Yəqin dağlar küsüb məndən Mədəniyyət

Yəqin dağlar küsüb məndən

Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, xalq şairi Məmməd Arazın yaradıcılığında dağ mövzusu mühüm yer almaqdadır. Şairin bu mövzuda yazdığı şeirlərinin əsasını ilkin mifoloji obrazlardan olan dağlara müraciəti təşkil edir. Şeirlərinin mayasında dağ, daş, qaya sərtliyi, mübarizliyi və mətanəti dayanan şairin ilham mənbəyi də, məhz ilkin varlıqlardan biri olan dağlarla bağlı olub. Şairin dağların əzəməti, qüdrəti və insanlarla münasibətinə həsr edilmiş şeirləri içərisində "Şahdağı", "Əlvida dağlar", "Dağlara qar düşdü", "İnsan qayalar", "Bir dağa açıq məktub", "Payız nidası", "Oxuyan Təbriz", "Dağlara çağırış", "Dağlar küsüb", "Durnaları dönməz oldu" və s. daha səciyəvi xarakter daşıyır.
Məlumdur ki, Hun dastanında Oğuz xanın oğullarından birinin adı Dağdır. Mifoloji təsəvvürdə insan olan dağlar Məmməd Arazın xəyalında canlanıb, şair dağlara, daşlara, qayalara tərəfi-müqabil kimi müraciət edib. "İnsan qayalar" şeirində müəllif qayalaşmış babalara, igidlərə, nənələrə üz tutub, onları oyandırmaq, danışdırmaq istəyib. Ancaq qayaların, daşların dilini anlamaq, daş sərtliyini öyrənmək, dağ-daşın xarakterinə bələd olmaq üçün gərək şair özü də qayalaşıb daşlaşaydı:
Bir qayaya söykənmişəm,
deyirəm kaş,
Bax beləcə daşa dönəm
Yavaş-yavaş.
Taleyimi qayaların taleyinə
Bağlayam mən.
Bircə insan düşüncəmi saxlayam mən.
Daş ayaqlı, daş əlli bir insan kimi,
Enib daşdan daşa düşəm.
Qayaların lal dilini başa düşəm.
Onların daş qulağına bir daş atam,
Qayaların keçmişini
qayalara xatırladam.
Şair bu qənaətə gəlir ki, ətrafı amansız və hiyləgər düşmən ilə sarılı olan, özündən başqa kimsəyə sığınmaq imkanından məhrum igidlərin yaşaması daş olmaqla mümkün idi. Daş olmaq burada möhkəm olmaq, əzəmətli olmaq, mətin olmaq anlamında işlədilib. Xalq dilində də "daş kimi möhkəmdir" ifadəsi var.
Tarixdən məlumdur ki, oğuz türklərinin torpaqları müntəzəm olaraq yadelli işğalçıların hücumlarına məruz qalıb. Hiyləgər düşmən etnik qrupları içəridən ələ almaqla türklərə daxildən və xaricdən zərbə vurmağa çalışıb. Məhz belə məqamlarda türk igidlərinin qaya kimi sərt, dözümlü olmaları onların qalib gəlmə şansını artırırdı:
Deyəm:- Bir vaxt insan oğlu
İnsan olub bu qayalar.
İnsanların nərəsindən
Doğulub bu qayalar.
Nər igidlər düşmən üstə gedən zaman,
Babalar da baş qaldırıb yer altından,
Qaya kimi - dayaq olub,
Yumruq olub, ox olublar.
Qayadöşlü qəhrəmanlar
Qayalıqda yox olublar.
Bu torpağın taleyində
o da elə bir gün idi,
İgidlərin yaşaması
daş olmaqla mümkün idi.
Dağa, daşa, qayaya bu qədər sevginin kökündə, təbii ki, əsatirlərdən gəlmə dağ, qaya mərdliyinin, mübarizliyinin insan təbiətinə xarakterik oxşarlıqları dayanmalıdır. Məmməd Araz da məhz ən təmiz, ülvi sevgini, sədaqəti dağlarda-yəni ucalıqlarda tapıb. Ona görə də hətta dağdan yıxılanda da dağdan yapışmağı qət edir, çünki qəlbində dağa qarşı dağ sevgisi, ilahi bir baxış var idi, dağlara salam verirdi, nə vaxtsa dağların yenidən onu ucaldacağına qəlbində sonsuz bir ümid var idi.
Məmməd Arazın dağ sevgisinin, ucalıq sevgisinin ən ciddi detallarından biri də şair dostu Musa Yaquba həsr edilmiş "Dağlara çağırış" şeirində verilib. Şeirdə dağlara arxalanmaq, dağlara söykənmək ideyası insanla dağın danışması, dərdləşməsi, onların daxilən bir-birini tamamlaması kimi nəzərə alınıb:
Ən ağır anında dağlarla danış,
Ən ali loğmandır o müdrik qoca.
Nə qədər, nə qədər qaysaqlanmamış,
Dərdlər tullasan da, dərə boyunca,
Dağ çayı çökdürüb çay daşlarına,
Duruldub bənzədər göz yaşlarına.
Dağlar öz hökmündə güzəştsiz, ötkəm,
Şair, qayalara, dağlara söykən.
Dağlara həsr edilmiş şeirlərində Məmməd Arazın dağ kultu ilə bağlı irəli sürdüyü fikirlər də maraq doğurur. Bildiyimiz kimi, mifoloji təsəvvürlərdə dağ Ata-Ana strukturunda iştirak edən ünsürdür. Bu şeirlərdə də dağa pərəstiş olunması, dağla əlaqə, dağın inanc yerinə çevrilməsi oxucunun diqqətindən yayınmır. Dağ kultunun Məmməd Araz şeirlərində gah ata, gah ana obrazında iştirakı milli mifoloji görüşlərdən qaynaqlanırdı. Şair dağa insan kimi yanaşıb, dağda ruhun olmasına inanıb, onu insanlaşmış varlıq kimi qəbul edib. Rövşən Əlizadə dağın kutsallaşması ilə əlaqədar olaraq "Azərbaycan folklorunda təbiət kultları" kitabında yazır: "Dağın ilkin stixiya kimi kutsallaşması onun əski inamlarla, həm də daşıdığı səmavi status epik mətnlərdə, o cümlədən "Kitabi-Dədə Qorqud" eposunda daha əhatəli formalarda əksini tapıb".
Məmməd Araz dağ ruhunun yaşadığını, qayaların igidlər kimi başlarını qaldırıb vüqarla dayandıqlarını, dərələrə yuvarlanan daşları isə namərdlərə - Vətəni, torpağı satan qorxaq, ölümə məhkum edilmişlərə oxşadıb. Dağlar insanlara çox şeyi, birinci növbədə mətinliyi, mərdliyi, cəsarəti, əyilməzliyi öyrədir.
Şairin bu tipli şeirlərində insanla dağ obrazı qoşalaşır. Dağsız insan, insansız dağ təsəvvür olunmur. Şair özünə xitabən müraciətində bildirir ki, bu ünsiyyətdən, bu təmasdan, təbiətlə insanın bir vəhdət təşkil etdiyindən danışmaq lazımdır. Bu insanla bir dağın yox, bütövlükdə türk xalqı ilə Vətənin vəhdəti deməkdir. Dağlara gedə bilməyəndə şair darıxır, inanır ki, bu münasibət dağlara da toxunub, sanki dağlar şairdən küsüb. Dağlara yadlaşandan qohum-qonşularla da əlaqə kəsilib, hətta ilham pərisi də şairdən üz döndərib. Dağlara yadlaşandan bir qoşma da yaza bilməyən şair bu nisgili "Yəqin dağlar küsüb məndən" gəraylısında belə ifadə edir:
Neçə yazdı düşmür yolum,
Yəqin dağlar küsüb məndən.
Gedib öpüm, qurban olum,
Yəqin dağlar küsüb məndən.
Çoxdan dağa-daşa yadam,
Salmır qohum-qonşu yada.
Əlim yatmır qoşmaya da,

