstdən yanaşdıqda görürük ki, "Kitabi-Dədə Qorqud" eposunun obraz və motivləri müstəqillik dövrü Azərbaycan şeirinə adi bədii obraz statusunda deyil, milli düşüncə arxetipləri kimi transformasiya olunur. Burada məsələnin əsas mahiyyəti obraz-arxetip münasibətlərinin aydınlaşdırılması ilə bağlıdır. Nəzərə alsaq ki, arxetp elə obrazdır, bu halda axtardığımız məna çox incələşir.
Arxetip – hərfi mənada ilkin obraz deməkdir. Yəni bunlar ibtidai şüurun kollektiv təsəvvürlərini əks etdirən obrazlardır. İlkin obraz – arxetipik nüvə, mənaları özündə cəmləşdirən semantik mərkəzdir. Bu cəhətdən "Kitabi-Dədə Qorqud" eposunun qəhrəmanları dastanın bədii mətni baxımından adi obrazlardır. Lakin bu obrazlar ilkin kollektiv təsəvvürləri özlərində əks etdirən semantik mərkəzlər kimi arxetiplərdir. Məsələyə "Kitabi-Dədə Qorqud" obrazlarının müstəqillik dövrü Azərbaycan şeirində inikası kontekstində yanaşdıqda çox maraqlı bir mənzərə meydana çıxır. Bu mənzərə özü ilə belə bir sual gətirir: yazıçı və şairlər "Kitabi-Dədə Qorqud" obraz və motivlərinə niyə müraciət edirlər?
Sualın cavabı həm üzdə, həm də dərindədir. Üzdə olan cavab budur ki, "Kitabi-Dədə Qorqud" milli-mənəvi dəyərlərimizin qaynağıdır, yazıçı və şairlər də ruhən bu qaynağa bağlıdır və zamanla ona müraciət edirlər. Dərində olan cavab isə "Kitabi-Dədə Qorqud" eposu obrazlarının milli düşüncə simvolları olması ilə bağlıdır. Milli düşüncənin daşıyıcısı olan yazıçı və şairlər milli özünüifadə məqamlarında özlərini bu simvollar vasitəsilə ifadə edirlər. Bu zaman "Kitabi-Dədə Qorqud" qəhrəmanları müasir bədii mətnə iki statusda daxil olur. Bu iki status eynizamanlı statuslardır: Müasir bədii mətnin obrazı statusu; Müasir bədii mətndə milli şüurun arxaik kollektiv enerjisini daşıyan (simvollaşdıran) arxetip statusu.
Beləliklə, "Kitabi-Dədə Qorqud" obraz və motivləri Azərbaycan şeirinin poetik struktur sistemində funksional semantika baxımından eyni zamanda iki statusda olur. Bunun birincisi bədii obraz statusudur. Yazar "Kitabi-Dədə Qorqud" obrazlarını öz bədii mətninə daxil etməklə onları yeni mətnin obrazına çevirmiş olur. Lakin bu obrazlar öz poetik strukturunda kollektiv şüurun enerjisini daşımaqda davam edir. Bu da onları eyni zamanda milli düşüncə arxetipləri kimi səciyyələndirməyə imkan verir. Başqa sözlə, "Kitabi-Dədə Qorqud" obrazları müstəqillik dövrü Azərbaycan şeirinin eyni zamanda həm bədii obrazları, həm də semantik arxetipləridir. Xalq şairi Məmməd Arazın yaradıcılığında bədii obraz və motivlərin hər iki səviyyəsi müşahidə olunur. Şair əksər şeirlərində "Kitabi-Dədə Qorqud" personajlarından ara-sıra istifadə edirdisə, "Dədə Qorqud səsləməsi" şeirini birbaşa Dədə Qorquda müraciətlə yazıb:

Özün köçdün, hayın qaldı dünyada.
Səsləmələr payın qaldı dünyada.
Dədəm Qorqud, harayını eşitdim,
Dədəm Qorqud, çağrışına hay dedim.
Hay dilində, bay dilində səsləmən.
Dədəm Qorqud, səsləməni eşitdim.

