Dünyada Azərbaycan xalçasına maraq artır Mədəniyyət

Dünyada Azərbaycan xalçasına maraq artır

Buta, budaq, gül, damğalar və s. hamısı dil açıb danışır

I yazı

Xalçaçılıq insanın nağıllaşan dünyasıdır. Qədimlərdən bəridir ki, bu sənət xalqımızın böyük ruhunun ifadəsi kimi
yaşayır. Bu gün dünyada müasirləşmə, qloballaşma əhvalı çox artır. Belə əhvallar istər-istəməz xalqların qədimdən yol gələn yaradıcılıq imkanlarının qarşısına dolayısı yolla sipər çəkir. Xalçaçılıq özündə müxtəlif yönlü xəlqi keyfiyyət cəhətlərini birləşdirən sənətdir.
Azərbaycanda xalçaçılığın elmi əsaslarla inkişafı bu sahədə yeni bir mərhələnin başlandığından xəbər verir. Bu sahədə tanınmış xalçaçı rəssamlardan biri olan əməkdar rəssam Aydın Rəcəbov 1944-cü ildə anadan olub. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib. Ardınca da Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olub, ikinci kursdan İncəsənət İnstitutunun xalça kafedrasında təhsilin davam etdirib. Ötən illərdə dəfələrlə respublika, ümumittifaq və beynəlxalq sərgilərin iştirakçısı olub. Onun ustadı məşhur xalçaçı rəssam Lətif Kərimov olub. O, ustadını belə xatırlayır: "Lətif Kərimovun özünəməxsusluqları çox idi. Hər şeydən əvvəl o, istedadlı bir rəssam idi, özü də toxumağı bacarırdı. O, Azərbaycanın bütün bölgələrində toxunan xalçaları araşdırıb, bunları kataloqlaşdırıb. Məsələn, Quba xalçaçılığında Pirəbədil, Quba xalçası, Qırız və başqa xalça tipləri var. Onun yaradıcılığı Azərbaycan xalça sənətini məktəb səviyyəsində öyrənməyə imkan verir. Lətif müəllim bu sənətlə bağlı təsəvvürlərə, qənaətlərə elmi bir əsas gətirdi, hamısını ümumiləşdirdi və zənginləşdirdi".
Xalçaçılıqda dünyanın, həyatın, təbiətin, insanın mahiyyəti son dərəcə gözəl, nağılvari bir dillə ifadəsini tapır, rəmzilik gerçəklikdən dəfələrlə üstün, yaşarı səviyyədə
xalçaçılıqda yaşayır. Bu, onu göstərir ki, ulu babalarımız o zaman həyat haqqında olduqca bitkin, mənalı düşünməyi, üstəlik də onu gözəl ifadə etməyi bacarıb. Azərbaycan Türk xalçaçılığının günümüzdə daha yetkin, gözəl yaşamasının bir əsas səbəbi bu sənətin ruhumuzun ifadəsi olmasındadır:
"Xalçaçılıq qədim sənətdir. Bu təsvirlərdə müxtəlif rəmzlərlə rastlaşırıq. Buta, budaq, gül, damğalar və s. hamısı dil açıb danışır. Azərbaycan xalçasının dünyada analoqu yoxdur. Buna kifayət qədər sübutlarımız var. Ermənilər nə qədər çığır-bağır salsalar da, yalandan dünyanın müxtəlif ölkələrində xalça sərgiləri təşkil etsələr də, iddialarının heç bir əsası yoxdur. Erməninin xalçaçılıq sənəti yoxdur, bu, əslində ruh məsələsidir, zorla nə isə qondarmaq olmaz. Dünya da bunu gözəl bilir, ancaq etiraf etmir. Dünya muzeylərində Azərbaycan xalçaları əsasən "İran" və "Qafqaz xalçası" adıyla təqdim olunur. "Qafqaz xalçası" adıyla təqdim edilən xalçaların əksəriyyəti Azərbaycan xalçalarıdır, biz türklərindir. Erməninin Lətif Kərimov kimi xalçaçı rəssamı yoxdur. Xalçaçılıq başdan-ayağa fəlsəfədir: erməni xalçaçılıqda bircə ornament göstərsin ki, bu, məhz onundur. Xalça kodlaşdırılmış sistemdir. Azərbaycan Türk xalçaçılığındakı koloritlərin hamısı özümüzünküdür. Xalçaçılıqda elmi araşdırmaların dərinliyinə getdikcə adam böyük sirlərlə üz-üzə qalır. Hər halda bu sahədə araşdırmalar bundan sonra da davam edəcək, türk xalça sənətinin özünəməxsusluğu, sirləri ilə bağlı yeni-yeni məqamlar meydana çıxacaq. Məncə, bu sahədə bir kordinasiya şurası yaradılmalıdır. Bəlkə də dünyanın müxtəlif ölkələrindəki xalçalarımız haradasa fondlarda saxlanılır, onlar üzə çıxarılmır. Azərbaycan xalçası muğamatımız səviyyəsində mənəvi gerbimizdir. Azərbaycan xalçasına dünyanın marağı gündən-günə artır. Bu sənət bizə ulu əcdadlarımızdan yadigar sənətdir, bu səbəbdən də onu daim göz-bəbəyimiz kimi qorumalıyıq".
