Bruklində Beynəlxalq dostluq günü Mədəniyyət

Bruklində Beynəlxalq dostluq günü

Bakının Səbail rayonu ilə dostluq və əməkdaşlıq əlaqələri olan Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinin Bruklin inzibati rayonunda 4-cü Beynəlxalq dostluq günü keçirilib.
Bayram mərasimində dünyanın müxtəlif ölkələrindən Nyu-York şəhərinə köçmüş yüzlərlə insan iştirak edib. Bu bayram Nyu-York şəhərinin müxtəlif etnik icmaları arasında əlaqələrin daha da möhkəmləndirilməsi işində mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu gün Bruklində dünyanın müxtəlif ölkələrində anadan olmuş milyona yaxın insan yaşayır.
Əvvəlcə səhər saatlarından Beynəlxalq dostluq gününə həsr olunmuş birlik yürüşü başlanıb. Yürüş iştirakçıları 195 ölkənin dövlət bayraqlarını daşıyıblar. Amerika Birləşmiş Ştatlarındakı Azərbaycan diasporunu təmsil edən 3 təşkilat - Marietta Rozertalın rəhbərlik etdiyi Bakı-Bruklin Dostluq Assosiasiyası, Oleq Mövsümovun rəhbəri olduğu AZZEM Beynəlxalq Fondunun Nyu-Yorkdakı Azərbaycan təşkilatı və rəhbəri Alyona Bədəlova olan "Mənim Yolum" uşaq və gənclərin Bədii İnkişaf Mərkəzinin nümayəndələri yürüşdə fəal iştirak ediblər. Azərbaycan Respublikasının dövlət bayrağını Orxan Ağayev daşıyıb.
Bruklin sakinləri və rayonun qonaqları rəngarəng folklor festivalının şahidi olaraq müxtəlif xalqlara məxsus milli geyimlərlə tanış olublar.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bakıdan göndərilmiş, ölkəmizin mədəniyyəti, ənənələri, milli mətbəx nümunələri, folkloru, musiqisi, rəqsləri, idman uğurları və turizm obyektləri barədə məlumat və maraqlı materiallar tamaşaçılara təqdim olunub.
Artıq 3 ilə yaxındır ki, Nyu-Yorkun Bruklin inzibati rayonu ilə Bakı şəhərinin Səbail rayonu arasında dostluq və əməkdaşlıq əlaqələri yaradılıb. Hər iki rayonun nümayəndə heyətləri həm ABŞ-da, həm də Azərbaycanda görüşlər keçirib. Əlaqələrin daha da genişləndirilməsi ilə bağlı birgə tədbirlər təşkil olunur. Bu kimi bayramların keçirilməsi isə dost ölkə və xalqlar arasında əlaqələrin genişlənməsinə, bir-birini yaxından tanımalarına şərait yaradır.
Boro-holl yaxınlığında Bruklin Administrasiyasının rəhbəri, prezidenti Erik Adams, vitse-prezidenti Diana Reyna və Prezident Ofisinin baş məsləhətçisi İnqrid Lyuis-Martin iştirakçılar qarşısında çıxış ediblər. Çıxışlardan sonra qonaqlar və tədbir iştirakçıları müxtəlif ölkələrin milli mətbəx nümunələri ilə tanış olublar.
Dostluq günü bayramı Bruklində yaşayan xalqların mədəniyyətlərinin müxtəlifliyini nümayiş etdirərək ayrı-ayrı icmalar arasında dostluq əlaqələrinin möhkəmlənməsinə kömək göstərib.