
Azərbaycan Ordusu – sülhün və təhlükəsizliyin qarantı
25 İyun 23:59
Bu gün Azərbaycan Silahlı Qüvvələr Günüdür
Hərb tariximizin şərəfli səhifəsi olan 26 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Müsəlman Korpusunun adının dəyişdirilməsi və Əlahiddə Azərbaycan Korpusu kimi adlandırılması milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım oldu. Lakin 1920-ci il 28 aprelində Sovet imperiyasının təcavüzü nəticəsində Xalq Cümhuriyyəti süqut etdi. Bundan sonra ölkəmizdə ordu quruculuğu prosesi dayandı. Yalnız Milli Ordu quruculuğunda əsaslı dönüş Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Bundan sonra Ulu Öndər Heydər Əliyevin fədakarlığı sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün olub.
Dövlət müstəqilliyi bərpa edildikdən sonra 1993-cü ilin yayında ölkədə yaranmış hakimiyyətsizliyi bərpa etmək üçün Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə gətirildi. Xalqın səsinə səs verən Ulu öndər Heydər Əliyev növbəti dəfə siyasi hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı.
Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Ordu quruculuğu dövlətin prioritet məsələsi kimi daim ölkə Prezidenti cənab İlham Əliyevin nəzarətində saxlanılıb. Otuz ilə yaxın bir müddətdə Azərbaycanın ərazi bütövlüyünün pozulması və Ermənistanın işğalçı siyasətinin dünyada tanıdılması istiqamətində uğurlu diplomatik iş aparan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı.
Mövzu ilə bağlı qəzetimizə danışan Əfqanıstan və Qarabağ mühabələrinin veteranı, Azərbaycan Respublikası Beynəlmiləlçi Döyüşçülər Fondunun prezidenti Sərraf Orucov deyib ki, 2020-ci il 8 noyabr böyük tarixi qələbəylə hərb tariximizə qızıl həriflərlə yazılıb. Artıq tarixə qovuşan Vətən müharibəsi Azərbaycan xalqı üçün istər siyasi, istər diplomatik, istərsə də digər sahələr üzrə uğurlarla yadda qaldı:
“Azərbaycan Prezident və Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin “Qarabağ Azərbaycandır!” şüarı ilə başladığımız ümumxalq savaşında igidlərimiz, Müzəffər ordumuzun, qəhrəman oğullarımızın göstərdikləri igidlikləri, sücaətləri dillər dastanı olacaq. Bu, Azərbaycan Ordusunun gücünü, qüdrətini, döyüş əzmini, qələbə ruhunu təsdiqlədi. Vətən müharibəsi Azərbaycan Ordusu ilə xalqın birliyinin qələbəsi kimi tarixləşdi. Bu qəhrəmanlar və həmin həlledici günlərdə ayağa qalxaraq ordusu ilə birgə olduğunu göstərən, cəbhəyə axışan xalqımız dünyaya göstərdi ki, biz torpaqlarımızı düşmən işğalından azad etməyə qadirik. Bu gün xalqımız xususilə də gənclərimiz vətən müharibəsinin şəhidləri və qəhramanları ilə qürur duyur. Bu gün hər birimizin qəlbi yüksək iftixar hissi ilə doludur. Çünki Vətən müharibəsi döyüşlərində Azərbaycan əsgəri nəyə qadir olduğunu bir daha sübut etdi. Böyük iftixar hissi ilə bildirirəm ki, 31 ilin həsrətini 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvələrinin Müzəffər Ali Baş Komandanı Cənab İlham Əliyevin qətiyətli rəhbərliyi ilə və şəhidlərimizin qəhrəmanlığı, qanları bahasına işğal olunmuş torpağlarını ermənilərdən qeyri-şərtsiz azad edilərək, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu gün xalq ordusuna inanır, ona güvənir, ordu da xalqa arxalanır.