Aydın Rəcəbov bildirir: "Lətif Kərimovun, Kamil Əliyevin xalçalarının nümayişi ilə yanaşı daim bu sırada yeni-yeni nümunələr də olmalıdır. Millət daim yaradanda var olur. Dünyanın müxtəlif ölkələrində Azərbaycanın xalça sənətini dəfələrlə təmsil etmişəm. Bir xalçanın araya-əsəyə gəlməsi böyük vaxt aparır. O deməkdir ki, bu gün Azərbaycanda xalçaçılıq məktəbi davam edir. Qədimliyimizdən gələn bütün yaradıcılıq üsullarını inkişaf etdirməliyik. Sabah hər hansı bir millət bunları toxuyub deyə bilər ki, mənimdir. Bu sənətin daşıyıcları ucqar kəndlərdə yaşayırlar, çoxu yaşlıdır. Onların ağlındakı, ürəyindəki sənət yaşadılmalıdır. Cavan xalçaçılarımız xalçaçılığın bütün texnologiyasını bilməlidirər. Müasir xalçaçılıqda savad amili də əsasdır. Hər bir kəs qədimliyimizdən soraq olan bu xalçaları qorumalıdır. Xalça sənəti bizi dünyaya tanıtdırır".
Qədimlərdən bəri xalçadakı çoxçalarlı rəngləri təbiətdən alıblar. A.Rəcəbov yenə də xalça rənglərinin zəngin Azərbaycan təbiətindən alınmasını gərəkli sayır.
Çağdaş Azərbaycan xalçaçılıq sənəti ilə bağlı əməkdar incəsənət xadimi Ziyadxan Əliyevin fikirləri də maraqlıdır. O, son onillərdə çağdaş Azərbaycan xalçaçılığını maraqlı əsərləri ilə zənginləşdirməkdə davam edən Eldar Mikayılzadənin əsərlərinə diqqət çəkir: "Əgər sənətkarın arxada qalan yaradıcılıq yoluna ötəri nəzər salıb yaratdığı bir-birindən ecazkar "Şəbi-hicran-1" (1981), "Nağıllar aləmi" (1983), "Azərbaycanın poeziya və musiqi korifeyləri" (1983-1984), "Xətai" (1990), "Xəmsə" (1991), "İslam" (1992), "Təbriz" (1993), "Bürclər" (1994), "Xilaskar" (1995-1997), "Üç din" (1998), "Səttar" (1999), "Üç peyğəmbər" (2003), "Şəbi-hicran-2" (2006), "Yaranış" (2010) və s. nadir sənət nümunələrini xatırlasaq, onda daim axtarışa meylli olan ustadın ən tələbkar sənət xiridarlarını belə heyrətləndirəcək xalçalar yaratmağa imkan verən yaradıcılıq potensialına malik olduğunu xüsusi vurğulamalıyıq. Onun son vaxtlar ərsəyə gətirdiyi "Yaranış" (2010), eləcə də "Kəhkəşan" və "Səttarın arzusu" (2012) xalçaları da bunun təsdiqidir. Toxunuşu iki il çəkən "Yaranış" xalçasının ölçüsü 150x230 sm-dir. Mövzusuna və bədii həllinə görə xalça sənətində oxşarı olmayan bu sənət nümunəsinin sıxlığı 50x50-dir. Mürəkkəb kompozisiyalı, çoxfiqurlu əsərin süjet xəttini xalçanın yaranması təşkil edir. Özlüyündə çox maraqlı olan bu prosesi ardıcıllıqla izləməklə müəllif ona ilk dəfə xalçaçılığın özündə cəlbedici və yaddaqalan bir bədii görkəm verməyə nail olub. Eldar Mikayılzadənin ilmələrdən hördüyü "Yaranış nağılı" xalçanın aşağı hissəsindən başlanır. Çobanın qoyun otarması, südün sağılması, nehrənin çalınması taleyini kəndə bağlamış azərbaycanlıların gündəlik həyatının tərkib hissəsi olduğundan, görüntüyə gətirilənlər bu səhnəni nə vaxtsa bircə dəfə müşahidə edən hər kəsə çox duyğulandırıcı görünür. Yunun qırxılması, onun