Dərmansız dərdə uğrayıb görməz gözüm... Mədəniyyət

Dərmansız dərdə uğrayıb görməz gözüm...

Xalqımız tarixinin bədii əks-sədasını özünün yaratmış olduğu folklor örnəklərində əks etdirib

1-ci yazı

Kifayət qədər zəngin olan folklorumuzun müxtəlif janrlarında nisgil motivləri ilə gen-bol rastlaşırıq. Bəs bu nisgil, kədər özündə hansı ovqatı əks etdirir, - deyə soruşsaq, müxtəlif prizmadan – folklor janrının təbiətindəki çoxvariantlılığa rəğmən də cürbəcür cavablar ala bilərik. Sadəcə olaraq folklor mətnlərinin məzmununda ehtiva olunan mənəvi dünyanın ritmini, ahəngini tutmaq gərəkdir; sözün, ifadənin deyilmə məqamını, işlənmə dərəcəsini psixoloji əlvanlıqla dərk etmək gərəkdir. Kədər, nisgil ovqatı isə təbii ki, insanda cismən göz yaşı axıdır. Daha doğrusu, göz yaşları insanın cismani və mənəvi ağrı-acılarının ifadəsidir, bu ağrı-acılı yaşantılar isə sözlü-hərəki mətnə çevrilməklə folklor örnəklərimizdə nisgil elementlərinin daşıyıcısı kimi çıxış edir.

Bulağın başı ilən,
Dibinin daşı ilən.
Sana bir toy tutaram
Gözümün yaşı ilən.

"Azərbaycan Ədəbiyyat Cəmiyyəti"nin 1926-cı ildə nəşr etdirdiyi "Bayatılar və manilər" toplusunda - Abdulla Şaiq, Şəfiqə Əfəndizadə və Mirzə Məhəmməd Axundzadə tərəfindən təqdim edilmiş beş yüzə yaxın bayatı içərisində kədər məzmunu üstündə qurulan bu cür nümunələrin sayı "n" qədərdir. Bayatının ilk iki misrası bayatının əsas fikir yükünü üstünə götürən növbəti misralara giriş səciyyəsi daşıyır. Bayatılardakı ilk misraları çox vaxt 3-cü, 4-cü misralarda ifadə olunan əsas mənaya sadəcə qafiyə tutmaq naminə deyilmiş misralar kimi dəyərləndirirlər. Lakin bu ilk misralar elə də primitiv mənada düşünülməməlidir. Çünki bu misralar bayatını həm səslənişcə (forma baxımından) – qafiyə naminə şərtləndirir, həm də məzmun yükünə xidmət baxımından dolğunlaşdırır. Deyərdim ki, bayatılardakı ilk misralara "başdansovdu münasibət" (özü də "elmi" baxımdan) müasir dövrdə yazılı ədəbiyyatımızda şeir yazmağın "asan" yolunu "arayanların" da boş söz yığınından ibarət olan "bayatıları"nın yazılı nümunələrimizin sıralarına ayaq açmasına gətirib çıxarmışdır. Halbuki hər bir bayatının fikir yükü ən kiçik həcmli folklor janrı hesab olunan atalar sözümüzün və ən iri həcmli folklor janrı olan dastanlarımızın məzmununda daşınan nəhəng fikirlər ümmanı ilə müqayisəyə gələndir. Bir sözlə, bayatıların ilk iki misrası sadəcə qafiyəyə deyil, əsas məzmun yükünə doğru da hesablanmış giriş – müqəddimə funksiyasını yerinə yetirir. Elə yuxarıdakı bayatını təhlilə çəkməklə dediyimizi əsaslandıra bilərik.
"Bulağın başı", "dibinin daşı" və "gözümün yaşı" - hər üçü həmqafiyə olub, səslənişcə bir-birlərini formal baxımdan tamamladığı kimi, məzmun etibarilə də bir-birlərini bağlayırlar. İndi fikrimizi açıqlayaq. "Bulağın başı" ifadəsi ilə əsas fikrin ifadəsi olan son misradakı "gözümün yaşı" arasında nə kimi məzmun bağlantısı ola bilər? Yaxud da "bulağın dibinin daşı" ilə də eləcə hansı fikir bağlılığı var? Burada "bulağın başı" – təbiət amili ilə insan faktoru (göz yaşı) arasında metaforik rabitə yaradılıb. Bulağın başından (gözündən) axan su ilə insanın gözündən axan su (göz yaşı) bir-birinə təşbeh edilib. Bəs "bulağın dibinin daşının" buraya nə dəxli var? Bulağın dibindəki daşlar bəlkə bir vaxtlar hansısa namərd əlilə bulağın gözünü tutmaq üçün bulağa tuşlanmış daşlar olub? Bulağın dibinin daşı bulağın başını (bulağın gözündən axan suyu, öz lal duruşları ilə əbədilik müşayiət etdikləri kimi, insanın gözünün yaşını da fələyin gözəgörünməz əli ilə insanın qəlbinə - könlünə tuşlanan (və dəyən) daşlar müşayiət edib həmişə. İnsan niyə ağlayır, göz yaşı tökür? Fələk, qəzavü-qədər başına daş yağdıranda, könlünü daşlayıb-yaralayanda insan nagüman-naəlac qalıb kədərli-nisgilli əhval-ruhiyyəsini göz yaşı axıtmaqla əks etdirir. Bax "bulağın başı" da, "dibinin daşı" da insanın "gözünün yaşı"nda bu sayaq metaforik olaraq gəlib "birləşir". Axı bayatı poeziya örnəyidir və poeziya da metaforik ünsürlərdən təşkil olunur. İndi gördünüzmü bayatının ilk misraları son misralar üçün sadəcə qafiyə xatirinə yox, həm də məzmun naminə deyilmiş "ekspozisiyadır".
İndi də gələk bayatının ifadə elədiyi əsas fikrin üstünə:

Sana bir toy tutaram
Gözümün yaşı ilən.

Burada "toy tutmaq" ifadəsi "divan tutmaq" (bu mətndə isə birbaşa "vay tutmaq") mənasını daşıyır. Cavan öləni toyla – zurna-balabanla götürmək (dəfn etmək) adəti olub. Bu, mərhumun nakam getdiyini tündləşdirmək məqsədinə xidmət edir. Yəni sənin toyunda çalınacaq-eşidiləcək musiqi sədaları vayında (dəfnində) qismət oldu; bu, kədərin, baş vermiş müsibətin dəhşətli ağrı-acısının nümayişidir.

Şakir Albalıyev
filologiya üzrə fəlsəfə doktoru