Ekspert Əkrəm Bəydəmirli iusə deyib ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyə nail olmaqla, 114 min kv. km ərazini dünyaya tanıtmaqla müasir dövlətçiliyimizin əsasını qoyub. Bəlkə də həmin AXC qurulmasaydı Azərbaycan sonrakı dövrlərdə Rusiyanın hansısa muxtar vilayəti kimi qala bilərdi. Və o böyük şəxsiyyətlər həmin ağır dönəmdə dərhal ordu quruculuğuna start verdilər. Dünyada baş verən son müharibələr, davam edən geosiyasi və geoiqtisadi proseslər göstərir ki, gücsüz oldun müstəqiliyin təhlükə altına düşür. Xüsusilə qeyri sabit bölgə olan Cənubi Qafqazda sabitlik yaratmaq, davamlı təhlükəsizliyi qoruyub saxlamaq üçün peşəkar ordu çox zəruridir: “Düşünürəm ki, Azərbaycan bu missiyanı çox uğurla yerinə yetirdi. Modern ordu quruculuğu, qardaş Türkiyə ilə bigə hərbi təlimlərin davamlı həyata keçirilməsi, ən yeni silahların alınıb ölkəmizə gətirilməsi, bütün hərbi hissələrdə təchizat sisteminin lazımı şəkildə təmin edilməsi hədəflər sırasında olub. Ordumuzun keçdiyi döyüş yolunun zirvəsində möhtəşəm Qarabağ Zəfəri dayanır. Azərbaycanın milli maraqlarına hesablanmış düzgün siyasət, dünyada və regionda gedən proseslərin çox ustalıqla nəzərə alınması və digər məqamlar tarixi qələbəmizi şərtləndirən amillərdir. Gerçəkdən, Şuşanın azad olunması ilə Azərbaycan müasir hərb tarixində çox mühüm yeniliklərə imza atdı. Bütün bunlar çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır. Ordumuzun şərəfli döyüş yolu gələcək nəsillər üçün örnəkdir. Biz də millət olaraq, həm hərb tariximizi, həm də bu qədər üzləşdiyimiz fəlakətlərin səbəbini, mahiyyətini öyrənməliyik. Nəhayət, sonda onu da qeyd edim ki, güclü olmaq yalnız çoxlu puldan, modern silahlardan, texnoloji inkişafdan və s. ibarət deyil. Bu, həm də əhalinin həyat səviyyəsindən, vətəndaş məmnunluğundan və digər məqamlardan asılıdır”.
Milli Məclisin deputatı Mahir Süleymanlı deyib ki, şanlı tariximizin mühüm səhifələrindən birini təşkil edən bu əlamətdar gün Milli Ordumuzun gücünü, qətiyyətini və milli ruhunu təcəssüm etdirir: “1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etsə də, qarşıda duran problemlər arasında ən mühüm məsələlərdən biri güclü, peşəkar və nizami ordunun olmaması idi. Ermənilərin hərbi təcavüzü nəticəsində torpaqlarımızın bir hissəsi işğal olunmuş, ölkənin ərazi bütövlüyü pozulmuşdu. Bu faktorlar müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın müdafiə qabiliyyətini zəiflətmişdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev bu sahədə əsaslı dönüş yaratdı. Ümummilli Lider sabitliyi təmin etməklə yanaşı, ordu quruculuğunu da milli təhlükəsizlik siyasətinin prioritet istiqamətinə çevirdi.
Dahi Lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı ilə 26 iyun tarixi rəsmi şəkildə Silahlı Qüvvələr Günü kimi təsis edilib. Bu addım sadəcə tarixi hadisənin qeyd olunması deyil, həm də dövlətin öz ordusuna olan etimadı və hərb sahəsinin milli ideologiyada önəminin ifadəsi idi. Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri mühüm güc mərkəzinə çevrildi. Onun reallaşdırdığı hərbi islahatlar nəticəsində ordu texniki və taktiki baxımdan ciddi şəkildə yeniləndi. Kadr islahatları nəticəsində ordu daxilində peşəkarlıq səviyyəsi yüksəldi”.
