Rusiya qərəzli addımlarına davam edərsə… Gündəm

Rusiya qərəzli addımlarına davam edərsə…

“Rusiyaya məhz bu şəkildə cavab verməliyik”

Rusiya Federasiyasının TASS informasiya agentliyi “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” sərlövhəli xəbər yayması Azərbaycanda hiddətlə qarşılanıb və geniş müzakirə olunub.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bununla bağlı yerli mətbuata bildirib ki, Rusiya Federasiyasının rəsmi dövlət agentliyi olan TASS-da Azərbaycanın Xankəndi şəhərinin Stepanakert adlandırılması ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik və təhqiramiz addım kimi qiymətləndirilir: “Bu qeyri-dost addımla bağlı Rusiya tərəfinə xatırlatmaq istərdik ki, hələ 1923-cü ildə Azərbaycanın əzəli torpaqlarında yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətində Xankəndi şəhərinin adının qanunsuz olaraq dəyişdirilərək Azərbaycan xalqına qarşı daşnak ermənilərlə birgə qırğınlar törətmiş bolşevik Stepan Şaumyanın şərəfinə “Stepanakert” adlandırılması Azərbaycana qarşı həqarət idi”.

A.Hacızadə eləcə də vurğulayıb ki, Rusiya tərəfinə bildirmək istərdik ki, onun rəsmi orqanları tərəfindən Azərbaycan toponimlərinin təhrif olunması və ərazilərimizin keçmiş separatçı qondarma rejim tərəfindən istifadə olunan adlarla qeyd olunması hallarına son qoyulmasını gözləyirik: “Bu kimi hallar təkrarlanarsa, qarşılıqlılıq prinsipindən irəli gələrək Azərbaycan tərəfi Rusiya ərazisində bir çox yaşayış yerlərini öz əzəli adları ilə qeyd edə bilər.

Məsələ ilə Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) də bəyanat verib. Bəyanatda “Elə sərlövhədən də göründüyü kimi, AZƏRTAC-ın uzun onilliklər ərzində daim qoruduğu və yüksək qiymətləndirdiyi mehriban münasibətlər, tərəfdaşlıq və hətta dostluq əlaqələri saxladığı agentliyin rəhbərliyi qəflətən əvvəlki kursunu dəyişib və tarixin zibilxanasına atılmış “Stepanakert” toponimini oradan çıxarıb. Halbuki bu yaxınlaradək agentlik öz xəbərlərində şəhərin rəsmi və tarixi adından – Xankəndidən istifadə edirdi. TASS divarları arasında Azərbaycan xalqına yad və köhnə olan adın dirçəldilməsi cəhdi təəccüb doğurur və haqlı sual yaradır: görəsən, son bir həftə ərzində nə dəyişdi ki, Rusiya dövlət informasiya agentliyi keçmiş sovet dövrünə aid bir toponimi “diriltmək” qərarına gəldi?” deyə bildirilir.

Bəyanatda deyilir: “Əgər Azərbaycan tərəfi qarşılıqlı münasibət və anlayış görməzsə, o zaman böyük təəssüf hissi ilə cavab olaraq Kalininqrad (Köniqsberq), Orenburq (Orınbor), Volqoqrad (Sarısu), Qroznı (Solja-Qala), Novorossiysk (Sudjuk-Kale), Yujno-Saxalinsk (Toyoxara), Yujno-Kurilsk (Furukamappu), Petrozavodsk (Petroskoy), İjevsk (İjkar), Volqa çayı (İtil) və bir sıra digər yerlərin tarixi adlarını yada salıb istifadə etməyə məcbur qalacağıq”.

Məsələ ilə bağlı siyasi şərhçilər “Xalq Cəbhəsi”nə danışıblar.

“Rusiya dövləti rus dövləti deyil”

