“Yağımız ətrafda yırtıcı quş tək, biz sayıq idik” Mədəniyyət

“Yağımız ətrafda yırtıcı quş tək, biz sayıq idik”

Orxon-Yenisey abidələrində türk izləri...

1-ci yazı

Bəllidir ki, türklər qədim sivilizasiyanın ayrı-ayrı qatlarında özünəməxsus dərin və pozulmaz iz buraxıblar. V-VIII əsrlərin nişanəsi olan Orxon-Yenisey abidələri belə izlərdən biridir. Bu abidələr qədim türk xalqlarının həyat tərzini, sosial vəziyyətini, döyüş şücaətini özündə əks etdirən kitabələrdir. Kitabələr üzərində təsvir olunan rəsmlərdə, yazı nümunələrində qədim türklərin ətraf mühitə münasibətilə bağlı maraqlı fikirlər var. Orxon abidələrindən biri - Tonyukuk abidələrinin cənub üzündə (I daş) yazılmış 8-ci sətrə baxaq: "Keyik yeyərək, dovşan yeyərək otururduq. Xalqın boğazı tox idi. Yağımız ətrafda yırtıcı quş tək idi, biz sayıq idik".
Təhlilə keçməzdən əvvəl bəzi məqamların üzərində dayanmaq istərdik. Çünki ifadə edəcəyimiz fikirdə bu, çox vacibdir. Abidənin tədqiqatçılarından olan S.Malov Orxon-Yenisey əlifbası ilə cızılmış mətni çevirərkən məzmun yanlışlığına yol verib. Türk tədqiqatçısı H.Orkun, həmçinin azərbaycanlı alimlər Ə.Rəcəbov və Y.Məmmədov həmin səhvə düzəliş edərək, yuxarıda göstərilən sətirdə "sayıq" sözünü "leş"lə əvəzləyiblər. Bu, həm də ekoloji fikir baxımından mətnin mahiyyətinə uyğundur. Qədim türklər ov obyektlərinin (keyik-cüyür və dovşan) adlarını bildirməklə ovçuluğun əhəmiyyəti və yırtıcı quşların çoxluğunu göstərmək istəyiblər. Yağının yırtıcı quşa bənzədilməsi, "sayıq" olmaqla ondan qorunmağa çağırırdılar. Şübhəsiz, onlar yırtıcı heyvanlar haqqında müəyyən bilgiyə malik imişlər. Başqa sözlə, yırtıcı nə demək olduğunu bilirmişlər. Professor Q.Mustafayevə görə, yırtıcı başqa heyvanları tutub yeyən heyvana yox, özü böyüklükdə və özündən də iri heyvanları tutub yeyə bilən heyvana deyilir. O, belə bir misal çəkir: Bülbül həşəratı tutub yeyir, hər ikisi heyvandır, lakin bülbül yırtıcı deyil. İnəyi, atı tutub yeyən canavar isə yırtıcıdır". Biz də belə hesab edir və diqqəti 16-cı sətirdəki fikrə yönəldirik: "Qoşunu altı min imiş. Biz iki min idik. Döyüşdük. Tanrı yar olduğu üçün dağıtdıq (yaydıq), çaya töküldü..."