O, qeyd edib ki, Prezident İlham Əliyevin göstərdiyi ali diqqət və ardıcıl islahatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddət ərzində regionun ən qüdrətli ordusuna çevrilib. Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” analitik mərkəzinin illik hesabatında Azərbaycan Ordusu Cənubi Qafqazda birinci yerə çıxaraq, dünyada 50 ən güclü ordu sırasına daxil edilib. Bu reytinq ölkəmizin hərbi potensialının beynəlxalq səviyyədə tanınmasının bariz göstəricisidir: “Bütün bunlarla yanaşı, ölkəmizdə hərbi sənaye kompleksinin yaradılması da Prezident İlham Əliyevin strateji baxışının mühüm nəticələrindən biridir. Hazırda Azərbaycanda mindən artıq adda hərbi təyinatlı məhsul istehsal olunur. Bu məhsullar dünyanın aparıcı beynəlxalq sərgilərində nümayiş etdirilərək ölkəmizin hərbi sənaye imkanlarını dünya ictimaiyyətinə təqdim edir. Bu imkanlar sayəsində Azərbaycan Ordusu özünü zəruri silah, sursat və hərbi texnika ilə təmin etmək gücündədir ki, bu da ordunun döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artırır.
2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun illər boyu keçdiyi inkişaf yolunun real nəticəsi oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz torpaqlarımızı azad etdi. 5 şəhər, 4 qəsəbə və 300-dən çox kəndin döyüş meydanında azad olunması, Şuşanın strateji əməliyyatla geri qaytarılması, Ermənistanın kapitulyasiya etməsi ölkəmizin tarixinə parlaq Zəfər kimi yazıldı. Azərbaycan xalqı bu müharibədə xalq-ordu birliyinin gücünü bütün dünyaya nümayiş etdirdi.
2023-cü ilin sentyabrında Qarabağda keçirilmiş lokal xarakterli antiterror tədbirləri Azərbaycanın suveren hüquqlarının tam bərpasına yönəlmiş mühüm addım oldu. Cəmi 23 saat 43 dəqiqə ərzində Ermənistanın qanunsuz silahlı birləşmələri zərərsizləşdirildi və separatçılıq fəaliyyətlərinə son qoyuldu. Bu əməliyyat Azərbaycanın milli təhlükəsizlik strategiyasının effektivliyini, Silahlı Qüvvələrin çevik və yüksək dəqiqliklə işləyə bilən hərbi sistemə malik olduğunu göstərdi.
Azərbaycan dövləti ordu quruculuğunda gələcəyin tələblərinə cavab verən islahatları həyata keçirir. Komando qüvvələrinin yaradılması, texnologiyaya əsaslanan idarəetmə sistemlərinin tətbiqi, Milli Müdafiə Universitetinin fəaliyyətə başlaması bu strategiyanın əsas elementlərindəndir. Yeni nəsil zabit və əsgərlərin hazırlanması, süni intellektə və hərbi elmin inkişafına yönəlmiş proqramlar Azərbaycanın müasir və çevik ordu modelinə keçidini təmin edir.
Azərbaycan Silahlı Qüvvələri bu gün təkcə ölkənin müdafiəsini təmin edən bir struktur deyil, həm də xalqın milli birliyi, dövlətin siyasi iradəsi və tarixi Zəfərin daşıyıcısıdır. Xalqımız ölkəmizin ərazi bütövlüyü uğrunda vuruşmuş qəhrəman oğulları ilə hər zaman fəxr edir, döyüş ruhunu yaşadır və gələcəyə inamla baxır. Güclü ordu güclü dövlət deməkdir, bu prinsip əsasında Silahlı Qüvvələrimiz daha böyük nailiyyətlərə doğru inamla irəliləyir”.
...Xalqımıza tarixində ən böyük Qələbə hissini yaşadan Azərbaycan Silahlı Qüvvələri bundan sonra da ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün qorunmasına öz töhfəsini verəcək. Ümummilli Liderimiz Heydər Əliyevin də dediyi kimi: “Ordu ölkəmizin, millətimizin, dövlətimizin müstəqilliyinin dayağıdır!”
Cavid