Qaçırlar ulduzlar qanlı göylərdən... Mədəniyyət

Qaçırlar ulduzlar qanlı göylərdən...

Səhənd: "Öz dilimizdə bizi danışmağa qoymurlar"

XIX əsrin əvvəllərindən etibarən Azərbaycanın Çar Rusiyası tərəfindən işğalı, Vətənin ikiyə bölünməsi sənətkarların yaradıcılığında öz əksini tapırdı. XX əsrin əvvəllərindən etibarən isə daşnak-bolşevik ordu birləşmələrinin törətdiyi soyqırımlar, müsəlman əhaliyə qarşı ifrat dərəcədə ayrı-seçkilik, milli azadlıq hərəkatları, Sərdari-milli Səttarxan hərəkatı, Məmməd Əmin Rəsulzadənin başçılığı ilə Azərbaycan Demokratik Cümhuriyyətinin, Güneydə isə Xiyabaninin rəhbərliyi ilə Azərstan cumhuriyyətinin yaranması, daha sonra hər ikisinin qana boyanması söz sərraflarının bədii irsində müstəsna yer tutdu. ABŞ-ın məhşur yazıçılarından biri deyib: "Həqiqi ədəbiyyatı əzabkeş insanlar yaradır".
Güney Azərbaycanda əsasən 1950-ci ildən etibarən şahlığın süqutuna qədər gedən ədəbi proses də şübhəsiz ki, bilavasitə üsyankar, milli-azadlıq arzusu ilə səciyyələnən, haqsızlığa, zülmə qarşı mübarizə aparan bədii ədəbiyyatla xarakterizə olunur. Bu dövr ərzində Güney Azərbaycanda bir çox şairlər bəzən mətnaltı ifadələrlə, bəzən isə açıq-aşkar səslənən poetik xitablarla, nidalarla qəddar rejimdən qorxmadan xalqı zülmə, haqsızlığa qarşı səfərbər olmağa çağırırdılar. Bədnam pəhləvi rehiminin tüğyan etdiyi, qatı fars millətçiliyinin at oynatdığı, türkçülük, azərbaycançılıq məfkurəsinin dövlət tərəfindən rəsmən qadağan olunduğu bir dövrdə necə deyərlər, boynuna kəfən salıb Azərbaycan türklərinin haqq səsini bütün dünyaya bəyan etmək missiyasını şərəf və ləyaqətlə yerinə yetirən və məhz buna görə də cəmisi 28 yaşındaykən şah cəlladları tərəfindən həbs edilib, ağır işgəncələr veriləndən sonra edam olunan Əlirza Nabdi Oxtay "Tozlu piano" şeirində yazırdı:

Sazaqlı bir səhər parçalayaraq,
Qara səssizliyi tozlu piano.
Qızğın barmaqlardan axacaq o gün,
Səhəndin buzlaşmış ağca gülləri!
Qorxulu bir rəqsə başlayırlar, bax,
Dağların açmamış solan gülləri!
Canlanır dənizlər, qıvrılır çöllər,
Qaçırlar ulduzlar qanlı göylərdən,
Ulduzlar- gecənin bahadırları.

Şübhəsiz, nakam şair bu misralarda mətnaltı ifadələrlə tozlu pianonun rəsmini çəkmək istəməmiş, o susmuş pianonu dilləndirmək və dillənmiş pianonun sədaları altında inqilabi nəğmələrin oxunacağına öz oxucusunu inandırmaq istəmişdi. Odur ki, nə vaxtsa tozlu pianonu dilləndirəcək adamların ünvanını da şair bədii lövhələrlə nişan verir və fəlsəfi tutumu heyrətamiz dərəcədə geniş olan şeirini belə bir sonluqla tamamlayır:

Uşaqlar əlizi mənim qəlbimin
İtiliyi ilə qızdırın gedin.
Yoxsa soyuq əllər nə edə bilər?
Sazaq dan yerində bizi gözləyir,
Soyuq əllər ilə aça bilmərik.
Gələcək günlərin qızıl qapısın,
Soyuq əllər ilə çala bilmərik,
Günlərin sazında zəfər mahnısın.

Şahlıq istibdadı əleyhinə baş vermiş tələbə hərəkatına başçılıq etmiş, buna görə həbs olunmuş, işgəncələrə məruz qalmasına baxmayaraq sınmamış, cəlladlara əyilməmiş, öz qururunu, şərəfini daim uca tutmuş, cəlladlara əyilməmiş, öz qururunu, şərəfini daim uca tutmuş, fəqət eynən Oxtay kimi cəmisi 28 il ömür sürmüş Mərziyə Üsgülü (Dalğa) kimsədən qorxub çəkinmədən əsərlərində şah rejiminə, ərbablara, kafir və qaniçən amerikan hərbçilərinə qarşı bədii cəhətdən olduqca yüksək, bitkin əsərlərlə çıxış etmişdi:

Qapıda dayanıb bir çopur əfsər,
Kartlarımıza baxır, icəri qoyur,
Gözləri qızarıb, ağzı kəflənib,
Hirs onba baxanda adamı boğur.
Bir əlində batum, birində bisim,
Bir ucdan bağırır, döyür, savaşır.
Həmqatarları da durublar orda,
Hamısına gözətçilik yaraşır...

