
Azərbaycan Ordusu – sülhün və təhlükəsizliyin qarantı
25 İyun 23:59
İsrail Hərbi Hava Qüvvələrinin İranın nüvə obyektlərinə zərbələri nəticəsində dağıntılar qeydə alınıb. Həmçinin ABŞ də İranın nüvə obyektlərinə zərbələr endirib. Bu proseslər fonunda radiasiya yayılması riski müzakirəyə yol açıb. Lakin ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra İranda radiasiya sızması aşkar edilmədiyi və əhali üçün heç bir təhlükə olmadığı bildirilib.
Ümumiyyətlə hazırda vəziyyəti necə dəyərləndirmək olar? Hansısa təhlükə varmı?
“Xalq Cəbhəsi” bu istiqamətdə müxətəssislərin fikirlərini öyrənib.
Kimyaçı alim, akademik Adil Qəribov İranın nüvə mərkəzlərinin vurulması məsələsinin hazırda gündəmdə olan bir problem olduğunu bildirərək qeyd edib ki, bu obyektlər əsasən bir neçə sinifə bölünüblər: “Birinci növbədə tədqiqat xarakterli, yəni tədqiqat nüvə reaktorudır. Bunların vurulması uzaq məsafəli ətraf mühit üçün bir problem yaratmır. İkinci əsas tərkib hissəsi də dinc məqsədli nüvə zənginləşmə sentrifuqalarıdır. O sentrifuqaların da hamısının içində təbii uranın 235 ilə zənginləşməsi gedir. Onlar alfa-radioaktivdir, elə bir uzaq məsafəyə təsir etmir və onların yarımparçalanma periodu çox böyükdür, milyon illərlə, milyard illərlə ölçülür. Buna görə də onların radioaktivliyi də çox zəif olur”.
“Ətraf mühitdə yayılma ehtimalı çox azdır”
Akademik əlavə edib ki, onların ətraf mühitdə yayılma ehtimalı çox azdır və küləklər də onu çox uzaq məsafələrə apara bilmir: “Maksimum 10 kilometr məsafəyə gedə bilər. Onların ətraf mühitə elə bir təsiri yoxdur. Əslində ətraf mühitə var, amma bizim üçün heç bir ziyanı yoxdur. Onlar bizim sərhədə heç zaman gəlib çıxa bilməz. Oradan bizim sərhədə qədər 600-700 kilometrdir, ona görə gəlmə ehtimalı yoxdur”.
“Onlar ətraf mühit üçün problem yarada bilər”
Alimin sözlərinə görə, Buşehr Atom Elektrik Stansiyası isə Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən qorunan obyektlər siyahısındadır: “Buşehr Atom Elektrik Stansiyası dinc atom proqramı çərçivəsində tikilib, ona görə də ona nəzarəti Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) daimi şəkildə aparır. Nüvə ölkələri arasında da razılaşma var ki, bu cür obyektlərə zərər verilməsin. Əgər bu obyekt zədələnərsə, onda yaxın regionlar üçün böyük təhlükə yarana bilər. Çünki orada küllü miqdarda həm daxildə, həm də anbarda nüvə materialları var. Onlar ətraf mühit üçün problem yarada bilər”.
“Bu qlobal fəlakətə səbəb ola bilməz”
Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitunun Radiobiologiya laboratoriyasınin müdiri, biologiya elmləri doktoru, professor Elimxan Cəfərov bildirib ki, ekoloji problemləri miqyasına görə qlobal, regional və lokal kimi səviyyələrə bölmək mümkündür: “İranın Natana, Fordo, Atak kimi nüvə obyektlərinin vurulması qlobal fəlakətə səbəb ola bilməz. Belə ki, həmin obyektlərdə əsasən Uranın zənginləşdirilməsi, yəni təbii urandan nüvə yanacağının - U-235 izotopunun alınması ilə məşğul olurlar. Bunlarda baş verən qəzalar radionuklidlərin ətraf mühitə sızmasına, yəni lokal çirklənmə zonalarının yaranmasına səbəb ola bilər”.