Yəqin dağlar küsüb məndən.

Məmməd Arazın dağlara həsr etdiyi bütün şeirlərində dağ kultu insan kimi təsvir edilir. "Əlvida dağlar" qoşmasının özündə də dağlarla canlı olaraq vidalaşmaq arzusu əks olunub. Azərbaycan türklərinin az qala hamısının dilində əzbər olan bu şeirdə dağa sevgi ilə birlikdə ayrılığın gətirdiyi bir həsrət, nisgil də öz poetik ifadəsini tapıb. Dağla, dərə ilə vidalaşarkən sanki buludlar ağlayır, onun ardınca göz yaşı-su səpirlər ki, nə vaxtsa şair yenidən bu yerlərə qayıtsın. Bu ayrılığa dözə bilməyən nərgizlər saralır, qartallar qıy vurub uçub gedir, qaragöz pəri də dərdli-dərdli yolları izləyir. Gələndə şairi dağların gülü-çiçəyi qarşılamışdı, gedəndə sanki güllər, çiçəklər solub, boz biçənəklər həsrətlə boylanaraq əllərini yelləyir, ayrılığın sədasını küləklər çaylara çatdırır, çaylar da öz növbəsində bulana-bulana ağrılı-acılı nəğmə oxuyur. Şeirdə olan ayrılıq notları oxucunun qəlbinə bir hüzn gətirsə də, sonluq nikbin ruh təlqin etməkdədir. Belə ki, əbədi sirdaşı olan çoban həmişə dağların yanındadır. Çoban xalqın ümumiləşmiş obrazıdır. Zəhməti ilə halallıq anlayışını özündə birləşdirən çobanın simasında xalqın gücü, qüvvəti, sözü, söhbəti, varı, bərəkəti cəmləşib:
Dağların pələngi, şiri də sənsən,
Şairi də sənsən, şeri də sənsən.
Varı, bərəkəti, xeyri də sənsən-
Çoban, salamat qal, sağ-salamat qal!
Ömrünün axır illərində isə şair "Qoş məni dağ küləyinə" şeirində :-
"Tanrım, məni məndən qopar,
Qoş məni dağ küləyinə,
Dağların bəyaz qarından,
Rəng alan ağ küləyinə"- deyərək dağlara qovuşmaq istəyini bildirirdi. Dağdan törəmək, dağa qovuşmaq təsəvvürü şairin içərisində, mənəvi dünyasında yaşayırdı. Bu hissin içərisində bir dağ, daş təmizliyi, nəcibliyi, ülvilik duyğuları, ucalıq və dağ-insan vəhdəti var idi. Bu vəhdət bütün türk millətinin içində ali bir hiss olaraq yaşamaqdadır.

Nizami Muradoğlu
filologiya üzrə fəlsəfə doktoru