“Rəfdəki qadın”. Onu sevməkdən qorxun! Mədəniyyət

“Rəfdəki qadın”. Onu sevməkdən qorxun!

XANIM-PORTRETin PORTRETdə XANIMlığı

Aydın Canıyev

Zəruri ön söz: Mən adətən, dostlarımın oğulları ilə fəxr etmişəm. Ancaq Günay mənə dostlarımın qızları ilə də fəxr etmək səadətini nəsib etdi. Və Günayın ilk şeirlərini oxuyanda öz qızıma dediyimi gördüm onda - 2011-ci ildə... Günay, sən böyüyəndə böyük böyüyübsən. Uşaqlıq etmədən! Uşaqlıq görmədən! Və... heç vaxt da uşaq olmadan! Hərəkətlərində uşaqlıq olsa da.
SÖZARASI: İbn Sinanın sorağını eşidib görməyə gələn Biruni deyilən ünvanı tapanda məhlədə bir dəstə uşağın oynadığını görür, cuppulunun birindən ibn Sinagilin evini soruşur. Oğlan... ibn Sinagilin evini göstərir. Biruni qapını döyür. Səsə çıxan qadına ibn Sinanı görməyə gəldiyini deyir. Anası ibn Sinanı çağırır və... bayaq Biruniyə ibn Sinanın evini göstərən uşaq gəlir!!! Özünü təqdim edən Biruni: "ibn Sina sən idinsə, niyə evi göstərirdin, özün demirdin ki mənəm" sualına cavab verir: "Mən bayaq orda oynayan uşaqlardan biri idim və uşaq kimi apardım özümü. İndi isə səninlə alim kimi danışmağa hazıram".
Günay ədəbiyyat meydanımızda "şeir-hekayə, poema-povest, roman-roman" oynayan "tərbiyəsiz uşaqlar"ın içində, onlarla bir məkanda oynayan, sualı-cavabı "uşaq ağlı"nda olan həmin o... YAZARdır!
Fəqət... ədəbiyyata ilk addımından fərqli düşüncə, qlobal təfəkkür, özünəməxsus manera ilə yazıçı-şair kimi gələn Günay həm də qadınlıbı və kişiliyi, daza dəqiq ifadə etsək, cinsəlliyi öz oxucusuna unutduraraq gəlib! Kişiliyin-qadınlığın, təbiətin və mənzərələrinin bədii ifadəsi ona, şeirlərinə yaddı. Rəssam o sadəcə! Bu rəssamlıq da ondan ibarətdi ki... həyatdakı duyurula bilinməyən obrazların ağını ağ, qarasını qara yuyub sözün kəfəninə büksün.
Etirazı olan "obıvatel" Günayın istənilən şeirini götürüb üstümə gəlməyə özünü haqlı biləcək - cavabımı eşidən anacan: bəli, olmadıqlarını iddia etdiyim hamısı Günayın şeirlərindədi. Amma Günayın düşüncələrini ifadə etdiyi bu bədiilikdə Günay ÖZ BİLDİYİ, təsəvvüründə canlandırdığı OBRAZLARDA və obrazlarla təqdim etsə, anlayacaq bir kimsə olacaqmı onu? Yox! Xeyr! Əsla! Ona görə də cəsarətlə deyirəm: onun üçün asfalt da, küçə də, ev də, şəhər də, qadın da, kişi də, uşaq da, böyük də, ata da, ana da, qardaş da, bacı da, dost da, düşmən də (əstəğfürullah! Günayda "düşmən" yoxdur! Bağışlayın!), hətta Vətən də... planşet materialı! Fırçası, klaviaturası yox. İlahi düzümün necəliyini və nədənini təsnifatlandıra bilmədiyimiz kimi, Günayın rəssamlığını da... eləcə! Çözümə gəlmir!
İstənilən şeirini oxuyanda Günayın heç bir çərçivəyə sığmadığını görürsən. Şeir kimi yanaşanda, ədəbiyyatşünaslıq nəzəriyyəsi təkzib edəcək: ölçü-mizan, bədii təsvir və bədii ifadə vasitələri, üslub, müasirlik, zaman anlam və dəyərini itirmiş miskin bir durumda... bu tabloların qabağında.