“Təlaş keçirməyə əsas yoxdur”
Professor diqqətə çatdırıb ki, buna baxmayaraq İranda həm kommersiya, həm də tədqiqat məqsədi ilə işlədilən kiçik güclü nüvə reaktorları mövcuddur: “Bu reaktorların partladılması barədə isə dəqiq məlumat yoxdur. Əgər nüvə reaktorları partladılarsa, onda region dövlətləri, o cümlədən də bizim ölkəmizin ərazisində partlayışın fəsadlarına rast gəlmək olar. Ancaq qeyd edim ki, bizim institutun əməkdaşlarının fasiləsiz olaraq apardıqları monitorinqin nəticələri İranla sərhəd rayonlarımızın ərazilərində radiasiya fonunun təbii fonu aşmadığını göstərir. Bu baxımdan, təlaş keçirməyə elə bir əsas yoxdur”.
“Radiasiyanın yayılması mümkün deyil”
Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun Radioekologiya laboratoriyasının rəhbəri Famil Hümbətov deyib ki, hələki İranın ərazisində vurulan obyektlər uranın zənginləşdirilməsi ilə məşğul olan mərkəzlərin infrastrukturlarıdır və orada reaktor yoxdur: “Orada zəncirvari nüvə reaksiyaları getmir, orada ancaq sentrifuqalardan istifadə etməklə uranın zənginləşdirilməsi həyata keçirilir. Özü də onlar yerin 80-90 metr dərinliyindədir. Əgər vurulan zərbələr nəticəsində həmin qurğular zərər görmüş olsa belə həmin ərazilərdən ətrafa radiasiyanın yayılması mümkün deyil. Ona görə ki, onların üstü torpaqla örtülür”.
“Stiuasiya stabildir”
F.Hümbətov vurğulayıb ki, hazırda biz Radiasiya Problemləri İnstitutunun iki qrupdan ibarət əməkdaşları biri cənub bölgəsində, biri Şərqi Zəngəzur ərazisində radiasiya fonunun qiymətləndirilməsini həyata keçirir bu günə qədər əldə olunmuş nəticələrdə radiasiya fonunun dəyişdiyini təsdiq edən fakt yoxdur: “Yəni Azərbaycanda bu gün radiasiya fonu ilə bağlı heç bir problem yoxdur, stiuasiya stabildir”.
“Bütün nüvə enerjisi istehlakı mərkəzləri heç vaxt, heç kim tərəfdən vurulmayıb”
Radiasiya kimyası üzrə mühəndis texnoloq Xaqani Məmmədov bildirib ki, bütün nüvə enerjisi istehlakı mərkəzləri heç vaxt heç kim tərəfdən vurulmayıb: “İndi də vurulmur. Yalnız hərbi məqsədlər üçün istifadəyə yararlı, tərkibində təbiətdə təsadüf olunan nisbi miqdarından dəfələrlə artıq asan parçalanan izotopu olan, yəni zənginləşdirilmiş uran alınan müəssisələr vurulur”.
“Praktik olaraq mümkün deyil”
X.Məmmədov əlavə edib ki, bu müəssisələrdə bir qayda alaraq nüvə reaktorlarında istifadə olunan böyük miqdarlardan dəfələrlə kiçik miqdarlar sentrifuqalarla və ya digər üsullarla zənginləşdirilir: “Bu cür nisbətən kiçik miqdarlar (İranda qismən zənginləşdirilmiş uranın miqdarının 40 kq olması iddia edilir) və onların böyük dərinliklərdə (Fordoda 90 m dərinlikdə aparıldığı və beton müdafiə örtüyü olması müəyyənləşdirilib) olması hətta dağıdıldığı halda bu obyektlərdən yerüstü ərazilərin, xüsusilə də uzaq məkanların çirklənməsi həddən artıq çox kiçik ehtimala malikdir, yəni praktiki olaraq mümkün deyil”.
Röya İsrafilova