“Üç ölkə arasında əsl strateji tərəfdaşlıq əlaqələri mövcuddur” Gündəm

“Üç ölkə arasında əsl strateji tərəfdaşlıq əlaqələri mövcuddur”

“Həqiqətən də Laçında tarixi bir hadisə baş verdi. Azərbaycan, Türkiyə və Pakistan liderlərinin sayca ikinci Zirvə görüşü baş tutdu. Bundan öncə bu Zirvə görüşü Astanada keçirilmişdi. Bu, ondan xəbər verir ki, üç ölkə arasında əsl strateji tərəfdaşlıq əlaqələri mövcuddur və bu əlaqələr artıq institusional bir formatda fəaliyyət göstərməkdədir”.

Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu söyləyib.

Politoloq vurğulayıb ki, Azərbaycan, Türkiyə, Pakistan münasibətləri dünyanın digər ölkələri arasındakı münasibətlərdən köklü şəkildə fərqlənir: “Bu münasibətlər səmimi dostluq, qardaşlıq elementlərinə söykənir və Azərbaycan, Türkiyə, Pakistan arasında tarixi, mədəni əlaqələr mövcuddur. Bunu liderlər də qeyd etdilər. Azərbaycan Prezidenti cənab İlham Əliyev Zirvə görüşünün əhəmiyyətinə diqqət çəkdi və qeyd etdi ki, ölkələr arasında çox sıx müxtəlif istiqamətli əməkdaşlıq mövcuddur. Prezident təhlükəsizlik, hərbi, texniki sahələrdə əməkdaşlığı xüsusi qeyd etdi. Bildirdi ki, ölkələr birgə hərbi təlimlər keçirirlər. Bu da böyük bir coğrafiyada təhlükəsizliyin təmin olunmasında üç ölkənin əməkdaşlığının roluna diqqəti cəlb etmiş oldu. Bir sözlə, hesab edirəm ki, Azərbaycan, Türkiyə, Pakistan liderlərinin Zirvə görüşü bir daha nümayiş etdirdi ki, sözün əsl mənasında yeni bir strateji tərəfdaşlıq bloku formalaşmaqdadır. Düşünürəm ki, bu blokun gələcəyi ilə bağlı keçirilən görüş çox müsbət təsəvvürlər formalaşdırdı”.

Röya İsrafilova