Ya gərək Günaydan keçəsən, ya da ədəbiyyatşünaslıq nəzəriyyəsindən!
Amma təzadın biri də bu ki, Günayın tabloları EŞİDİLƏNDƏ anlaşılır!
Özü də ədəbiyyatşünaslığa tüpürərək!
Özü də baxdıqca da nokauta düşməklə!
Günayın şeirlərini oxumağı bir çox hallarda qadağan etmək lazım olur - ən azından o anlamda ki, adamın ağlı çaşa bilər!
Günayın əksər şeirləri adamın beynini tormozlayır.
Bu effekti intibah dövrünün bir çox dahi rəssamlarının əsrlər sonra sirri açılan tablolarından almaq olur.
Zaman və məkan baxımından Günayı təhlil etmək absurd.
Günay zamanın axarından kənarda! Günaya zaman heç nəyi diqtə edə bilmir: (postmodernizm, anderqraundluq, təriqətçilik, sufilik, hürufilik və sairə bu tipli cərəyançılıq, -izmlik) üzüqara zamanın özünü nəzmə çəkib hakimlik etmək istəyən zamana baş qaxıncı kimi qaytaran Günay Ümid öz axarıyla öz zamanını yaşayır. Fəqət bir müstəvidə ikili zamanla yaşamaq qeyri-mümkün! Nəticə də ondan ibarət ki, öz dünyasını ifadə edən, tablolarını yaradan Günay Ümid bizli dünyalarda sərgisini keçirmək məhkumluğunda!
Həə... faciə bax, bunda!
HAŞİYƏ: Karl Fridrix Qauss olub - riyaziyyatçı və... çox cavan ölənlərdəndir. 4-cü sinifdə oxuyanda ədədi silsiləni, 6-cı sinifdə oxuyanda həndəsi silsiləni kəşf edib. 4 il universitetə imtahan verib - məsələləri öz kəşfləri ilə həll etdiyindən "iki" yazıb qaytarırmışlar. Axırda professorlardan biri başa salır ki, dədə, sən mövcud qaydalarla həll et, daxil olandan sonra, özünün bildiklərini elmdə təsdiqlədərsən. Nəhayət, 20 yaşında tələbə olan Qauss... riyaziyyat elmindəki çatışmazlıqlardan çərləyərək, səhv etmirəmsə, 28 yaşındamı, 30 yaşındamı ölür!
Faciənin biri də bu: Günay həyat və ədəbiyyat imtahanlarını bizim cəmiyyətin qaydaları ilə verməyə məhkum! Kİ... "Qauss"luğunu təsdiqlətsin.
ZƏRURİ İZAHAT: Arada "ağzıgöyçəklər"in Günayın savadını və mütaliəsini "söz konusu" etməklərini nəzərə alıb, nəzərə çatdırdım! Və həm də...
SÖZƏ SÖYKƏK: Günay Ümid Yazıçılar Birliyinin üzvüdü, Prezident təqaüdçüsüdü!
Günayı bizimlə müasir edən zaman, sadəcə, onun cisminə bizi şahid gətirsə də, bizi onun ruhuyla müasir edə bilmir. Günay TARİXİN SAXLANCINDA, Allahın dərgahında və bizim aramızda... RUH MƏLƏYİ tək yüz il əvvəldədi bizdən, yüz il sonradadı bizdən!
Onu sevməkdən qorxun - biz Günaya sevgi izhar edəcək qədər deyilik. Ona şəkildən, qəzet səhifəsindən, kitab vərəqindən, rəfdən boylananda baxdığımız kimi baxanda öz yerində olacaq.
Və mən sonda deyirəm: Günay Ümid imza olaraq da, şairə olaraq da, içimizin kitab rəfində sıralanan ən ilkindən tutmuş ən sonunda SÖZ SAHİBİ olanlarımızla bir boyda, bir biçimdə!