Bundan əvvəlki sətirlərdə də həyəcan, qorxu dolu ifadələr var. Deməli, burda "yırtıcı" sözü təsadüfi işlədilməyib. Onun yerində hər hansı ifadənin işlənməsi səhv olardı. Ona görə də "biz sayıq idik" deyirdilər. Sayıq, ehtiyatlı heyvan özünü qoruduğu, salamat qalıb yaşaya bildiyi kimi, insan toplumu da özünü müdafiə edə, hətta qələbə çala bilər. Qədim türklərə nəinki yırtıcılıq anlayışı, hətta yırtıcı heyvan növləri də məlum idi. Orxon-Yenisey abidələrindən olan II əlyazmada (Irk Bitik) yırtıcı heyvanların adları çəkilmiş və düzgün təsvir edilib. Əlyazmanın 4 və 5-ci səhifələrində "Arxam qızıl qanadlı qara quşam. Vücudum(un) görünüşü hələ tükənməzkən dənizdə yatıb arzu etdiyimi tuturam, sevdiyimi yeyirəm. O qədər güclüyəm. Onu bilin: yaxşıdır o. Parlaq xalxal şahin quşam, səndəl ağacı üstündə oturub zövq alıram. Onu bilin!", 15-ci səhifədə "Xallı barsam. Qamışlar arasında başım, o qədər igidəm, cəsuram. Onu bilin", 19, 20, 21 və 22-ci səhifələrdə "Quzğunu ağaca bağlamış, möhkəmcə bağla, yaxşıca bağla, deyir. Onu bilin. Yuxarıda duman durdu, aşağıda toz durdu. Quş balası uçaraq azdı, keyik balası qaçaraq azdı, insan oğlu yürüş edərək azdı. Yenə tanrı nəzərində üçüncü ildə hər şey salamat bütöv görünmüş, hamı şadlanır, sevinir deyir. Onu bilin, yaxşıdır o", 40 v 41-ci səhifələrdə "Varlı kişinin qoyunu hürküb getmiş, canavar rast gəlmiş, canavarın ağzı sulanmış, keyfi çağ olmuş, - deyir. Onu bilin, yaxşıdır o", 47 və 48-ci səhifələrdə "Bars - heyvan ov aramağa getmiş, ovunu ovlamış, ovlayıb yuvasına tərəf fərəhlənərək, sevinərək gəlir, deyir. Onu bilin: yaxşıdır o!", 65-ci səhifədə "Doğan (şahin) çay quşu ov(un)a getmiş, qarşısına yırtıcı qara quş çıxmış, - deyir. Onu bilin: pisdir o!", 66 və 67-ci səhifələrdə "Doğan quş (şahin) göydən ada dovşanı deyib şığımış, şahinin caynağı açılmış, yenə yığılmış. Doğan quşun (şahinin) caynağı (dovşana) batıb yuxarı qalxmış, dovşanın dərisi yırtılıb qaçaraq getmiş, belə deyir. Onu bilin: pisdir o!", 74 və 75-ci səhifələrdə "Bars keyik, ov ovlamağa getmiş. Orta yerdə (yolun ortasında) ilanla qarşılaşmış. Xallı ilan sərt qayaya çıxıb getmiş, ölümdən qurtulmuş, ölümdən qurtulub fərəhlənərək, sevinərək gedir, - deyir. Onu bilin: yaxşıdır o!", 78-ci səhifədə "Yırtıcı qara quşam. Yaşıl qaya yaylağım, qızıl (qırmızı) qaya qışlağım. O dağda durub zövq alaram. Onu bilin!", 99-cu səhifədə "Mavi ala şahinəm, gözəl qayaya qonub gözləyirəm. Yarpaqlı, qovaq ağacına qonub yaylayıram, deyir. Onu bilin: yaman yaxşıdır o!" - deyilir.
Gətirilən misalları şərh edək. 1-ci misalda arxası "qızıl qanadlı" qara quşun dilindən onun bioekoloji xüsusiyyətləri qeyd edilir: xarici görünüşcə hələ tükənməz enerjiyə malik olduğu bilinən, arzu etdiyini və sevdiyini tutub yeyən, bəzi digər canlılara münasibətdə qorxulu və güclü heyvan təsiri bağışlayan bu quşun yırtıcı olduğu şübhə doğurmur. 78-ci səhifədəki "Yırtıcı qara quşam" ifadəsi də fikrimizi təsdiq edir. "O qədər güclüyəm" - deyə "öyünən" qara quş "Dənizdə yatıb arzu etdiyimi tutaram", "yaşıl qaya yaylağım, qızıl qaya qışlağım"- deməklə təkcə yırtıcı olduğunu yox, həm də qida sahəsini, yaşama yerini nişan verir. Məlum olur ki, qara quş su hövzələrinə yaxın ərazidə yayılan, başqa sözlə, sahil qayalıqlarında yaşayıb, qidasını da elə buradakı sularda tapıb yeyən yırtıcı quşdur. Biz bu fikrə "Kitabi-Dədə Qorqud" dastanının "Qanlı qoca oğlu Qanturalı boyu"nda da rast gəlirik: "Sərt qayalar başında yuva quran", "Su dibinə girən quşu dartıb üzən" çal qara quş "bütün quşların sultanı" kimi təqdim olunur.