1950-1980-ci illər Güney Azərbaycan ədəbiyyatı ictimai-siyasi hadisələr fonunda yaranıb və şübhəsiz ki, İranın həyatında baş verən hadisələrdən deyil, başqa ölkələrdə də gedən prosesdən təsirlənib. Eyni zamanda küll halında götürülən çoxəsrlik Azərbaycan klassik ədəbiyyatının, xalq yaradıcılığının və aşıq poeziyasının ölməz ənənələri əsasında inkişaf edib.
Yuxarıda qeyd olunduğu kimi XX əsrin ortalarında İranda bədnam pəhləvi rejiminin tüğyan etdiyi, eyni zamanda fars şovinizminin zəhər püskürdüyü, türkçülük, azərbaycançılıq məfkurəsinin dövlət tərəfindən rəsmən qadağan olduğu məqamda ictimai fikir meydanında azərbaycanlı şairlər Azərbaycan türklərinin haqq səsini dünyaya bəyan etmək missiyasını şərəflə və ləyaqətlə yerinə yetirirdilər.
Bu dövrdə Azərbaycan şeirinin tarixində tək Güney Azərbaycanda deyil, elə Quzey Azərbaycanda da bir dönüş yaranmışdı. Quzey Azərbaycan 30-50-ci illərdə tüğyan etmiş repressiya sənətə, mədəniyyətə, milli dəyərlərə dəhşətli bir divan idi. Məhz bu illərdə Azərbaycan ədəbiyyatı özünün bir çox görkəmli simalarını - H.Cavid, Y.V.Çəmənzəminli, Ə.Cavad, M.Müşfiq, S.Hüseyn şəxsiyyətlərini, Ə.Nazim, M.Quliyev, V.Xuluflu, S.Mümtaz, M.K.Ələkbərli kimi ədəbiyyat xadimlərini itirdi və bu cür hadisələr istər-istəməz ədəbiyyatda, yaradıcılıq mühitində bir vahimə yaratdı ki, bütün bu kimi hallar ədəbiyyatı, onun yaradıcılıq azadlığını, sərbəst və müstəqil düşüncə imkanlarını əzib tökürdü. Quzey Azərbaycanda totalitar rejimin iti qılıncı altında demək olar ki, düşündüklərinin əksinə yaranan ədəbiyyat, Stalinin ölümü və Mircəfər Bağırovun həbsindən sonra rejimin onu saldığı dar çərçivədən çıxaraq nisbətən azad, sərbəst şəklə düşmüş, yazıçılar, şairlər istedadlarını göstərməyə, hətta hər yerə alov püskürən qara əjdaha kimi iyirmi ildən yuxarı hər tərəfi yandırıb-yaxan repressiya dövrünün gətirdiyi bəlaları ürək ağrısı ilə qələmə almağa başlamışdılar.
50-ci illərin sonu, 60-cı illərin əvvəllərində Güney Azərbaycanda sosial-siyasi və iqtisadi böhran ölkənin başqa bölgələrinə nisbətən daha çox dərinləşmiş və kəskinləşmişdi. İranın hakim dairələrinin yaranmış vəziyyətlə bağlı xalqın artan narazılığının qarşısını almaq üçün istifadə etdikləri terror və güc tətbiqi gözlənilən nəticəni vermədi, buna görə də yenə həmişəki kimi olduqca riyakar bir üsula əl atıldı və əsrlər boyu huququ tapdalanmış azərbaycanlalılara qarşı yenə haqsız qərarlar qəbul edildi. Onsuz da çörəyi daşdan çıxan azərbaycanlılara məxsus olan torpaqlar əllərindən alınıb icarədarlar arasında bölüşdürüldü. Azərbaycanlı ailələrinin vəziyyəti əvvəlkindən də qat-qat ağır vəziyyətə düşdü. Şübhəsiz, istər Təbriz, istər Ərdəbil ədəbi mühiti, istərsə də azərbaycanlıların yaşadığı başqa ərazilərdə həyat sürən sənətkarlar bütün bunlara biganə qala bilməzdi. Əli qələm tutan hər bir vətənpərvər kəs həm şah rejiminin azərbaycanlılara qarşı törətdiyi bu haqsızlığa, həm də ümumiyyətlə, o dövrdə İranda baş vermiş sosial-iqtisadi, eyni zamanda siyasi hadisələrə öz imkanları daxilində, bəzən açıq-aşkar, bəzən sözaltı mənalarla münasibətlərini bildirdilər.