Siyasi şərhçi Azər Həsrət söyləyib ki, hər şeydən öncə onu xüsusi vurğulamaq lazımdır ki, bu gün Rusiya Federasiyası adlanan dövlətin torpaqları bütünlüklə rus millətinin torpaqları deyil: “Əslində Rusiya dövləti rus dövləti deyil. Sadəcə olaraq hakimiyyət başında bir ovuc rus var və həmin o ruslar bütöv bir ölkəni, 17 milyon kvadrat kilometrlik ərazini işğal altında tuturlar. Baxın, Rusiyanın tərkibindəki respublikaların adlarına: Dağıstan, Çeçenistan, İnquşetiya, Adıgeya, Kabarda-Balkar, Qaraçay-Çərkəz, Tatarıstan, Başqırdıstan, Yakutiya, Altaylar, Xakasiya, Çuvaşiya, bunların hansı ruscadır? Heç biri. Niyə? Çünki həmin torpaqlar rusların deyil, işğal altındadır. Ona görə də mən düşünürəm ki, Azərbaycanda bu istiqamətdə maarifləndirmə işini gücləndirmək lazımdır. İkinci bir tərəfdən də Rusiyanın istilası, istibdadı altındakı xalqların azadlığa qovuşub bizim kimi müstəqil dövlətlər qura bilməsinə yardımçı olmaq lazımdır”.

Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik

Politoloq Turan Rzayev qeyd edib ki, iyulun 31-də Rusiya Federasiyasının TASS informasiya agentliyinin “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” sərlövhəli xəbəri Moskvanın Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə növbəti hörmətsizliyidir: “Aydın məsələdir ki, bu, adi bir redaktə səhvi deyil. Xüsusilə iki ölkə arasında münasibətlərin soyuq və gərgin olduğu bir vaxtda belə addımı sadəlövlüklə qəbul etmək mümkün deyil”.

“Rəsmi Bakı da eyni bənzər ifadələrlə cavab verə bilər”

Politoloq vurğulayıb ki, TASS-ın istifadə etdiyi “Stepanakert” adı Azərbaycanda heç bir şəhər kimi mövcud deyil: “Eyni zamanda, “Dağlıq Qarabağ” ifadəsi də Azərbaycan ərazisində inzibati vahid kimi tanınmır. Rusiya tərəfi başa düşməlidir ki, bu yanaşma Azərbaycanda da çox yaxşı başa düşülür. Rəsmi Bakı da eyni bənzər ifadələrlə cavab verə bilər. Məsələn, tarixi alman torpağı olan, lakin bu gün Rusiya Federasiyasına aid olan Kalininqradın “Kölsberq”, Kuril adaları kimi tanınan ərazilərin tarixi Yapon torpaqları olaraq “Şimane Adaları” adlandırıla bilər. Əgər Rusiya belə bir yanaşmanı davam etdirirsə, Azərbaycan mediası və xəbər agentlikləri rahatlıqla bütün Rusiya ərazisini türk toponimləri ilə adlandıra bilər”.

“Bu, Azərbaycan-Rusiya münasibətlərində mövcud gərginliyi artırır”

T.Rzayevin sözlərinə görə, TASS-ın bu addımı informasiya müharibəsinin tərkib hissəsidir: “Azərbaycan isə beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq öz haqqını müdafiə edir və müdafiə etməyə davam edəcək. Bu kontekstdə, Azərtac və Azərbaycan Xarici İşlər Nazirliyinin müvafiq bəyanatları, rəsmi mövqeləri və açıqlamaları yerində və doğrudur. Bununla yanaşı, qeyd etmək lazımdır ki, bu cür addımlar Rusiyanın regiondakı mövqeyini daha da qabarıq şəkildə göstərir. Bu isə Azərbaycan-Rusiya münasibətlərində mövcud gərginliyi artırır”.

“Bu, növbəti təxribatdır”

Crossmedia.az Analitik İnformasiya Portalının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü xəbərdə "Stepanakert" sözünün istifadə edilməsinin Rusiyanın və onun müəyyən siyasi, ictimai, media, hərbi dairələrinin növbəti təxribatı olduğunu vurğulayıb: “Bu, qəbul edilən bir məsələ deyil. Çünki Azərbaycan ərazisində nə Stepanakert var, nə Dağlıq Qarabağ deyə bir inzibati ərazi vahidi var. Azərbaycan Respublikasının ərazisi olaraq Qarabağ iqtisadi rayonu və Xankəndi şəhəri var. Rusiyanın, TASS-ın bunu bilməsi və düzəliş etməsi lazımdır. Əks təqdirdə, mən AZƏRTAC-ın yaydığı bəyanata qatılıram. Orada qeyd olunan kimi Rusiyadakı bir sıra şəhərlərin qədim adlarını əsl adları ilə AZƏRTAC-ın və Azərbaycanın digər informasiya qurumlarının o şəkildə səsləndirməsi ideyası müsbətdir və düşünürəm ki, biz də Rusiyaya məhz bu şəkildə cavab verməliyik”.

Röya İsrafilova