"Irk Bitik"də ("Falnamə") taksonundan asılı olmayaraq, yırtıcı heyvanların xarakterinə ümumi, oxşar münasibət var. Ovuna pusqu qurmaq və ya izləməklə üzərinə qəfil sıçrayışlar edib (yaxud şığıyıb) onu ələ keçirmək Orxon-Yenisey abidələrində təsvir olunan yırtıcılara da aiddir. Yuxarıda qeyd etdiyimiz qara quş özünə lazım olan qidasını tutub yemək üçün gördüyü yerə - dənizə şığıyıb onu tutur. 15-ci səhifədə qamışlar arasında seçilməsin deyə pusqu qurmuş xallı barsın (bəbirin) igidliyi, cəsurluğu ilə yanaşı, ovetmə məharəti və manevri göstərilir. Barsın "başının qamışlar arasında" olması fikri müasir elmi əsaslara söykənir. Çünki o, bu vəziyyətdə ovunu yaxşı görə, izləyə və sıçrayıb tuta bilmək imkanı qazanır. Şikarı isə əksinə, onu bu vəziyyətdə görmədiyi üçün ehtiyatlanmır və tez ələ keçir. 19-22-ci səhifələrdə quzğunun göydə görünməsi ilə yemini təşkil edən canlıların qaçıb canını qurtarması bioekoloji baxımdan əhəmiyyət daşıyır. Ovlağa çıxan quzğunun yırtıcılıq keyfiyyətlərinin qabarıq poza alması şikarı tutmaqdan ötrü vacib uyğunlaşmadırsa, bəzi canlılar üçün ehtiyatlı olmaqdan ötrü şərtsiz qıcıqlandırıcıdır. Onlar qaçıb gizlənməklə növün salamat qalmasını təmin edirlər.
Barsın (47-48 səh.) və canavarın (40-41 səh.) heyvanları ovlayıb yeməsi yaxşı əlamət kimi xarakterizə edilir. Fikrimizcə, canavarın varlı kişinin hürkmüş qoyununa tamah salıb yeməsi, kefinin çağ olması onunla bağlıdır ki, o imkanlı adama məxsus heyvandır. Çox güman qoyunun yoxsul kişiyə deyil, varlı adama aid olması fikri qəsdən verilib. Burada insan ekologiyası ilə əlaqədar müəyyən elementlərə də rast gəlirik. Hər iki yırtıcının ov etməsi ona görə yaxşı hesab edilir ki, onlar qida tapıb ac qalmırlar, özləri də yeyir, balalarını da yemləyirlər; "Ovunu ovlayıb yuvasına tərəf fərəhlənərək, sevinərək gəlir..." (47 və 48-ci səh.) Bu, növün yaşayıb salamat qalmasından ötrü vacibdir.
Yırtıcı quşlardan şahinin göydən şığıyaraq caynağını açıb adadovşanının dərisinə batırması və yırtıb dağıtması səhnəsi təsvir edilib. Abidədə bir yox, bir neçə növdən olan şahindən söhbət açılır. Müxtəlif növlərə aid edilən bu yırtıcı quşların məskən saldıqları ərazi - qida və yaşayış sahələri də müxtəlifdir. "Parlaq xalxal şahin quşu" səndəl ağacı üstündə oturub zövq alırsa, "mavi ala şahin" yarpaqlı qovaq ağacına qonub yaylayır.