Güney Azərbaycan şeiri də bilavasitə ümumi Azərbaycan xalqının həyatı ilə bağlı olduğu üçün bu dövr, Quzey Azərbaycanda da baş verən siyasi-ictimai hadisələr, eyni zamanda tünd sirkə kimi nəhayət özü öz qabını çatlatmış repressiya dövrünün sona yetməsi ilə əlaqədar Quzey Azərbaycan sənətkarlarının birdən-birə dar çərçivədən çıxaraq öz parlaq istedadlarının işığında möhtəşəm əsərlər yaratmağa başlaması, Güney Azərbaycan şairlərinin də təfəkkür tərzində bir dönüş yaratmış, onlar Cənubi Azərbaycan ədəbiyyatında bir növ inqilab edərək, daha mənalı, daha məntiqli, daha əhatəli əsərlər yaratmağa başlamışdılar. Bu əsərlərin əsas mahiyyəti, qayəsi isə artqı əsrlərdir İranda daim təqiblərə məruz qalan, eyni zamanda bütün hüquqları əlindən alınan Azərbaycan xalqının hüquqlarını müdafiə etmək, onu istiqbala yetişdirmək, eyni zamanda bütün şimaldakı sənətkarlar kimi iki yerə parçalanmış Azərbaycanın birləşərək vahid bir məmləkətə çevrirmək arzusu idi. Xalqın ruhunu, arzularını əks etdirən vətənpərvər şairlər Azərbaycan ədəbiyyatının bütün tarixi boyu dilimizi, milli dəyərlərimizi, milli mədəniyyətimizi müdafiə və əks etdirən bədii cəhətdən olduqca zəngin, təsirli və dolğun əsərlər yaradırdılar. Şəhriyarın "Heydərbabaya salam" poeması 1954-cü ildə çap olunduqdan sonra tək azərbaycanlılar deyil, İranda yaşayan bütün xalqlar bu əsərin hər bir sətrini şəfaverici bir bulağın suyu kimi içməyə, bu misilsiz sənət əsəri onların sanki bütün ağrı-acısını, əzab-əziyyətini, qəm-kədərini unutdurmağa başladı, xalq bu sənət məbədindən, sənət abidəsindən təkcə poeziya nümunəsi kimi mənəvi zövq almadı, mədəniyyətinin zənginliyindən xəbər tutdu, kimliyini, tarxini, adət-ənənənəsini daha dərindən öyrəndi və bütün bunlar onun şüuruna, zəkasına olduqca müsbət təsir göstərərək, onun ruhi cəhətdən yüksəlməsinə bir vəsilə oldu.
Müdriklər buyurmuşlar: "Xalının altını süpürmək lazımdır, ətrafdakı zibilləri xalının altına süpürmək isə eybəcərlikdir".
Şəhriyar və onun kimi haqqı, ədaləti, həqiqəti yaradıcılıq şüarı eləyən bir sıra sənətkarlar yalnız və yalnız həqiqəti söyləyirdilər.
Şah rejiminə, eyni zamanda fars şovinizminə yaradıcılığa başladığı andan etibarən öz kəskin etirazını bildirən, doğma dil, azadlıq uğrunda mübarizə aparan və bu səbəblərdən də qəddar şah rejiminin həbsxanalarına atılan Bulud Qaraçorlu Səhənd özünün şah əsərlərindən biri olan "Araz" poemasını 1952-ci ildə noyabr-dekabr aylarında həbsxanada qələmə almışdı.
Əsərin başlıca qayəsi, xalqı onun özünə tanıtmaq və bəşər övladının xoşbəxtlik idealı olan azad dünyaya vurğunluqdur. Poema janrının ən yaxşı nümunələrindən olan "Araz" poema¬sında Səhənd maddi və mənəvi həyatın məngənəsində mərhumiyyətlərə düçar olan xalqın qiyamətə qədər sağalmaz ağrı-acısını olduqca bədii boyalarla, poetik lövhələrlə, eyni zamanda böyük sənətkarlıqla öz oxucusuna çatdırır:

Arazı ayırdılar,
Qum ilə doyurdular,
Mən səndən ayrılmazdım,
Zülmünən ayırdılar.

Sənətkarlıq sirrlərini dərindən mənimsəmiş mahir söz ustası olan Səhənd konkret söz mətnlər üçün zəruri olan frazeoloji dil materialları üzərində novatorcasına üslubi əməliyyat aparmağa qadir bir sənətkar idi. Məlum məsələdir ki, ancaq sənət və sənətkarlıq təcrübəsinə malik yaradıcı şəxslər frazeoloji şeirin poetik atmosferinə daxil ola bilər:

Dünyada bundan ağır
Milli əsarət də var?
Öz dilimizdə bizi,
Danışmağa qoymurlar..

Şair bu parçada qəddar şah rejiminin, eyni zamanda fars şovinizminin zülmündən şikayətlənməklə yanaşı bütün əsərlərində olduğu kimi xalq dilinin tükənməz üslub və çalarları ilə şeiri rövnəqləndirir.

Vüqar Əhməd,
professor