İrandan şok iddia: Sidney hücumunu İsrail həyata keçirib Gündəm

İrandan şok iddia: Sidney hücumunu İsrail həyata keçirib

İranın Baş Qərargah rəisi Əbdürrəhim Musəvi 14 dekabrda Avstraliyanın Sidney şəhərində törədilən silahlı hücumun arxasında İsrailin olduğunu iddia edib.

Xalqcebhesi.az xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, Musəvi dünən İnqilab Keşikçiləri Korpusunun zabitləri üçün keçirilən məzuniyyət mərasimində çıxış edib.

Sidneydə yəhudilərin hədəfə alınmasının İsrailin antisemitizm imici yaratmaq üçün həyata keçirdiyi bir qavrayış əməliyyatı olduğunu iddia edən Musəvi deyib:
"Bir neçə gün əvvəl gördüyünüz kimi, sionist rejim özünü ayağından vurub. Bu terror hücumu tərs immiqrasiyanın qarşısını almaq, daxili iğtişaşlardan qurtulmaq və antisemitizm imici yaratmaq üçün həyata keçirilib."

İran Baş Qərargah rəisi iddia edib ki, "İsrail əvvəllər də qurban rolunu oynamaq üçün oxşar hücumlar həyata keçirib".

Avstraliyanın Yeni Cənubi Uels əyalətinin (NSW) Sidney şəhərindəki çimərlikdə baş verən silahlı hücum nəticəsində 15 nəfər həlak olub, 2-si polis olmaqla 38 nəfər yaralanıb. Ölənlərdən birinin hücumu törədənlər arasında olduğu və yaralı şübhəlinin saxlanıldığı bildirilib. Avstraliya Baş naziri Entoni Albanese mətbuat konfransında yəhudi avstraliyalılara qarşı yönəldiyini iddia etdiyi hücumu terror aktı kimi qiymətləndirdi və yəhudi icması ilə həmrəyliyini bildirdi. İsrail kəşfiyyat mənbələri Sidney hücumuna görə İranı günahlandıraraq, İran, Hizbullah və Həmasın son aylarda xaricdəki yəhudilərə qarşı hücumlar hazırladığını iddia edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi sosial media hesabında hücumu qınayaraq bildirib: "Terrorizm və insanların harada törədilməsindən asılı olmayaraq, qətlə yetirilməsi rədd edilir və pislənir".

Məryəm Quliyeva