Abidədə həmçinin uzaq qohumlar arasında (səh. 65) qidalanmanın rəqabət formasına rast gəlirik. "Çay quşu" ovuna gedən "doğanın" (şahinin) qarşısına yırtıcı qara quşun çıxması pis əlamət sayılır. Bu, ikincinin birinciyə nisbətən güclü olması və rəqabətdə onu udması - ac qoyması ilə bağlıdır. İri pişikkimilərdən pələngin (barsın) ceyran, cüyür (keyik) ovlaması məlumdur. Ancaq sürünən heyvanlar, o cümlədən ilanlar onların əsas qidası deyil. 74-75-ci səhifələrdə isə göstərilir ki, keyik ovuna gedən bars yolun ortasında ilanla qarşılaşır. Xallı ilan sərt qayaya çıxıb gedərək ölümdən qurtarır və buna sevinir... Burda məqsəd şahinin heç də barsın yemi olduğunu göstərmək yox, çətin situasiyalarda təkamüldə qazandığı qorunma tədbirlərindən istifadə edərək, növü yaşatmaq bacarığını qabartmaqdır. Əlbəttə, ilan sərt qayaya çıxıb getməklə canını pələng kimi cəld, manevrli yırtıcıdan qurtara bilməz. "Sərt qaya" ifadəsi sadəcə, etibarlı qorunmaya işarədir.
19-22-ci səhifələrdə quzğunun yırtıcılı olması o qədər şiddətli təsvir edilir ki, onu "ağaca bağlamış, möhkəmcə bağla, yaxşıca bağla deyir". Qorxunun şiddətindən yuxarıda duman, aşağıda toz durur, quş balası uçaraq, keyik balası qaçaraq, insan oğlu yürüş edərək azır. Abidəyə görə nəsl tamam tükənmir, salamat qalanlar çoxalaraq artır və tanrı nəzərində üçüncü ildə hər şey salamat, bütöv görünür. Hamı şadlanır, sevinir. Bu, yaxşı əlamətə yozulur. Çünki biosferin tamlığı pozulmur.
"Falnamə"də digər abidələrdə olduğu kimi ovçuluğun ətraf mühitə təsirinə dair maraqlı fikirlər toplanıb. Qaydasız ovetmə heyvanların təbii ehtiyatlarını azaldır, hətta onları tamamilə tükəndirə bilir. Belə neqativ hallar həmişə pislənib. "Ər ova getmiş, dağda dua etmiş, tanrıdan qüdrət, - deyir. Onu bilin: pisdir".
Yaxud "Durna quşu düşərgəsinə qonmuş, duymadan tora ilişib, uçmağı bacarmadan oturur, - deyir. Onu bilsin: pisdir o?" Təkcə durnanın deyil, ümumilikdə, bütün heyvanların öz ərazisində, sakit vaxtı ovlanması, onlara tor qurulması yaxşı qəbul olunmur. Tor qurmanın özü pis əlamətdir. Buna təsadüf nəticəsində güclü də, zəif də düşə bilər. 97-ci səhifədə təbiətə ikili münasibətin şahidi oluruq. "Xanlıq qoşunu ova çıxmış, çayır (çəmən) içinə əlik, keyik girmiş, xan əliyi tutmuş. Bütün qoşun əhli fərəhlənir. Onu bilin: yaxşıdır o!" Niyə heyvanların ovlanması yaxşı sayılmalıdır? Fikrimizcə, bu qoşun əhlinin-ordunun qidaya zəruri ehtiyacından irəli gəlir. Aclıq keçirən "bütün qoşun əhli fərəhlənir", çünki ehtiyacını ödəyir.

Yusif Dirili