Şair Dədə Qorqudun səsləmələrini, nəsihətlərini eşitdik desə də, müasir dünyamızda hərc-mərcliyin baş alıb getməsindən narahat olduğunu da bədii boyalar ilə həm oxucuya, həm də eyni zamanda Dədə Qorquda çatdırmaq istəyir. Təəssüflənir, çünki Dədə Qorqudun babalarımıza və bizə əmanət qoyduqlarına sahib çıxa bilmirik, bəzən bizə tapşırılmış əmanətləri əlimizdən veririk. Torpaqlarımız əldən gedir, ağaclarımızı kəsirlər. Bu vətəni bizə əmanət edənə qədər bu torpaqların üzərində Dirsə xanın, Buğacın, Uruzun qanı axmışdı. O müqəddəs qanlar unuduldumu? Təbii ki, yox. Burada Dədəm Qorqud həm bir dədə, ağsaqqal obrazı, həm də millətin qan yaddaşının simvolik arxetipi kimi təzahür edir. Hələ analarımız ağlayır, hələ torpaqlarımız düşmən tapdağı altındadır. Şairin təbirincə desək, "analar ağlayırsa, torpaq ağlayır hələ, torpağı ağlayanın haqqı ağlayır hələ". Məmməd Arazı incidən daha çox Dədə Qorqudun əmanətlərinə bizim özümüzün ögey münasibətimizdir. Şeirdə "Kitabi-Dədə Qorqud"dan gələn ağac motivi də güclü təsirə malikdir. Dədə Qorqudun dua etdiyi, "Qaba ağacın qurumasın" dediyi, alqışladığı qaba ağacların insafsızcasına "soyqırımı" şairi pərişan edir. "Əlləri qurusun ağac kəsənlərin. Ağacları qurumasın yurdumuzun. Yaş kəsməyin, baº kəsməyin, yaşı kəsmək-başı kəsmək deməkdi" – deyir.
Ağac motivi dastanın "Salur Qazanın evi yağmalandığı boyı bəyan edər" boyunda belə verilmişdir: "Kafərlər Uruzu alub qənarə dibinə gətürdilər. Uruz aydır: "Mərə kafər, aman! Tənrinin birliginə yoqdır güman! Qoyun məni bu ağacla söyləşəyim", - dedi. Çağırıb ağaca soylamış, görəlim, xanım, nə soylamış:

...Başın ala baqar olsam, dibsüz ağac!
Məni sana asarlar götürməgil, ağac!
Götürəcək olursan, yigitligüm səni tutsun, ağac!
Bizim eldə gərək idin, ağac!
Qara hindu qullarıma buyuraydım,
Səni para-para toğrıyalardı, ağac!

Göründüyü kimi, Məmməd Araz öz şeirində dastanın ağac motivinin bəzi hissələrini iqtibas etməklə şeirin təsir gücünü artırmaq, ağaca məhəbbət hissinin qədim zamanlardan bu günə qədər akuallığını itirmədiyini anlatmağa çalışıb. Ağac müqəddəsdir, ağac insanın əbədi yol yoldaşıdır. (Təəssüf ki, insan bəzən bu sadə həqiqəti unudur, ağaca balta vurmaqla öz soy-kökünü baltalamış olur). Şairin əsərin sonunda gəldiyi qənaət də insanın özünün özünə düşmən münasibətdə olduğunu açıb göstərməkdir. Təbiətə vurduğu ziyan ilə insan özünə ziyan vurmuş olur. Bu sadə həqiqəti anlamaq, başa düşmək üçün tarixin səhifələrini vərəqləmək lazım gəlir. "Dar ağacı quranlar ilə ağacın dibini soyanların" aqibəti həmişə acınacaqlı sonluqla bitib. "Kitabi-Dədə Qorqud" dastanlarının da təlqin etdiyi ibrətamiz nəsihətlərdən biri də budur. Xalq şairi Bəxtiyar Vahabzadənin "Ağac" şeirinin "Dədə Qorqud" dastanlarındakı ağac motivi ilə bağlı yazıldığı şeirin məzmunundan, şeirdəki fikrin ifadə vasitələrindən, bədii dilindən aydın görünməkdədir:
Dağları, daşları yaşıllaşdırıb,
Gözəllik hissini oyadan ağac.
İnsana şirincə yuxu bəxş edən,
Quşlara həm yuva, həm hayan ağac.

Burada ağacın insana şirin yuxu bəxş etməsi ana arxetipi ilə bağlıdır. Digər tərəfdən, ağacın həm quşlara yuva, həm hayan olması onu yenə də qoruyucu ana arxetipi ilə əlaqələndirir.

Nizami Muradoğlu
filologiya üzrə fəlsəfə doktoru