çayda yuyulub-qurudulması, ardınca isə çırpılması, daranması və əyrilməsi səhnəsi toxunulacaq yeni xalça üçün xammal hazırlığının növbəti mərhələsi kimi kompozisiyaya daxil edilib. Növbəti süjetdə təbii boyağın hazırlanması və ipin boyadılmasından sonra qurudulmasının təsviri də artıq toxucuların az sonra başlayacaqları maraqlı işin həsrəti ilə yaşadıqlarından xəbər verir. Kələfin və ipəyin açılması səhnəsi ilə xalçaçı-rəssam "yaradıcı qrup"un çətin və duyğulandırıcı prosesə başlamağa hazırlaşdıqlarına işarə edib, toxunulacaq yeni xalça üçün çeşninin artıq ərsəyə gətirildiyini göstərib. Kompozisiyaya keçə və həsirin toxunulmasının daxil edilməsi də məqsədli olub, sonralar zərif naxışları ilə dünyanı heyrətləndirəcək xalçalarının qədim "sələflərini" xatırlatmaq məqsədi daşıyır. Ərişin uzadılması, üfüqi dəzgahda toxunma prosesinin baş tutması, cecimin ərsəyə gətirilməsi, ən nəhayət, xalçanın toxunub tamamlanması və kəsilməsi prosesinin davamını və cəlbedici süjetin sonrakı məqamlarını əyaniləşdirir".
Araşdırmaçı bildirir ki, artıq hazır olan xalçanın yuyulması və qurudulması ilə toxucuların həyəcanlı anları arxada qalsa da, bundan sonra onların baxışlarına fərqli məzmuna bələnmiş "həsrət qonur", desək, bu prosesə xas olan çoxsaylı psixoloji yaşantılardan birini ifadə etmiş olarıq: "Eldar Mikayılzadə buna ilk baxışda təzadlı, ancaq mahiyyətcə nikbinliyə köklənmiş iki motivi kompozisiyaya daxil etməklə nail olub. Belə ki, əgər sağ yuxarı küncdəki süjetdə ulaqla bazara xalça satmağa gedən atasının onu özü ilə aparmadığı üçün ağlayan uşaq, soldakı süjetdə isə atanın uğurlu alış-verişdən sonra dəvə ilə dönüşü, uşaqların oynaması, sevinc içində olmaları təsvir olunub. Xalçaçı-rəssamın səhəri günəşli, axşamı isə aylı təsvir etməsi baş verənlərə zaman konkretliyi vermək baxımından diqqət çəkir. Bu iki təzadlı süjet əslində görülən çoxsaylı işlərin müsbət nəticəsini özündə əyaniləşdirib. Xalçanın mərkəzində bir ailənin görüntüyə gətirilməsi də bu maddi mədəniyyət nümunəsinin birləşdirici qüvvəyə malik olduğunu göstərmək istəyindən irəli gəlib. Onların başı üzərindəki hanada bir neçə toxucunun ilmə-ilmə Azərbaycan xalçaçılığının şah əsərlərindən sayılan "Şeyx Səfi" kompozisiyasını gerçəkləşdirməsi də rəmzi məna daşıyıb, milli-mənəvi dəyərlərimizin zəngin tutumunun dünya miqyaslı olduğunu göstərmək məqsədi daşıyır. Xalçadakı təbiətlə bağlı motivlər, xüsusilə ağacların təsviri heyranedici biçimdədir. Xalçaçı-rəssamın bu motivləri məna-məzmun daşıyıcıları olan obrazlarla əlaqələndirməsi bütünlükdə əsərin çox inandırıcı görkəm almasını şərtləndirib. Bu çoxfiqurlu kompozisiyada Eldar Mikayılzadə özünü Azərbaycan miniatür sənətinin görkəmli nümayəndəsi Sultan Məhəmməd doğma yurdun bənzərsiz tərənnümçüsü dahi Səttar Bəhlulzadə, xalça sənətimizin korifeyi sayılan Lətif Kərimov və heç vaxt öz məsləhətlərini ondan əsirgəməyən sənət bilicisi Cəfər Mücirinin obrazları ilə yanaşı təsvir etməklə, onun sənətkar kimi formalaşmasında əməyi olan bu şəxsiyyətlərin işıqlı xatirəsinə ehtiramını bildirmək istəyib. Xalçanın kəsilməsində iştirak edənlər arasında xalçaçı-rəssam Afətin, təcrübəli toxuculardan Zümrüd və Səfurənin təsvir olunması da müəlliflə uzun illər ərzində əməkdaşlıq edənlərin əməyinin dəyərləndirilməsi kimi qəbul olunur".

Uğur