Bax, bu uğurunu alqışlamaq xatirinə yazdım bu yazını.
Günayın istənilən şeiri bizim əynimizə biçilib!
Günayın istənilən şeiri bizim istənilən birimizdir!
Günayın istənilən tablosunda üzümüz, gözümüz, iç və dış dünyamız öz rəngindədi!
Koloriti göz qamaşdırır!
Palitrasındakı "göyqurşağı" bütün yaradıcılığının ritmini müəyyən edir!
Gözünüzə rahatlıq üçün seçin - istənilən tablonu!
Əyninizə biçim üçün götürün - tablo kimi yox, söz kimi görə bildiyiniz istənilən şeirini!
Ürəyinizin, ömrünüzün, taleyinizin serenadası, elegiyası, rekviyemi, nəğməsi bilin - istənilən notda bəstələri.
Bəli, Günay həm də hisslərin gözəl bəstəkarıdır.
Bəstələri vazkeçilməz!
Tabloları vazkeçilməz!
Əyninizə biçilib ömrünüzün sözlərdə sıralanan kəfənləri!
Buyurun, geyinin - hamımıza yaraşanı, uyğun gələni var!
NƏHAYƏT: Günay ÜMİD nə əvvəl, nə indi, nə də bundan sonra heç bir ümid mənbəyi deyil! O artıq ÜMİDin özüdür. Darıxanda, sıxılanda, düşünmək istəyəndə, dalaşmağa köklənəndə, etiraz və üsyana qalxanda, əl atın... RƏFDƏKİ kitaba!
O kitab həyatda xanımlığın portretidir! O portretə əl uzadanda... xanımlığa şahid olun!
Və... sakitcə... qaytarın qoyun yerinə!
Toxunmadan!
Xələl gətirmədən!
Onu sevməkdən qorxun!
Onu qorumaq üçün çalışın!
Rəflərinizdə çox qiymətli bildiyiniz çox saxlancınız ola bilər!
Amma ziqiymət olanı odur: "Günay ÜMİD Yaşamağı öyrənəndə".
Elə edin ki, gələcəkdə deməyəsiniz: "arxada qalmışdılar, mən arxa bildiklərim"
Yaşamağı öyrənin - ÜMİD var ki... öyrənə bilərsiniz!
YAZIYA SÖZARDI: Mənim ümidim budur ki, hələ bir 30 ildən sonra da Günay belə dəyişilməz qalacaq, qala biləcək, bacaracaq. Onda bu yazının ömrü bir 30 il də uzanacaq, 30 ilin yazısı olacaq!.
Bunun üçün isə sadəcə... GÜNAYın özünə ÜMİD olması lazımdır. Həyatın yanlışlıqları üstündə yapdığı səltənəti - tabloları, bəstələri, protretləri - əbədiyaşar etmək üçün yaşamağı öyrətdiyi oxucularına, soydaşlarına öyrətdiyinin doğruluğunu o yanlışlıqları ÖZÜNÜN ETMƏMƏSİYLƏ NAİL OLA BİLƏR! Və həm də... özünün ÖZÜNDƏN SONRAKILAR üçün "TABLO"YA, "BƏSTƏ"YƏ, "PORTRET"Ə ÇEVRİLMƏSİNƏ imkan verməməsiylə!
Xas Söz yanlışı bağışlamır!
Xas rəng qarışığı sevmir!
Xaric vurmaq ahəngi pozur!
Yanlış yapmadan, qarışığa bulaşmadan, xaric səslənmədən AYƏTƏL-KÜRSÜdə qalma şansı indi ədəbiyyatda olan gənclərin içində ən çox Günay ÜMİDin şansı...
Və mən buna inandım, bu cür yazdım!!!
P.S. Hər fikrimin təsdiqini "Yaşamağı öyrənəndə" kitabından ala bilərsiniz. Sadəcə... REDAKTORUN NƏZƏRİNƏ çatdırıram: seçin hansını istəyirsiniz, qoşun yazının böyrünə.